Eldar KƏRİMOV - RUHUN İMMUNİTETİ

      Share

      İnsanlıq tarixi bir çox sivilizasiyalara şahidlik edib. Zaman keçdikcə elmi-texniki inkişafın sürətlənməsi bu prosesin daha çox təşəkkülünə səbəb olub. Son sivilizasiya özündən əvvəlki sivilizasiyalardan müəyyən qədər də olsa bəhrələndiyi üçün özünün əvvəlkilərdən daha mədəni olduğunu qəbul edir və insanlar buna inanır. Bu iddia maraqlı səslənsə də, nəticələr heç də bunu deməyə əsas vermir. Çünki bu gün yaşanan hadisələr barbarlığın ən çox yaşandığı tarixi zamanlarda belə müşahidə edilməyib. İnsanlar yavaş-yavaş insanlıqlarını unudub daha çox insana  xas olmayan davranışlara meyl etməklə məşğuldur. Bunun isə əsas səbəbi fərdlərdən cəmiyyətə, cəmiyyətdən də fərdlərə qədər uzanan fərdi və sosial problemlərdir.

      İnsanın heyvani davranışlar sərgiləməsi üçün onun mütləq sivilizasiyadan uzaq ərazilərdə və ya meşədə yaşaması lazım deyil. Bunun üçün istənilən yer və vaxt münbit şərait ola bilər. Yetər ki, həmin fərd əxlaqi dəyərlərdən uzaq, müəyyən qədər də psixoloji taravmalara məruz qalsın.

      Əxlaqi dəyərlər fərdin cəmiyyət içərisində davranışlarını tənzimləyən ən önəmli mexanizmlərdən biridir. İnsan bu dəyərlər vasitəsi ilə həyatının hər bir sahəsində özünə sərhədlər müəyyən edir və bu sərhədlər daxilində ortaya qoyduğu davranışlar digər insanlar tərəfindən normal qarşılanır. Konkret dəyərlərə sahib olmayan və ya əxlaqi kriteriləri həqiqi mənada həzm edə bilməyən fərdin isə cəmiyyət tərəfindən anormal qəbul edilən davranışlar sərgiləməsi qaçınılmazdır.

      Cəmiyyəti insandan mütəşəkkil bir orqanizm kimi qəbul etsək, deyə bilərik ki, hər bir orqanizm xaricdən gələn və bədənin sağlamlığı üçün təhlükəli olan bir virusu necə deaktiv edib xaric etmək istəyirsə, cəmiyyət də öz qaydalarına tabe olmayıb insanlığın istiqbalına təhlükə yaradan fərdlərin izaləsi üçün cəhd edir və etməlidir. Vay o gündən ki, bu kimi parazitlərin sayı qarşısı alınmayacaq qədər çox olur və cəmiyyət əxlaqi süqutunu yaşayır. Bu eynilə bədənimizin hər hansı bir yerində ağrını hiss etdiyimiz halda həkimə müraciət etməyib illərlə bu acı içərisində yaşamağa bənzəyir. Bir müddət sonra  bu fiziki problem elə bir mərhələyə qədəm qoyur ki, onun dərdinə çarə tapılmır və biz şirin canımızdan oluruq.

      Bunun üçün cəmiyyətdəki əxlaqi ahəngin pozulmasına zəmin yaradacaq hər hansı bir problem müşahidə olunduğu zaman vaxt itirmədən sos siqnalına basılıb, problemin ortadan qaldırılması üçün ilkin addımların atılması zəruridir. İlkin mərhələdə itirilən ən az vaxt belə toplumun əleyhinə işləyə bilər. Xırda bir zədədən sonra çürüməyə başlayan barmaq belə ümumi bir qolun amputasiyasına səbəb olur. Bu baxımdan davranışlarında müəyyən qədər də olsa problem görülən insanlar dərhal yaxınları tərəfindən məlumatlandırılmalı, lazımdırsa tibbi-psixoloji müayinələrə cəlb edilməli və hüquq mühafizə orqanları ilə birgə işin təşkilinə çalışılmalıdır. Mənə dəyməyən ilan min yaşasın düşüncəsi ilə problemli insanları görməzdən gələn insanlar da yaxşı bilməlidir ki, bu gün ona dəyməyən ilan mütləq sabah onun üçün də zəhər payını hazırlayacaq.

      Cəmiyyətin məhvini labüd qılan mənşəyi bilinməyən təhlükəli mənəviyyat viruslarından qorunmaq üçün isə bir neçə xüsusa diqqət edilməlidir. Bunun üçün ilk növbədə milli və mənəvi dəyərlərlə zənginləşdirilmiş immunitet sisteminin gücü, xaricdən gələn təhlükəli əxlaqsızlıq infeksiya riskinin azaldılması üçün vacibdir. Övladlarımızın bu kimi problemlərlə qarşılaşmaması üçün onlara uşaq yaşlarından etibarən davranış pozuqluqları haqqında  maairfləndirmə işinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Qlobal əxlaq problemi ilə qarşı-qarşıya qaldığımız bu dövrdə ətrafdan gələcək mənəvi təhlükələrə qarşı ailəmizin mühafizəsi ən əhəmiyyətli vəzifələrimizdən biri olmalıdır. Bilməliyik ki, valideynləri tərəfindən şiddətə məruz qalan uşaqlar bu davranışları başda oyuncaqları olmaqla özlərindən zəif gördükləri hər bir obyekt üzərində reallaşdırmağa çalışır. Bu mənada ətrafındakılar tərəfindən sevginin əsirgəndiyi fərdlər başqalarına qarşı sevgisiz münasibət sərgiləyir.

      Son vaxtlar dünyada ictimai qınağın azaldığı, əxlaqi dəyərlərin bir-bir yox olduğu cəmiyyətlərdə insan olduğunu unudub sadəcə heyvani hissləri ilə hərəkət edən fərdlərin ortaya çıxması adi hal alır. Hər şeyin sadəcə həzz verən feillərin icrasından ibarət olduğunu qəbul edib yaşayanlar anormal davranışlara imza atır. Hüquqi və dini müstəvidə adekvat olaraq cəzasız qalan həmin davranışlar isə qısa müddət ərzində kütləvi hal almağa başlayır. Kütləvi olduğu üçün yeni nəsillər tərəfindən normal qarşılanır və toplum öz süqutunu yaşamağa məhkum olur. Çalışaq qeyd etdiyimiz problemlər bizi və cəmiyyətimizi məhv etmədən  dəyərlərimizə sahib çıxıb sağlam şüurla bizi, ailəmizi və cəmiyyətimizi cənginə alan əxlaqi tənəzzüllə mübarizə aparaq. Əks təqdirdə dünyamız bir neçə sivilizasiyadan keçsə də, nəticədə içərisində sadəcə vəhşi heyvanlar yaşayan bir meşədən ibarət olacaq... 

      • Hits: 77 clicks

      Tecox component by www.teglo.info