Adem ŞAHİN - SANTA?..

      Share

      2018-ci ilin “yeni il”ində Bişkekdə avtobus dayanacağında Santa Klausu görmüşdüm. Santanı görəndə özümü pis hiss edirəm; ondansa dayanacağın tininə dəyib yıxılsaydım, daha yaxşı olardı.

      2019-un sonuna çatdıq, Santa yenidən aktivləşib. Qədr gecəsi kimi ildə bir dəfə gəlib gedir. Bir çox müsəlman Qədr gecəsini səhərə qədər yatmayıb ibadət və dualarla əhya edir. Yeni ildə də Santanı sevənlər, gündüz oruc tutmasalar da, gecəni səhərə kimi oyaq keçirirlər. Xızıra inanmayanlar, Xızırın varlığını inkar edənlər, ömründə Xızır haqqında heç nə eşitməyənlər, əlbəttə, Xızırın boşluğunu Santa ilə doldurarlar...

      İslam tarixinin ilk illərində Mədineyi-Münəvvərədə bəzi kasıbların qapılarına məchul bir şəxs tərəfindən hər gecə ərzaq qoyulurdu. Bir gün səhər kasıblar baxıb görürlər ki, qapılarına ərzaq qoyulmayıb. Səbəbinin nə olduğunu öyrənmək istəyərkən, Mədinə Həzrət Əlinin nəvəsi Zeynəlabidin həzrətlərinin vəfat xəbəri ilə çalxalanmağa başlayır. Tezliklə, Peyğəmbər övladına qarşı son vəzifələr  diqqətlə yerinə yetirilir. Növbə mübarək nəşinin yuyulmasına gəldikdə görürlər ki, belində içi suluqlamış, tuluqlamış böyük yaralar var. Yaxınlarından bunun səbəbini soruşanda bu cavabı alırlar:

      “Zeynəlabidin həzrətləri ərzaq kisələrini belində daşıyaraq erkəndən kasıbların qapısına aparır və heç kimə görünmədən geri qayıdırdı. Xalq da bu kisələri kimin gətirdiyini bilmirdi. Belində gördüyünüz yaralar həmin kisələri daşıması səbəbi ilə yaranıb”.

      Xızırdan və Zeynəlabidin həzrətlərindən xəbərsiz yaşayarkən Santa Klaus yalanına andananlara Nəcib Fazil Kısakürək belə səslənir:

      “Gəldi ölümlü yalan,

      Getdi ölümsüz gerçək.

      Siz, həyat sürən leşlər,

      Sizi kim dirildəcək?!..”

      Bişkekdə uşağını uşaq bağçasına göndərən bir dostum yeni il üçün bağçada pul yığıldığını dedi. Santa Klaus yeni il şənliyi üçün uşaqlara hədiyyə alacaqmış. Hətta bağça idarəsi uşaqların valideynlərinə zəng edərək “uşaqlarınız nə cür oyuncaqdan xoşlanır?” deyə soruşurmuş. Uşağın xoşuna gələn hədiyyəni Santa Klaus verəcəksə, belə uşaq onu sevməzmi?

      Reklam lövhəsinə baxıram: Santanın bir əlində qazlı içki, digər əlində isə telefon var. Ağlıma Qərb filmlərində hər iki əlindəki tapança ilə atəş açan kovboylar gəlir. Müharibə filmlərində də hər iki əli ilə atəş açan əsgərlər olur. Santa da şərqdən qərbə hər iki əli ilə sanki atəş açır; qazlı içkilər və cib telefonu ilə. Bu atəşdən ən çox zərər görənlər uşaqlar və gənclərdir. Atəşdən qaçmaq lazım ikən niyə məhz hər kəs güllələrin üstünə qaçır? Niyə atəş açanı sevirlər? Yoxsa kütləvi bir hipnoz yaşayırıq? Havamıza, suyumuza nə qatırlar?..

      Cabir ibn Abdullahdan rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Mənimlə sizin halınız ocaq qalayan bir adamın halına bənzəyir. Pərvanə və kəpənəklər atəşə düşməyə başlayanda adam əli ilə onlara mane olmağa çalışır. Mən də sizi qurşağınızdan tutub atəşdən kənara çəkməyə çalışıram, amma siz əlimdən qaçıb gedirsiniz”. (Müslim, Fəzail, 19)

      Santa Klausun əlindəki cib telefonu mədəniyyəti, qazlı içki isə bioloji quruluşu/bədənləri pozmaq hədəfi güdür. Qurani-Kərimdə şəfalı olan təkcə iki şeydən bəhs olunur: Quran və bal (İsra surəsi 82, Nəhl surəsi 69). Bal insanın bədəninə, Quran isə ruhuna, könlünə və ümumi mənada da bədəninə şəfadır. Ruh və bədən sağlığı bal və Quran ilə təmin edilir. Çörəkdən mayonezə, ketçupdan şokolada kimi hər yerdə və hər şeydə şəkər qəbul edirik. Allahın şəfa dediyi balı “ən şirin zəhər” olan şəkərdən daha az yeyirik. Qurani-Kərimin özü isə rəflərdən enmir, cənazədən-cənazəyə xatırlanır. İki şəfadan məhrum olmağın nəticəsi də hər gün artan xəstələrdir.

      Alaqaranlıq havada temperatur sıfırın altında ikən əlindəki qapqara qazlı içkini içərək addımlayan insanlar görürəm. Cib telefonu səbəbi ilə yata bilməyənləri, yemək yeməyənləri, iş görə bilməyənləri demirəm... Onlar tamam ayrı bir mövzudur. Cib telefonuna ən gözəl kaburanı alır, amma namazda başına qoymağa fəs almağa pulum yoxdur deyir. Bir insan gündə ortalama 64 dəfə cib telefonunun ekranına baxırmış. Gündə 64 dəfə soyuq ekrana baxır, amma gündə beş dəfə qibləyə baxa bilmir!..

      Cib telefonunu bütə bənzədirəm. Qədim dövrlərdə bütlərə qurban təqdim edilirmiş. Biz də əlimizdəki bütü hər gün elektriklə doyurur, ona hər həftə/hər ay internet paketləri qurban edirik. Halvadan düzəlmə bütlərin yeyilməsi kimi; yeni modeli çıxanda köhnəsini atır, gözümüzü təzə bütlərə dikirik.

      2020-ci ilə də Santa Klausun ikiəlli atəş açması ilə girdik. Çox azımız bu atışdan xilas ola bildik...

      Mey kimi hər bir haramın səkri olsaydı əgər,

      Ol zaman məlum olardı, məst kim, huşyar kim?.. (Məsnəvi)

      “Hər haram olan şey içki kimi sərxoşluq versəydi, o zaman kimin sərxoş, kimin ayıq olduğu meydana çıxardı”.

      • Hits: 40 clicks

      Tecox component by www.teglo.info