Ramil ZİYADOV - “VELOSİPEDLƏ DÜNYANI GƏZƏN ADAM”

      Share

      15 fevral 1978-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində ziyalı ailəsində anadan olub. Yeddi ildir velosipedi ilə dünya üzündə səyahət edir.

      İrfan: Ramil bəy, illərdir Azərbaycan bayrağını da yanınızda götürüb Çindən ta Cənubi Amerikaya kimi dünyanın dörd bir yanını gəzirsiniz. Necə olub səyahət eşqinə, gəzib-dolaşmaq qərarına gəlmisiniz?

      Ramil Z: İnsanda ilk məktəb illərindən etibarən müəyyən şüur formalaşır, anlayış yaranır. Səhv etmirəmsə, ikinci sinifdə, yaxud üçüncü sinifdə anam mənə xəritə almışdı. Xəritəyə baxdım, elə bil xəritə açıldı, mən girdim xəritənin içinə. Başladım xəritənin içində səyahət etməyə. Xəritənin vurğunu oldum və öz-özümə fantaziyalar qurmağa başladım. Xəritənin arxasında bəzi səyyahların adları var idi; Fernan Magellan, Xristofor Kolumb, Marko Polo... Elə uşaqlıqdan bu sahəyə güclü maraq oyandı. O vaxt sovet dövrü idi. Həftədə bir dəfə rus televiziyasında “Vokruq sveta” (Dünya ətrafında) verilişi olurdu. İndiki kimi internet yox idi. Hər həftə səbirsizliklə onu gözləyir, həvəslə izləyirdim. Dünyanın müxtəlif yerləri haqda məlumat verirdi.

      – İndi haradasınız?

      - Hal-hazırda səfərimizin bir parçası olaraq Ukraynadayam.  Deməli, mən 2013-cü ildə Azərbaycandan çıxaraq beş ölkəni keçdim və Çin səddinə, sonra da Pekinə getdim. Altı ay çəkdi bu səfər, 15 000 km. Getdiyim yerlərdə həm mətbuatda, həm də universitetlərdə təşkil olunan seminarlarda Azərbaycan haqqında insanları məlumatlandırmağa çalışıram. Gənc ölkə olmağımız baxımından tanımayan bir çox insanla qarşılaşıram və bu ölkənin bir vətəndaşı olaraq belə bir fəaliyyətə səbəb olmağımla qürur duyuram. Nail olduğum bir çox ilklər var ki, bunların hamısı mənə stimul verir.

      - İlklər dediniz, bir neçəsini misal verə bilərsiniz?

      - Şimal qütb cizgisini velosipedlə keçən ilk azərbaycanlıyam, Maqadana gedib çıxan ilk azərbaycanlı səyyaham, Cənubi Amerikanın ən yüksək yol keçidini keçən ilk azərbaycanlıyam... Müasir dövrün səyahət tarixində bir çox ilkləri həyata keçirdiyimi düşünürəm. Ölkə inkişaf edərkən hərtərəfli inkişaf edir. Hər ölkənin arxeoloqları, alimləri və s. olduğu kimi səyahətçisi də olmalıdır. Sovetlərdən sonra müstəqilliyimizi əldə etdiyimizi nəzərə alsaq, biz gənc dövlətik. Bütün sahələrdə inkişafa ehtiyacımız var. 20 Yanvar şəhidlərini yad etdik, keçən ay. Bu gün biz onların bizə verdiyi stimul ilə yaşayırıq. O insanlar bizim üçün bir yol açdılar. Biz həmin o xalqıq, eyni insanlarıq. 20 Yanvarı keçən ataların, babaların övladlarıyıq. Gəzdikcə görürəm ki, bizim sahib olduğumuz ədəbi irs, tarix, mədəniyyət dünyanın əksər yerlərində yoxdur.

      - Yəni eyni zamanda Azərbaycanın mənəvi dəyərlərini aşılamış olursunuz.

      - Əlbəttə, bir növ məlumat mübadiləsi aparırıq. Mən bildiklərimi onlara danışıram və onlar haqqında da bir çox məlumatlar əldə edirəm. Səyahətin bir mənası da budur. Yoxsa eləcə gedib boş-boş gəzmək deyil. İnsanlara bilgi vermək və əldə etdiyin bilgiləri də bölüşmək, paylaşmaq. Yollarda qarşılaşdığın insanlara hardan gəlib hara getdiyini izah etməlisən. İnsanların ilk sualı bu olur: “Hardansan?”. Əgər Azərbaycanı tanımırsa, başlayırsan danışmağa, bayrağını tanıdırsan, tarixini tanıdırsan... Çinə səfərimdən sonra 2014-cü ilin 10 yanvarında “Azərbaycan naminə” devizi altında ikinci səyahətimə çıxdım, iki illik dünya səyahəti idi. Asiya, Avropa, Cənubi Amerika... 45 min kilometr.

      - Səfərə tək çıxırsınız, yoxsa yol yoldaşınız olur?

      - Mən yola tək çıxıram. Qarşıma qoyduğum hədəflər üçün daha rahat, müstəqil hərəkət etməyə üstünlük verirəm. Məsələn, dünyanın ən çətin yollarından, ən hündür yol keçidlərindən keçirəm. Qonşu Gürcüstanda bir dağ keçidi var idi, 3000 m hündürlükdə yerləşir. Bura Avropanın ən qorxulu yollarından biri sayılır. Ora qalxdım, qayıdanbaşı ölüm təhlükəsi ilə üz-üzə qaldım. Otuz saniyə içində orada həyat gerçəyini yaşadım. Mənim üçün yeni bir fəlsəfi pəncərə açdı bu hadisə. İnsan gileylənir ki, həyatım pisdir, vəziyyətim yaxşı deyil. Halbuki yaşayır. Hadisə belə olmuşdu; deməli, oradan aşağı düşərkən, yəni geri qayıdarkən velosipedimin əyləci xarab oldu. Hər tərəf qayalıqdır. Dayanmasam, yuvarlanıb öləcəyəm. Tək yol özümü qayaya çırpmaqdır. Bilirəm ki, qayaya çırpılanda qolum-qabırğam qırıla bilər, amma başqa yol qalmayıb. Bir anlıq sanki zaman durdu, otuz saniyə içində uşaqlığım gözümün qabağından keçdi. Özümə sual verdim: mən kiməm, nə edirəm, nə üçün buradayam? O otuz saniyə içində nələr düşündüm, nələr... Onu başa düşdüm ki, şərtlər nə olursa olsun, insan ölmək istəmir, yaşamaq istəyir. Yaşayacağım bütün acılarla razılaşdım, sağ qalmaq üçün özümü qayaya çırpdım. Bəzən insan maddiyyatı beynində böyüdərək həyatını zəhərə döndərir. Halbuki həyat özü ən böyük nemətdir, ən böyük varlıqdır.

      - Bir az da səyahətin maddi yanından danışaq, nə qazanırsınız, necə qazanırsınız, ehtiyaclarınızı necə təmin edirsiniz?

      - Çox dərin sual verdiniz. Bir səyyah kimi bu layihəni əldə saxlamağa külli miqdarda vəsait tələb olunur. Bir çox ehtiyaclar olur; geyim, texnika, hər biri ayrı-ayrı xərc tələb edir. Bunun üçün kənddəki ərazimi satdım, çox şeyimi satdım. Hal-hazırda da işləyirəm. Mənim aşpazlığım da var. Yeri gələndə stol da silmişəm. Sanki paralel həyat yaşayıram, belə anlarda. Düzdür, çətindir, amma mən artıq bundan zövq alıram. Uğura imza atmaq üçün yeri gələndə nələrdənsə vaz keçmək lazımdır.

      - Yolda bir çox çətinliklərlə, təhlükəli məqamlarla qarşılaşdığınızı deyirsiniz. Bir az da bunlardan danışsaq...

      - Dəfələrlə ölümlə burun-buruna gəldim, çox çətin anlar yaşadım. Maqadana getmək üçün Baykal-Amur magistralı istiqamətində hərəkət edirdim. O ucsuz-bucaqsız tayqa meşələrində yol yoxdur, təkcə istiqamət var. Günlərlə insan üzü görmədən yol getdim. Ara-sıra köhnə yaşayış məntəqələrinə rast gəlirsən. Hətta bir yerdə kiçik Azərbaycan kəndi gördüm. Vaxtilə işçilər üçün salınıb, indi baxımsız haldadır. Nəriman Nərimanov küçəsi var. Heydər Əliyev stansiyası var. Yağış yağır, hər tərəf palçıq, su, yol yoxdu, bəzən üzərək keçdiyim yerlər oldu... Nəhayət, gəlib Maqadan yoluna çıxdım. Həmin vaxt “bəyaz gecələr” olan vaxt idi. Yəni gecə nisbətən işıqlı olur, tam qaranlıq çökmür. Çadırımı qurub dincəlirdim. Bir də ayıldım ki, qəribə bir səs gəlir, nəsə çadırımı iyləyir. Hazırlıqlı idim, yolda görüşdüyüm adamlar ayı haqqında, ondan qorunmaq haqqında çox danışmışdılar. Yanıma səs qumbaraları götürmüşdüm. Çadırdan çıxıb qışqırmağa başladım. Qışqırırdım, amma səsim çıxmırdı, nitqim tutulmuşdu. Bir yandan da səs qumbaralarını atırdım. Ayının qaçıb getdiyini görürdüm, amma özümə gələ bilmirdim. Bir müddət sonra canıma qəribə bir soyuqluq gəldi, məni qorxu təri basdı. Titrəyirdim, bir yandan da dəli gülmək tutmuşdu. Stressdən gülürdüm. Həddən artıq çox qorxmuşdum və belə qəribə bir hala düşmüşdüm.

      Cənubi Amerika səfərimdə Kolumbiyada da çox ağır bir hadisə yaşadım. Yol kənarında yediyim bir pendirdən sonra anidən xəstələndim. Gözüm qaraldı, huşumu itirdim. Bir də ayıldım ki, sistem qoşulub, xəstəxanada yatıram. Dedilər ki, səni yol kənarında iki nəfər tapıb, bura gətirib. Mən Kolumbiyaya getmədən eşitmişdim ki, ora çox təhlükəli yerdir; soyğunçuluq, kasıbçılıq və s. Amma orada “Kasıb ölkənin könlü zəngin insanları”nı gördüm. Orada gördüyüm insanlığı dünyanın başqa bir nöqtəsində görmədim. O insanlar məni həyata qaytardılar, əşyalarımı qaytardılar, qeydimə qaldılar, yediyi loğmanı bölüşməyi öyrətdilər. Mənə həyat dərsi verdilər. Adamın ev-eşiyi başına uçur, amma özü qonaq qəbul etmək üçün əldən-ayaqdan gedir, nəyi varsa, bölüşür. Biz də qonaqpərvərik, amma onlardakı qədərini ilk dəfə idi ki, görürdüm.

      - Heç peşman olduğunuz, vaz keçməyi düşündüyünüz anlar oldumu?

      - Mövlana Cəlaləddin Ruminin gözəl bir sözü var: “Həyat sınıq bardaqdakı suya bənzər, içsən də bitəcək, içməsən də”. Yəni bu həyat əvvəl-axır bitəcək, biz onu mənalı keçirməyə çalışmalıyıq. Qarşıma qoyub gerçəkləşdirdiyim hədəflər mənim həyatıma məna qatır, mənə ayrı bir pəncərə açır. Peruda 5100 m hündürlüyə qalxdım. Zirvəyə bir neçə kilometr qalmış taqətdən düşdüm. Gücüm tükənmişdi, iməkləyirdim, oturub ağladım. Nəticədə insanam, fiziki imkanlarım məhduddur. Elə  yerdir ki, nə maşın keçir, nə də adam. Oturub velosipedimlə danışmağa başladım. Adını “Çöl Rüzgarı” qoymuşam, mənim ən sadiq dostumdur. Onunla tez-tez söhbət edirəm. Dedim, “ay Çöl Rüzgarı, deyəsən, təslim oluruq, daha gücüm çatmır”. Bayrağa baxdım, yadıma Çingiz Müstafayev düşdü, Mübariz düşdü... İçdən-içə ağlayırdım. Ayağa qalxıb qışqırmağa başladım, özümü axtarırdım, içimdəki gücü hərəkətə keçirmək istəyirdim. Nəhayət, bayrağı öpüb-qucaqlayıb yola davam etdim, gedib axşama ora çatdım. “Dövlət Bayrağı Günü” idi həmin gün. Hər il Bayraq gününü önəmli bir nöqtədə qeyd etməyə çalışıram. Axır ki, hədəfimi gerçəkləşdirə bildim. Vətən sevgisi belə anlarda mənə stimul verir.

      - Bir az da növbəti planlarınızdan danışsaq.

      - Böyük bir layihəyə hazırlaşıram. Himalay dağlarına səfər planlayıram. Bir də dünya rekordunu qırmağa çalışacağam. Hazırda üstündə işlədiyim layihə, inşallah, dünyada bənzəri olmayan bir iş olacaq, böyük rezonansla yadda qalacaq. Bunun detallarını hələ açıqlamıram.

      - Son olaraq oxucularımıza tövsiyəniz.

      - Təslim olmamaq, özünə inanmaq və sonuna kimi səy göstərmək. Heç bir iş asan deyil. Amma təslim olmamaq lazımdır. Həyat özü bir savaşdır, hər kəs özünü bu savaşın sərkərdəsi hesab etməlidir. İnanmaq, təslim olmamaq və axıra kimi əzmkar olmaq lazımdır. Təşəkkür edirəm.

       

      • Hits: 133 clicks

      Tecox component by www.teglo.info