Avtostop SƏYYAHLARI - MÜSAHİBƏ

      Share

      Avtostop səyyahları

      Bəzən reportaj almaq üçün kiminsə yanına getməli olursan. Bəzən də reportaj alacağın adam ayağı ilə gəlib səni tapır.

       

      Muhammed Niyazi Çöllü. 1996-cı ildə Türkiyənin Konya şəhərində dünyaya gəlib. Kayseri Erciyes Universitetinin Tibb fakültəsinin 5-ci kurs tələbəsidir. Abdulazizlə uşaqlıqdan dostdur. Ataları da dost olub və onlar təxminən iki yaşlarından etibarən bir-birini tanıyır, dostluq edirlər.

      Abdulaziz Şen. 1996-cı ildə Türkiyənin Konya şəhərində, Səlcuqlu səmtində anadan olub. İstanbul Şehir Universitetinin İşlətmə (Biznes) fakültəsinin məzunudur.

       

      İrfan: Avtostopla səyahətə çıxmısınız. Əvvəla Azərbaycana xoş gəlmisiniz. Necə olub ki, avtostopla gəzmək fikrinə düşmüsünüz?

      Abdulaziz: Əsl səbəb gəzmək istəyidir. Gəzməyin qarşısında ən böyük maneə məsrəflərdir. Avtostop üsulu bizim üçün bir çox xərclərin azalmasına imkan yaradır. Bunu dostlarımızdan eşitmişdik. Niyazinin dostları bu üsulun işə yaradığını dedilər. İnternetdə də görürdük ki, bunu edənlər var. Konyaya gələn avstraliyalı, argentinalı turistlər görmüşdük. Ağlımıza yatdı, qərara gəldik ki, biz də sınayaq.

      - Bu ilk səyahətinizdir, yoxsa daha əvvəl getdiyiniz yerlər də olub?

      Niyazi: Bundan iki il əvvəl İrana getmişdik. İnsan yola çıxanda çox şey öyrənir. Qalmaq yeri ilə bağlı telefon tətbiqatları, xəritələr və s. Bu şəkildə pul vermədən qalmağa yer də tapa biləcəyimizi gördük. Yol xərclərini də avtostopla həll etməyi düşündük. Geriyə bircə məsafənin uzunluğu, tələb olunan vaxt qalırdı. Özümüzü buna hazır hiss etdiyimiz zaman yola çıxdıq. Şərq, yoxsa Qərb deyə düşündük. Könlümüz daha çox Şərqə yaxın olduğu üçün Şərqdən başladıq.

      Abdulaziz: Ümumi olaraq Türkiyədə bir nəfər gəzmək haqqında düşünsə, bir az öz mədəniyyətini, keçmişini bilən biridirsə, ilk ağlına gələcək olan ölkə ya İran olar, ya da Azərbaycan. Və ya ən azından Şərqə üz tutar. Çünki ortaq bir mədəniyyətimiz var. Buna görə də biz ilk olaraq İrandan başladıq. Orada da azərbaycanlılarla qarşılaşdıq, onlar da türkdürlər, heç çətinlik çəkmədik. Sonra Yunanıstan və ya Azərbaycan deyirdik. Universitetdən də tanıdığım bir çox azərbaycanlı dostlarım var. Bura gəlib gedən tanışlarımız var. “Bir millət, iki dövlət” şüarını bilirik. Buna görə də növbəti ölkə olaraq Azərbaycana gəlməyə qərar verdik.

      - Bu səfərinizdə sizin üçün ən çox yaddaqalan hadisə nə oldu?

      Niyazi: Gələrkən ilk əvvəl Gürcüstan ərazisindən keçdik. Oradan Zaqatala avtobusuna mindik. Yolda avtobusdakılarla söhbət edib harada qala biləcəyimizi soruşduq. Zaqatalada mədrəsə kimi bir yer olduğunu dedilər, Bakı İslam Universitetinin yataqxanası var dedilər, məscidin yanında. Gedib Zaqatalada o məscidi tapdıq. Qapıdan girəndə bir nəfər bizə səsləndi ki, kimsiniz, haradan gəlirsiniz? Məscidin qarovulçusu idi. Saat on – on bir olardı. Türkiyədən gəldiyimizi və yatacaq yerimizin olmadığını dedik. Dedik ki, biz əvvəlcə namazımızı qılaq, sonra məsciddə qalmağa icazə varsa, orada yatarıq. O da dedi, hə, siz namazı qılın, baxaq, görək nə edirik. Namazdan sonra xeyli söhbət etdik. Adı Davud idi, Davud Şıxsofiyev. Saat çox gec olduğu üçün Universitet binası bağlı idi. Məscidə də daim nəzarət olunduğunu, orada qalmağa icazə verə bilməyəcəyini dedi. Sonra dedi ki, sizi belə ortada buraxa bilmərəm, evimə aparım. Təkid etdi, bizi maşını ilə evinə apardı. Hətta yolda dayanıb sırf bizim üçün yemək-içmək, çörək aldı. Dedi ki, bununla səhər yeməyini yeyərsiniz. Evinə aparıb bizə qalacağımız yeri, hamamı göstərdi, yerimizi rahatladı, sonra işinə qayıtdı. Onun bu fədakarlığı, geniş ürəyi bizim üçün çox gözəl bir xatirə oldu.

      Abdulaziz: Bənzər bir hadisəni də Qəbələdə yaşadıq.  Avtostopla Şəkiyə, oradan da Qəbələyə gəlmişdik. Artıq hava qaralırdı. Qəbələnin çıxışında yenə yolda dayanıb avtostop gözləməyə başladıq. Rəşad Muradxanov adında bir qardaşımız bizə maşın saxladı. Qısaca tanış olduq, avtostopla Bakıya getmək istədiyimizi dedik. Dedi ki, qonağım olun. Yox dedik, biz yola davam etmək istəyirik. Bizə pul təklif etdi ki, yol gedirsiniz, ehtiyacınız olar. Etirazlarımıza baxmadı, yenə də 20 manat pul verdi ki, lazım olar. Dedik, sən rahat ol, biz başımızın çarəsinə baxarıq. Olmaz dedi, sizi burada buraxıb mən necə rahat olum. Əl çəkmədi, bizi evinə yeməyə apardı. Yeməkdən sonra maşını ilə bir az Qəbələni gəzdirdi. Sonra dedi ki, artıq çox gecdir, bizdə qalın, səhər gedərsiniz. Həmin gecə də onun qonağı olduq. Yəni heç planlamadığımız halda iki gündə iki nəfərin evində qonaq qaldıq. Bölgənin insanını tanımaq üçün belə hadisələr mühümdür. Bu qonaqpərvərlik bizim çox xoşumuza gəldi.

      - Növbəti hədəfiniz nədir?

      - İndi Gəncə-Qazax yoluyla Türkiyəyə qayıdacağıq. Daha sonra Misirə getməyi çox istəyirik. Rusiya da ola bilər...

      - Sizə uğurlar arzulayırıq. Yolunuz açıq olsun!

      - Təşəkkür edirik.

      • Hits: 192 clicks

      Tecox component by www.teglo.info