Qoşqar ABBAS - ƏDƏBİYYATA İTHAF

      Share

      Yazı uçar, söz qalar...

      Roman ölər, hekayə yaşayar...

      Həyat kökündə romana dayandırılaraq teatra, kinoya bənzədilir. Roman çoxluğun üzərində qurulur çünki. Müxtəlif obrazlar, müxtəlif xarakterlər, müxtəlif hadisələr və nəticədə müxtəlifliyin verdiyi çalarlılıq. Burada hekayələr var. Hər kəsin oxuyanda özünü gördüyü hekayə. İnsan təbiətində “danışmaq arzusu” daşıyır. O, danışmaq istəyir, elə hey danışmaq. Tarixin dərinliyinə endikcə ilk qatlarda sözün hakim olduğu görünür. Şərqə, Qərbə, hətta Şimala və Cənuba da dönsən, şifahiliyin şəfa olduğu müşahidə edilir.

      Söz dəyərli, keçərli idi. İçində bir hekayə, bir prinsip, əxlaq, ideya daşıyırdı. Əvvəli yox, sonu vacib idi. Qısaydı. Təsirliydi. Qarşıdakı insana toxunur, səsin harmoniyası ruhunu rəngləndirir, ritmi ruhun tellərini titrədir. Coşdurur, həyəcanlandırır, ruhunu oxşayır, valeh edir, həvəsləndirir. Bəzən də üzür, kədərləndirir, heyfsiləndirir, sarsıdır, ağladır. Birəbir, təkətəkdir. Halqadakılar yoxa çıxır. Sən və hekayə danışan var sadəcə. Gözlərin yumulu, qulaqlar açıq.

      Yazının ərsəyə gəlişi maddi olmağın diqtəsiylə baş verir. Görünmə və güc istəyiylə. Kəndin ağsaqqalı görünmək istəməz. Yazmaq dərdi yoxdur onun. Dərdi olanlarla danışar. Qarşısındakını düşünərək nəsihət verər, məsəl çəkər. Sözləri ona toxunar. Söz üfüqidir çünki. Ona zirvə lazım deyil, şaquli olmaq nəyinə gərək. Onsuz da yuxarıdan gəlir. Bu belə qəbul edilirdi. Söz səmadan gəlir. Yazı isə mətndir, yazarı var. Sözün bir sahibi var. O, insan deyil. Yazınınsa sahibi ortadadır.

      Şəhər ağsaqqal istəmir, onun tələbi maddi olandır, merdir. Yəni qanundur. Bax, yazı burda dövriyyəyə girir. Axı yazı qanundur. Şəhərliyə hekayə maraqlı deyil. “Mənə nağıl danışma”, deyər. Şəhərləşmə yazını doğurur, tarixi yaradır. Şəhər rəhbəri gücünü gələcək nəslinə çatdırmaq istəyir. Beləliklə, tək adamlar haqqında “history”(tarix) yazılır. “Story”(hekayə) min cür don geyindirilib “history”-ləşir. Kənddə biri o birinə söz verirdisə keçərli idi. Şəhərdə keçərli olan tarixdir, yazıdır. Açır dəftərini, siyahıya alıb qeyd edir. Səni tarixə yerləşdirib “X” tarixində dondurur. And içmək şifahidən yazıya keçir. O andların qeyd edilməsi tarixə düşmək məqsədi daşıyır. Filan nəslin tarixi, daha doğrusu, filan nəslin romanı.

      Yazının təqdim etdiyi “history”(tarix) sözü maddiləşdirdi. Göz ön plana gəlir, səs və qulaqdan hərf və gözə keçid baş verir. Qədim yunanların sandığını açsaq, bilərik. Əsas mətnləri tarixilik üzərinə inşa edilib. Bütün düşüncə bir müstəvidə... Daha sonra yazı və tarixi birləşdirib romana çevirdilər. Nəticədə romanla dünyaya sahib oldular.

      Yazı analizdir. Dayanmadan, durmadan görməlisən, müşahidə aparmalısan və arxivləşdirməlisən. Sonra arxivlərini cəm halına gətirib nəticə verməlisən. Tarix də, roman da analizdir. Hesabatdır. Hesablanmışdır. Təqdimatdır.

      Roman gücdür, gücündür, gücədir, gücdəndir...

      Qərb (fikri) roman üstündən düşünür. İnsanlar artıq hərflərə həbs edilib. Arzuladığı insanı oxuya bilir. Onun nə hiss etdiyini, onun  nə düşündüyünü, təkcə onun nə yediyini, içdiyini, geyindiyini deyil, onun nə istədiyini, psixologiyasını oxuyur. Və Qərb roman üstündən dönüşdürür. Qarşısında fərd yoxdur, kütlə var. Onu dinləmir, duymur, hiss etmir. Onu görür. Uyğun qəliblərə salmaq üçün də yenidən roman yazır.

      Roman (Roma) adından da göründüyü kimi bir imperiyanın - Qərbin dövlətçilik ənənəsinin daşıyıcısıdır.  Qərbin ədəbiyyatı hərfdir : “Litera” – hərf. Sənəddir, materialdır.

      Şərq (fikri) hekayədir. Nağıllar diyarıdır. Oralarda nağıl danışanlar var. Dərvişlər diyar-diyar dolaşar, hekayə danışar. Şərqdə hər şey mistikdir, xülyadır. Dinləyən sözlərin aurasıyla zaman sərhədini aşır. Yaxını, Ortası, Uzağı da olsa Şərqin özüməməxsus dadı var. İnsanın xaricini hesablamaz, daxilini, mənəvi dünyasını gözəlləşdirməyə çalışar. Başlanğıcdan bu günədək Şərq spesifikasından imtina etməyib. Zaman planının doğru olduğunu sübut etdi. Çünki zaman hekayə zamanıdır. Qısa, lakonik, lokal və loyal olanın. “Story” zamanıdır. Son dövrlərdə ən prestijli ədəbi mükafatlara nəzər yetirəndə şeirlərin, qısa hekayələrin, nağılların nominantlar içərisində qalib olduğunu görürük. Modern hekayələr sosial şəbəkələrdə yazılır. Orada “story”-lər anlıqdır, “History”-yə çevrilmir. Sən istəməzsən...

      Azərbaycan romana yox, ədəbiyyata bağlıdır. Nə qədər cəhdlər olsa da, roman mərkəzdə qərarlaşa bilmədi. Azərbaycanı oxumaq üçün Rusiya, Gürcüstan, Türkiyə və İranı da oxumaq lazımdır. Onların romanını bilmədən Azərbaycan ədəbiyyatını duya bilməzsən. Azərbaycanın öz zaman dilimləri var: Səfəvilərə qədər, Səfəvilərdən sonra, Çarlıq Rusiyası və Maarifçilik dövrü, Sovet dövrü, Ən yeni dövr.

      Bu dövrləri ehtiva edən ədəbi əsərlər sayəsində kino kimi görə bilərsiniz istədiyinizi. Hansı əsərin hardan gəldiyi, kimə hesablandığı, kimə təqdim olunduğu. Məsələn, Axundov əsərlərinə komediya kimi baxmaq olmaz, onun istəyi romandır. Azərbaycanda “ədəbiyyat” deyiriksə Nizaminin hekayələrinin roman qəliblərinə salındığını görmək lazımdır. Sovet əvvəlcə hekayələrimizi romanlaşdırdı, sonra ekranlaşdırdı. Ona tarixi don geyindirdi. Mirzə Kazımbəyin Şərq-Türk nağılları əsasında çarlığa bəxş etdiyi nağıllar, Cəlil Məmmədquluzadənin rus yazıçılarının əsərlərinin motivləri əsasında təqdim etdiyi hekayələr, povestlər bu aspektdən sadə misallar ola bilər. Tarix deyəndə Abbasqulu ağa Bakıxanovun “Gülüstani-irəm” əsəri yada düşür. Doğrudur, əsər yaddaşımızın necə qoparıldığını, çilik-çilik edildiyini göstərir. Ancaq Bakıxanov həmin dövrdə çar məmuru idi və çarlığın yetişdirdiklərindən idi. Həmçinin ondan əvvəl qohumları da çar ordusunda xidmət edirdi. Nəriman Nərimanovun “Bahadır və Sona”-sı olduqca füsunkar, məftunedicidir. Azərbaycanın ilk romanıdır. O, çilik-çilik olan yaddaşımızı süpürüb yerinə yeni yaddaş qurma çabasını daşıyan romandır, həm də.  Şah İsmayıl yaddaş qırılmalarına səbəb oldu. Çar və Sovet də bundan istifadə etdi. Bir roman mədəniyyəti yaratmaq istədi. Müəyyən dərəcə tutdu da. Fəqət bizim üçün sözün dəyərli olduğunu heç vaxt unutmadılar. Ən çox irəlidə duranlar şairlər oldu. Qalanı onlarla fəth etdilər. Azərbaycan ədəbiyyatının dumanlı, çiskinli havası çoxdur. Qarşını, yolun o tərəfini görmək olduqca çətindir. Bütün bunlara baxmayaraq, oxumaqla yolu keçmək mümkündür.

      Oxumaq əvvəlcə zövq verər, sonra sövq edər. Səhifələrin arxasınca qaçmağa...

      Tapdıqca yeni biri, daha biri, daha daha birinin vərəqlərində görərsən barmaqlarını...

      Sən birilərinin hekayəsini oxuyursansa, biriləri də sənin hekayəni oxuyur...

       

      • Hits: 137 clicks

      Tecox component by www.teglo.info