Aqil ƏLİYEV - QARDAŞININ DƏRDİNƏ ŞƏRİK OLMAQ

      Share

      Şübhəsiz ki, Uca Allahın möminlərə bəxş etdiyi ən gözəl nemətlərdən biri imandan və təqvadan qaynaqlanan qardaşlıq bağıdır. Cəmiyyəti nizama salmaq, fərdlərini dünya və axirət səadətinə qovuşdurmaq üçün göndərilən dinimiz, heç şübhəsiz ki, din qardaşlığı haqlarına da çox əhəmmiyyət vermişdir. Bu baxımdan İslam insanların dərisinin rəngini, mənsub olduğu irqini, soy-sülaləsini, cinsiyyətini və s. növdən olan cahiliyyə terminlərini rədd edərək, təqva (Allah qorxusu) düsturunu gətirmiş və on dörd əsrdən bəri gələn möhkəm qardaşlıq bağını formalaşdırmışdır. Üstünlüyün ancaq və ancaq təqvada olduğunu dərk edən insan heç bir zaman irqinə, rənginə, mal-dövlətinə, vəzifəsinə, gücünə və qüdrətinə güvənib özünü digər din qardaşlarından üstün görə bilməz, əksinə, daima qardaşını daha üstün görüb, səmimi bir mömin kimi onun sevincini, dərd-sərini paylaşmağa çalışar. Çünki o bilir ki: “Allah dərgahında ən üstün olanınız Allahdan ən çox qorxanınızdır” buyurulmuşdur. (əl-Hücurat, 13)  
      Möminlərin Allah tərəfindən qardaş elan edilməsi bu qardaşlığın nə qədər mühüm bir haqq olduğunu və özü ilə bərabər bəzi məsuliyyətləri də gətirdiyini göstərməkdədir. Qardaş olmaq demək; sevincdə, kədərdə, toy-bayramda, yasda, müsibətdə, aclıqda və yoxluqda birlikdə olmaq deməkdir. Din qardaşını sevmək, ona ehtiram göstərmək, əlindən və dilindən əmniyyətdə olduğu hissini vermək, mərhəmət etmək, yardımlaşmaq, qəminə və kədərinə şərik olmaqdır, qardaşlıq. Bunlar olmadan İslam qardaşlığından bəhs etmək əbəsdir. 
       Din qardaşlığının ən gözəl nümunəsi “Səadət Əsri” dediyimiz dövrdə, Allah Rəsulu (s.ə.s) və səhabələri tərəfindən yaşanmışdır. 
      Uca Allah Qurani-Kərimdə Mədinədə İslam qardaşlığını meydana gətirən o seçilmiş səhabələri mədh edərək belə buyurur: “Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Peyğəmbərə qəlbən) iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (əl-Həşr, 9)
      Bu ayədə göstərilən kriterilər ta on dörd əsrdir din qardaşlığının təməllərini meydana gətirən və belə bir qardaşlığı əsas alan amillərdir.
      Allah Rəsulu (s.ə.s) belə buyurur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu təhlükəyə atmaz. Bir şəxs öz din qardaşının hər-hansı bir ehtiyacını həll edərsə, Uca Allah da onun bir ehtiyacını həll edər. Kim bir din qardaşının sıxıntısını həll edərsə, Uca Allah da bunun əvəzində o şəxsin qiyamət günündə sıxıntılarından birini həll edəcək. Kim bir din qardaşının eybini örtərsə, Uca Allah da Qiyamət günü o şəxsin bir eybini örtər”. (Müslim, Birr,58)
      Yuxarıda qeyd etdiyimiz ayə və hədislərin işığında İslam cəmiyyətində hər bir müsəlmanın tabe olması vacib olan din qardaşlığını meydana gətirəcək amilləri və haqları belə xülasə edə bilərik:
       
      1. Qardaşını Allah rizası üçün özü qədər sevmək.
      2. Qardaşının sevincini, qəm-kədərini hiss etmək və hər iki halda yanında olmaq.
       3. Qardaşından maddi və mənəvi dəstəyini əsirgəməmək.
       4. Dərisinin rənginə, milli mənsubiyyətinə görə onu həqir görməmək.
       5. Dili, əli və davranışları ilə din qardaşına əziyyət etməmək.
      6. Xətalarını və səhvlərini görməzliyə vurmaq, yeri gəldiyində və uyğun bir tərzdə nəsihət etmək.
       7. Qardaşına vəfalı olmaq.
       8. Qardaşına hər görəndə salam verib onu bağrına basmaq.
      9. Xəstələndiyi zaman ziyarətinə getmək.
      10. Qardaşının cənazəsi olarsa orada iştirak etmək və səbir-təsəlli diləmək.
      Yuxarıda saydığımız bu xüsuslarla yanaşı, qardaşımızı daim arayıb-axtarmalı, mənfi vərdişləri varsa, gözəl bir üslubla nəsihət etməliyik. Unutmamalıyıq ki, din qardaşımızı hər-hansı bir səhvinə və xətasına görə özümüzdən uzaqlaşdırmağımız onu şeytanın və pis insanların əlinə təslim etməkdir. Bunun üçün də qardaşımızdan, qardaşlıq haqq və hüquqlarından dünya və axirətdə məsul olduğumuzu unutmamalıyıq. 
      • Hits: 143 clicks

      Tecox component by www.teglo.info