Əziz SULTANOV - HARADAN HARAYA

      Share

      Düşünürəm, elə isə varam. Bəs mən kiməm? Haradayam? Burada nə qədər qalacağam? Buradan çıxıb hara gecədəyəm? Niyə gəldim, niyə gedirəm?.. – bu kimi suallar tarix boyu düşünən insanları, fikir adamlarını məşğul etmiş, onları öz ağılları ilə qavraya biləcəkləri arqumentlər əsasında cavab tapmağa, izah etməyə sövq etmişdir. 
      Bütün bu düşüncə tarixinə göz atdığımız zaman görə bildiyimiz tək elmi və əsaslı dəyərləndirmə keçmişə doğru məntiqli səbəb-nəticə səyahətidir. Belə ki, insanların gündən-günə artaraq çoxaldığını nəzərə alan filosoflar bundan əvvəlki əsrləri, min illikləri mərhələ-mərhələ geriyə gedərək düşünmüş, bizdən əvvəl atalarımız, onlardan əvvəl onların ataları, onların da ataları... deyərək ilk insana qədər gedib çıxıblar. Heyvanlar xüsusunda da eyni məntiq keçərlidir: bu toyuq ondan əvvəlkinin yumurtasından, o da özündən əvvəlkidən... Nəhayət, ilk toyuq, yaxud ilk yumurta. 
      Ən əsaslı təxmin bura qədərdir. Bundan sonra isə xəyal hüdudlarını aşan ehtimallar başlayır. Nəhəng kainatda saysız-hesabsız planetlərin birində həyat üçün münbit şərait meydana gəlir və bilinməyən bir səbəblə (elm adına sübut olunmayan səbəblə) təbiətdəki bu cansız maddə canlı varlıqlara çevrilir, həyat başlayır. Bunu da nisbətən məntiqə uyğun mülahizələrlə qəbul etmək ağlabatan sayılır. Nəhayət, ağılın dayandığı, məntiqin donduğu, açıqlamaların açıqlana bilmədiyi, bütün izahların bağlandığı nöqtəyə gəlirik: bəs bu nəhəng kainat, saysız-hesabsız planetlər haradan gəldi? Onların ki, ata-anası yoxdur, deyək ki, balalayıb çoxalıblar? Bu qədər cansız, nəhəng kütlələr, səbəb-nəticə qanunları əsasında dayanmadan işləyən təbiət öz-özünə meydana gələ bilərdimi?... Cavab yoxdur. Onların dayanmadan hərəkət etmələrini əsas götürərək, burada böyük bir partlayışın olduğunu deyirlər. Bəs o partlayan kütlə haradan gəldi?.. Belə demək doğrudursa, bizim maddi olaraq başlanğıc saydığımız o kütlənin sahibi, yaradıcısı, partladanı yoxdurmu? O ilk təkanı verən kim idi? Əlbəttə, insan ağlı, insanın məhdud elmi ilə buna izah vermək mümkünsüzdür. Tək izah, o vahid kütlənin də, kainatdakı bütün saysız ulduzların da, üstündə yaşadığımız Yer kürəsinin də yeganə Xaliqi olan Uca Allaha məxsusdur. Tək izah Yer üzündə həyatı sudan, insanı da palçıqdan yaradıb onlara can verən, cansız maddəni canlı varlıqlara çevirən İlahi qüdrətdədir.
      Bəs yaxşı, bizim buradakı işimizin adı nədir? İnsan ağlı buna heç bir izah verə bilmir. Bu qədər möhtəşəm əsərlər, ucsuz-bucaqsız kəhkəşanlar, ağlı başdan alan təmtəraqla bəzənmiş nemətlər süfrəsi... və o süfrədə hər kəsin, hər bir canlının öz yeri... Bu, səbəbsiz təsadüflərlə izah edilə biləcək qədər bəsit bir mövzu deyil. Səbəbsiz yerə gəlmədiyimizə görə, səbəbini axtarmaq üçün “ilk gəliş”ə baxmaq lazımdır ki, biz buraya necə gəlmişdik, nə üçün gəlmişdik, bunu xatırlayaq.
      Ağılın (filosofların) da qəbul etdiyi kimi, haradasa bir yerdə, tarixin dərinliklərində ilk insan var; ilahi bəyanın da ifadə etdiyi ilk insan: Həzrət Adəm (ə.s). Və insanların çoxalmağa, yer üzünə yayılmağa başladığı ilk ailə: Adəm və Həvva! Onların yer üzünə ilk töhfələri: Habil və Qabil. Əslində, bu, yer üzündə insanlığın can çəkişdiyi bütün münaqişələrin, zülm və mərhəmət arasındakı mübarizənin əsasının qoyulduğu ilk gəlişdir; bütün cavablar oradadır. Niyə hər birimizdən fərqli səslər çıxır, fərqli fikirlər yaranır; eyni mənzərəyə baxdığımız halda başqa mənalar veririk; hamısının cavabları o ilk gəlişdə gizlidir. Elə isə o ilk gəlişi Quran işığında bir daha nəzərdən keçirək:
      Həzrət Adəm və ondan törəyəcək insanlığı ilahi ədalət qarşısında mühakimə edəcək bir imtahan məqsədi ilə bu dünyaya göndərən Allah-Təala onun imtahanını dəyərli qılacaq cavab variantlarını da elə ilk anda ortaya qoydu: 
      a) Habil 
      b) Qabil 
      Köçürmək sərbəstdir, imtahan otağındakı şeytan isə fikir bulandıran başıboş sərsəri...
      İnsan oğlu ya Allahın qarşısına ən gözəl əməlləri ilə, saf niyyəti ilə çıxmağa çalışan, hər nə olursa olsun, qardaşına əl qaldırmayan, ədalət timsalı, mərhəmət timsalı Habil kimi olacaq, ya da naqis əməlləri ilə Uca Yaradana kələk gələ biləcəyini zənn edən, dünyəvi istəkləri uğrunda ilahi qanunları tapdamağa cürət göstərən, bu uğurda öz qardaşına belə əl qaldırmaqdan çəkinməyən, üsyankar, zalım Qabil kimi. 
      Bəs yaxşı, bu gediş harayadır? Gediş saxtakarlığın baş gicəlləndirdiyi bu göstəriş dünyasından kimin “Habil”, kimin “Qabil” olduğunun ayırd ediləcəyi, mədəndə qovrulan torpağın içindən süzülən qızıl kimi, torpağın oğulları arasındakı cövhərlərin ayırd ediləcəyi məhşər meydanınadır. 
      İndi fikirləş, ey Adəm övladı, o meydanda “Habil” kimi ortaya qoyacaq nəyin var?
      • Hits: 244 clicks

      Tecox component by www.teglo.info