Dr. Rüfət ŞİRİNOV - NECƏ DOSTSUNUZ?

      Share

      “İnsan” və “ünsiyyət” eyni kökdəndir. İnsan ünsiyyətlə digər canlılardan fərqlənir. Ünsiyyətdəki keyfiyyət “insan”lığın dərəcəsini göstərir. İnsanların öz aralarında qurduqları münasibətlər dərəcələrinə görə fərqli adlarla ifadə edilir. Bu münasibətlər qardaş (din və qan), yoldaş, dost, tanış, qohum, həmyerli, “müəllim” və s. ifadələrlə özünəməxsusluq qazanır. Münasibətlərin mənfəət müstəvisində şəkilləndiyi dövrümüzdə yuxarıda sadalanan ifadələrin əksəriyyəti, təəssüf ki, öz məcrasından çıxarılmış, mənası və əhatə dairəsi pozulmuş, bəziləri də sadəcə ədəbi mətnlərin bəzəyinə çevrilmişdir. Ələlxüsus “dost” məfhumu öz həqiqi mənasına yadlaşdırılmışdır. Bu məqalədə həqiqi dostun necə olacağı və bu məfhumun nələri əhatə etdiyi barəsində bəzi fikirlər səsləndiriləcəkdir. Nəticədə hər bir oxucu öz dostunun və dostluğunun rentgenini çəkə biləcəkdir.
      İnsan dost olmağı bacarmalıdır. Dost olmağı bacaran insan dost seçməyi də yaxşı bilər. Yaxşı bir dost olub-olmadığınızı heç özünüzə sual vermisinizmi? Yaxud da: Yaxşı bir dost və ya yoldaş olmaq üçün hansı xüsuslara diqqət etmək lazımdır? 
      İslam tarixinə nəzər yetirdikdə dostluğun zirvəsində Hz. Peyğəmbərlə Hz. Əbu Bəkrin dostluq anlayışı görünür. Bu dostluq anlayışı Hz. Ömər, Hz. Osman, Hz. Əlinin də bir-biri ilə qurduqları dostluqda özünü göstərir. Çünki onlar “İnsan dostunun dini üzrədir” hədisini tam mənasına müvafiq başa düşmüş və dostlarını buna görə seçmişdilər. Hz. Əbu Bəkrə “Siddiq” ləqəbini qazandıran hadisə də məhz bu dostluğun göstəricisidir. Bütün Məkkə ona Hz. Peyğəmbərin “fövqəl-məntiq” ifadələrini istehza ilə çatdırdığı zaman, o, tərəddüdsüz: “O deyirsə, düz deyir” söyləyərək dostluğun şübhələr üzərinə qurulmayacağını hayqırmışdır, bizlərə. Dost, sənin olmadığın yerdə “sən” olandır. Mağarada ikən başını dizinə qoyub yatan dostu peyğəmbəri narahat etməmək üçün dabanına sancan ilanın acısını sinəyə çəkərək sanki “dostluq canını fəda edə bilməkdir” - demişdi. Səhabənin aldığı tərbiyədəki dostluq, son nəfəsində belə ehtiyacı olan suyu dostuna ikram edərək ona həyatını hədiyyə edə bilməkdir. “Hər kəs sevdiyi ilə bərabərdir” anlayışının mədəniyyətimizdə neçə-neçə təzahürləri var. Xəstə Qərb mədəniyyətinin mənfəətpərəst insani münasibətlərinə heyranlıq göstərmək yerinə öz mədəniyyət tariximizdəki əsaslar çərçivəsində münasibətlərimizi tənzimləsək, bütün dünya dostluğun, insani münasibətlərin nə oldğunu görəcəkdir.
      Bəli, dost insanı Allaha aparmalıdır. Allaha aparan dost, əlbəttə, xeyirli dostdur. Peyğəmbərimiz (s.ə.s) xeyirli dostun nə qədər dəyərli olduğunu gözəl bir bənzətmə ilə izah edir: “Yaxşı yoldaş xoş qoxulu ətir satan əttara, pis yoldaş isə körükçüyə bənzəyir. Əttar ya gözəl ətrindən sənə verər, ya sən ondan pulla ətir alarsan, ya da gözəl ətrindən qoxlayarsan. Körükçü isə ya paltarını yandırar, ya da pis qoxusu ilə səni narahat edər”.(Buxari)
      Mövlanaya görə, dost sevilməyən olduğunda səni sevən, sarılmayacaq biri olduğunda sənə sarılan, yolagetməyən olunca sənə səbir göstərəndir. Dostluq sevincdə və kədərdə radikallıqdır. Dost sevindiyində səninlə sevinməli, ağlayınca səninlə ağlamalıdır. Bütün dünya səni üzsə də, o sənə təskinlik verməlidir.
      Dostluq iki vücudda bir ürək kimidir. Dostlar möminin dünya və axirət sərmayəsidir. Onlar insanın həm dünya, həm də axirət səadətini qazanmasına vəsilə olur.
      Dost, siz gülə bilmədikdə sizdən gülüş qopardandır. Qorxacağınız məqamda sizi cəsarətləndirəndir. 
      “Dost dosta tən gərək, tən olmasa gen gərək”, - deyib, atalarımız. Əsl dost dostunu çətinlikdə qoymur, bəzi hallarda onu ailə üzvlərindən daha yaxşı tanıyır və başa düşür. Dostlar başqalarına deyə bilmədiklərini bir-biri ilə bölüşür, ehtiyac olduqda mənəvi və maddi dəstək göstərirlər.
      Dost, hekayələrinizə sizdən daha yaxşı bələd olandır. Dost, sizinlə daha çox vaxt keçirmək üçün yanınızda qalandır; xoş görünmək və yaxud başınıza gələcəklərdən qorxduğu üçün deyil.
      İnsan xəta edəndir və qüsuru mütləq görünür. Bəziləri xətrinizə dəyməmək, qəlbinizi qırmamaq üçün qüsur və xətalarınızı söyləməkdən çəkinər. Ancaq yaxşı dost düz sözü, acı olsa da, üzə deyər. Çünki dostluqda könül qırılmaz, inciklik olmaz. Təbii ki, əsl dost da söylənən xətanı könül xoşluğu ilə qəbul edə biləndir. Dostun söylədiyi, acı da olsa, könlünü xoş etməlidir. Hz. Əbu Bəkr kimi dostun söylədiyini qeyd-şərtsiz qəbul edə bilməkdir, əsl qəhrəmanlıq. Ağıllı adam odur ki, dost-tanışları ilə münasibətləri pozulunca, vaxt itirmədən incikliyi aradan qaldırır. Ən ağıllı adam isə diqqətli davranıb heç vaxt dostlarını incitməyəndir.
      Bəli, nə deyirsiniz? Yuxarıdakı sətirləri oxuduqca hansı dostunuz canlandı gözünüzdə və yaxud siz kiminlə belə dostluq münasibətləri qurursunuz?
      • Hits: 253 clicks

      Tecox component by www.teglo.info