Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عَنْ ابْنِ عَبَّاسٍ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّهَا النَّاسُ، إِيَّاكُمْ وَالْغُلُوَّ فِي الدِّينِ، فَإِنَّما أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ الْغُلُوُّ فِي الدِّينِ

                      İbn Abbasdan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Ey insanlar! Dində həddi aşmayın. Çünki sizdən öncəkilər dində həddi aşdıqlarına görə məhv olmuşdular". (Nəsai, Həcc, 217; İbn Macə, Mənasik, 64)

                  Həzrət Peyğəmbər (s.ə.s) bu hədisi həcc mövsümündə söyləmişdir. Belə ki, İbn Abbasa əqabə cəmrəsinə atmaq üçün daş toplamasını söyləyən Həzrət Peyğəmbər, onun topladığı daşları əlinə alaraq daşların ölçüsünü insanlara göstərmiş və atmaq üçün seçilən daşların çox böyük olmamasına diqqət çəkərək dini məsələlərdə həddi aşmamağı bəyan etmişdir.

                  Həzrət Peyğəmbər başqa hədislərində də dini məsələlərdə həddi aşmamağı və orta yolu tutmağı tövsiyə etmişdir. Çünki dini məsələlərdə həddi aşmaq bir müddətdən sonra insanın dindən soyumasına və istiqamətdən uzaqlaşmasına yol açar. Dində doğru istiqaməti tutmaq isə orta yolu izləməklə mümkündür. Yəni dini həyatın həddindən az olması insanı doğru yoldan azdıra bildiyi kimi, həddindən çox olması da insanın bir müddətdən sonra yorulmasına və bezməsinə səbəb ola bilər. Buna görə də Uca Allah Qurani-Kərimdə İslam ümmətindən bəhs edərkən bu ümmətin orta (yolu tutan) bir ümmət olduğunu bəyan etmişdir. (əl-Bəqərə, 2/143)

                  Hədisdən anlaşıldığı kimi, dini yaşamaq məqsədi ilə ibadətlərdə ifratçılığa varmaq bəyənilən bir hal deyildir. İnsan Allahın rəhməti və lütfü olmadıqca təkcə öz əməlləri sayəsində qurtuluşa çata bilməz. Bu barədə Həzrət Peyğəmbərdən nəql edilən bir hədis məsələyə aydınlıq gətirməkdədir: "Orta yolu tutun, doğru istiqamətdə olun. Bunu bilin ki, heç biriniz əməli sayəsində qurtula bilməz". Soruşdular ki: "Sən də qurtula bilməzsənmi, ey Allahın elçisi?" Rəsulullah (s.ə.s): "Bəli, mən də qurtula bilmərəm. Əgər Allah rəhməti və kərəmi ilə məni bağışlasa, o başqa!" - cavabını verdi. (Müslim, Münafiqin, 76).

                  Burada bir məsələyə də diqqət çəkmək lazımdır. Belə ki, hədisdə qeyd olunan həddi aşmaq ifadəsi insanın fərdi həyatı ilə bağlı bir məsələdir. Lakin ictimai bir varlıq olan insanın axirət yolçuluğunda məsafə qət etmək üçün etdiyi digər xeyirli işlərində insanlarla yarışması böyük əhəmiyyət kəsb edir. Çünki Uca Allah Qurani-Kərimdə: "Xeyir işlərdə yarışın!" (əl-Bəqərə, 2/148) buyurur. Başqa bir ayədə isə: "Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin” buyurulur. (Ali-İmran, 3/133). İslam dini bütün hallarda səbirli olub orta yolu tutmağı əmr etdiyi halda, digər insanları da içinə alan xeyir işlərdə yarışmağı və tələsməyi əmr edir.

      • Hits: 133 clicks

      Tecox component by www.teglo.info