Kamran MƏMMƏDOV - İFFƏT

      Share

      Cəmiyyətin sarsılmaz gücünün bir cüzü də sağlam ailə qurmaqdır. Sağlam ailənin təməli sağlam inanca bağlıdır. Bu gün dünyanın başına bəla olan bir çox xəstəliklər inancsızlığın və iffətsizliyin zəhərli meyvələridir. Dinimiz iffətin qorunmasını əmr etmiş, bu hüdudlara riayət etməyənlərin qarşılaşacaqları müsibətin ağır olacağını ifadə etmişdir. İffəti qorumaq cəmiyyəti və ailəni qoruduğu kimi, möminin ruhunu və nəfsini də təmizləmiş olur. Qurani-Kərimdə buyurulur:

      “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”  (əl-İsra, 32)

      Peyğəmbərimizin (s.ə.s) zina etmək istəyən bir gənci bu yoldan çəkindirmək üçün tətbiq etdiyi metod olduqca təsirli və məntiqli üsuldur. Əbu Ümamə (r.a) belə nəql edir: “Gənc bir oğlan Hz. Peyğəmbərin (s.ə.s) yanına gələrək: “Ey Allahın elçisi! Zina etmək üçün mənə icazə verin”, - dedi. Orada olanlar o gənci bu sözlərinə görə qınayıb tənqid etdilər. Rəsulullah (s.ə.s) o gəncə yaxınlaşdı və onu yanına oturtdu. Aralarında belə bir söhbət keçdi:

      - Anana belə bir iş edilməsi xoşuna gələrmi?

      - Canım Sənə fəda olsun, ya Rəsulallah! Xeyr, əsla!

      - Heç bir insan anasına belə bir iş edilməsinə razı olmaz. Bəs bacına belə bir iş edilməsi xoşuna gələrmi?

      - Canım Sənə fəda olsun, ya Rəsulallah! Xeyr, əsla!

      - Heç bir insan bacısına belə bir iş edilməsinə razı olmaz. Bəs xalana belə bir iş edilməsi xoşuna gələrmi?

      - Canım Sənə fəda olsun, ya Rəsulallah! Xeyr, əsla!

      - Heç bir insan xalasına belə bir iş edilməsinə razı olmaz. Bəs bibinə belə bir iş edilməsi xoşuna gələrmi?

      - Canım Sənə fəda olsun, ya Rəsulallah! Xeyr, əsla!

      - Heç bir insan bibisinə belə bir iş edilməsinə razı olmaz.

      Daha sonra Rəsulullah (s.ə.s) əlini o gəncin çiyninə qoyaraq belə dua etdi: “Allahım! Bu gəncin günahlarını əfv et, qəlbini təmizlə və iffətini qoru!” Ondan sonra o gənc bir də belə fikirlərə düşmədi”.  (Əhməd b. Hənbəl, Müsnəd, V, 257)

      İffəti qorumaq üçün zəruri olan tədbirləri də əvvəldən almaq lazımdır. (əl-Əhzab, 59)

      Bunun üçün ilk növbədə möminlərin gözlərini haramdan qoruması lazımdır. (ən- Nur, 30,31)

      Peyğəmbərimiz (s.ə.s) haram baxışla imanı belə əlaqələndirmişdir:

      “Nəzər (harama baxmaq) şeytanın zəhərli oxlarından bir oxdur. Kim naməhrəmə baxmaqdan üzünü çevirərsə, Allah ona imanın ləzzətini daddırar”.  (Hakim, Müstədrək, 4/314; İmam Hafiz əl-Münziri, ət-Tərğib vət-Tərhib, III, 63)

      Hər şeydən əvvəl mömin Allaha verdiyi əhdi tutmalıdır; imanın tələblərini yerinə yetirməlidir. İslamın görmək istədiyi dürüst, nəcib, təmiz, iffət və namus sahibi şəxsiyyət ortaya qoymalıdır.

      İslam Məkkə və Mədinə dövrləri olaraq 23 ildə tamamlanmışdır. Məkkədə on üç ildə enən ayələr təlim-tərbiyə, əqidənin sağlam olması və imanın güclənməsinə daha çox önəm vermişdir. Ömürlərini bu fikirlərin inkişafına həsr edən ilk müsəlmanlar Allah Rəsulunun (s.ə.s) xüsusi məktəbində böyük müvəffəqiyyətlərə nail olmuşlar. Onlar bu yüksəlişin əsaslarını sağlam bir təməlin üzərində qurmuşdu. Günümüzdə əlçatmaz bir zirvə kimi görünən bu binanın təməlləri qətiyyən pozulması mümkün olmayan, dəyişməz qanun olan Quran və onun insan həyatına əks olunan həyat tərzi olan Sünnədir.

      Allah-Təala kamil möminləri Quranda belə vəsf edir:

      • Namaz qılıb, namazlarında daimdirlər.
      • Onlar haqq-hesab gününü təsdiq edirlər.
      • Rəblərinin əzabından arxayın olmazlar.
      • İffətlərini qoruyurlar.
      • Əmanətlərə, verdiyi sözlərə riayət edirlər.
      • Şahidliklərində dürüst olurlar.
      • Namazlarını qoruyurlar. (Şərtlərinə riayət edərək lazım olan şəkildə qılırlar).
      • Cənnətlərdə onlara ikram olunur. (əl- Məaric, 23-35)

      Peyğəmbər (s.ə.s)  belə buyurmuşdur: “Bu üç şey kimdə olsa, o, imanın zövqünü (ləzzətini) dadmış olur:

      1. Allah və Rəsulunun özünə hər şeydən daha sevimli olması.

      2. Sevdiyini yalnız Allah üçün sevməsi.

      3. Atəşə atılmaqdan nifrət etdiyi kimi, küfrə dönməyə də nifrət etməsi”. (əl-Buxari, Səhih, İman  9,14)

       

      Müsəlman dünyəvi ehtirasları uğrunda iffət və namusunu hədər etməməli, günaha meyl etməkdən atəşə düşmək kimi çəkinməlidir. Əks halda, necə deyərlər, “dərdi dünya olanın,  dünya qədər dərdi olar”.

      • Hits: 266 clicks

      Tecox component by www.teglo.info