Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «العُمْرَةُ إِلَى العُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا، وَالحَجُّ المَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلَّا الجَنَّةُ»

                  Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Ümrə ibadəti bir sonrakı ümrəyə qədər işlənəcək günahlara kəffarədir. Həcci məbrurun mükafatı isə ancaq cənnətdir". (Buxari, Ümrə, 1; Müslim, Həcc, 79)

                      Ümrə ibadəti Rəsulullahın (s.ə.s) həyatında dörd dəfə yerinə yetirdiyi və ümmətini də təşviq etdiyi bir ibadətdir. Ümrə, insanın ümrə etmək niyyəti ilə təyin olunmuş yerlərdə ehrama girərək Kəbəni təvaf edib Səfa ilə Mərvə təpələri arasında səy etməsi və saçlarını qırxdıqdan (və ya qısaltdıqdan) sonra ehramdan çıxması deməkdir. Qurani-Kərimdə "Allah üçün həcc və ümrəni tam yerinə yetirin" (əl-Bəqərə, 2/196) ayəsi ümrə ibadətinin önəminə işarə edən ayələrdən biridir. Bu səbəblə də, səhabə dövründən etibarən bir çox İslam alimi ümrə ibadətinin vacib olduğu qənaətində olmuşdur. Buna misal olaraq Abdullah ibn Ömərin bu sözünü qeyd etmək olar: "Şübhəsiz ki, hər bir kəsin üzərində bir həcc və bir ümrə borcu vardır".(Buxari, Ümrə, 1) İbn Abbas da yuxarıda qeyd olunan ayədən yola çıxaraq həcc və ümrənin bərabər qeyd olunduğunu söyləmiş və ümrənin vacibliyinə işarə etmişdir.(Buxari, Ümrə, 1) Lakin ümrə ibadəti mali bir ibadət olduğu üçün insanın maddi imkanından asılı olan bir ibadətdir. Bu səbəblə də, İslam alimlərinin çoxu ümrə ibadətinin vacib olması üçün maddi imkanı və sağlamlığı şərt qoşmuşdur.

                  Hədisdə Rəsulullah (s.ə.s) ümrə ibadətinin günahlara kəffarə olduğunu qeyd etmişdir. İslam alimləri burada qəsd olunan günahların kiçik günahlar olduğunu bəyan etmiş və bu günahlardan tamamilə qurtulmaq üçün ümrə ibadətindən sonra da günahlardan uzaq bir həyat yaşanılması lazım gəldiyini söyləmişlər.(İbn Həcər, Fəthül-bari, III, 598) Bu hədisin mənasını dəstəkləyəcək mahiyyətdə belə bir hədis də nəql olunmuşdur: "Həcc və ümrə edənlər Allahın qonaqlarıdır. Ona dua edərlərsə, onların dualarını qəbul edər, Ondan bağışlanmalarını istəyərlərsə, onları bağışlayar".(İbn Macə, Mənasik, 5) Digər bir hədisdə isə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: "Həcc və ümrəni bərabər yerinə yetirin. Çünki həcc və ümrə günahları silər və kasıblığı yox edər".(Tirmizi, Həcc, 2)

                  Hədisin sonunda "məbrur həccin" mükafatının yalnız cənnət olduğu vurğulanmışdır. "Məbrur" kəlməsi içinə heç bir günah qarışmayan, təmiz və saf niyyətlə yalnız Allah üçün olunan ibadət mənasına gəlməkdədir. Bu şəkildə yerinə yetirilən həcc ibadətinin mükafatı, günahlar təkrarlanmadığı müddətcə, cənnət olar.

      • Hits: 203 clicks

      Tecox component by www.teglo.info