155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Zamanin Qiymətini Bilirikmi? / Vehbi Vakkasoğlu

      Share

      Alman dili kursundayam. Çox ciddi olan müəllim xüsusilə zaman mövzusunda güzəştə getməyi xoşlamırdı. Həftə ərzində kimin neçə dəqiqə gec gəldiyini qeyd edib, həftənin sonunda o qədər sinifdə saxlayaraq əlavə dərs verirdi.

       Bu da onsuz da kursa çətinliklə vaxt ayıra bilən iş adamlarının heç xoşuna gəlmirdi. Bir gün həftəlik cəzası 18 dəqiqə olan bir yoldaşımız əsəbiləşərək belə dedi:

                  “- Az qala saniyələri də hesablayasınız. Nə isə, xətriniz üçün başqa bir vaxt on dəqiqə sinifdə qalaram. İndi getməliyəm. Təcili işim var…”

                  Yaşlı alman qaşlarını çataraq bir müddət onu süzdü və bunları söylədi:

                  “- Olmaz! Çünki siz vacib işlərinizə bu qədər əhəmiyyət versəydiniz indi məndən on səkkiz dəqiqəlik bu cəzanı almazdınız. Unutmayın ki, dərs də sizin gündəlik vacib işlərinizdəndir. Buna görə də indi qalacaq və on səkkiz dəqiqə verəcəyim dərsi dinləyəcəksiniz.” Mən də maraq üçün sinifdə qaldım. Müəllim partaların arasında bir neçə dəfə gəzişdikdən sonra belə davam etdi:

                  “- Yoldaşlar, zamanın qədrini bilmirsiniz. Hətta mənim bu xüsusda göstərdiyim həssaslığa hirslənirsiniz. Amma mən bu məsələdə haqlı olduğuma inanıram. Bəlkə də ürəyinizdə “gavur düşüncəli adamdır də, qoy çərənləsin” -deyirsiniz.” Masasına yyaxınlaşdı və çantasından kiçik bir kitabça çıxardaraq:

                  “- Xahiş edirəm, bura baxın!” –dedi. Əlində tutduğu kitabça qatarların yola düşmə vaxtını göstərən cədvəl idi. Saatlar çox dəyişik və qarışıq idi. Məsələn yola düşmə saatı 18:18, 21:34 və s. Çatma vaxtı da bu cür qarışıq idi: 12:46, 9:27 və s... On səkkiz dəqiqə sinifdə qalma cəzası alan yoldaşımız bu rəqəmləri görəndə özünü saxlaya bilməyib bunları söylədi:

                  “- Diqqət edin, elə buradan Avropa düşüncəsinin məntiqsizliyi açıq-aydın görünür. Bu nə deməkdir? 12 dəqiqə işləmiş, 14 dəqiqə qalmış... Buna dördün yarısı, beşin yarısı desəniz olmazmı? Heç olmasa 15 dəqiqə işləmiş desəniz, adamın da yadında yaxşı qalar...” Yaşlı almanın üzündə məmnunluq hissi oxundu. İstədiyi məqamı yaxalamışdı. Dərhal:

                  “- Mənə bax, nə üçün özünüzü təhqir edirsiniz? Əlimdəki cədvəl “Avropa düşüncə”sinin məntiqsizliyi deyil, müsəlman düşüncəsinin məhsuludur. Biz avropalılar zamandan istifadə etməyi və onu qiymətləndirləyi müsəlmanlardan öyrənmişik. Gördüyünüz bu cədvəl də eyni düşüncənin nümunəsidir.” -dedi. Özümüzü itirib heyrətlə ona baxırdıq, o isə belə davam etdi:

                   “- Siz müsəlmanların ibadətlərində yer bir o qədər də əhəmiyət kəsb etmir. Dünyanın hər yerində ibadət etmək olar. Amma ibadət üçün zaman çox əhəmiyyətlidir. Çünki hər ibadətin bir vaxtı var. Hətta bu vaxt ibadətin şərtidir. Vaxtı gəlmədən edilən ibadət məqbul sayılmaz. İbadət vaxtları da eynilə qatarların vaxt cədvəli kimi 18, 17, 13, 10, 9 dəqiqə işləmişdir. Üstəlik bu dəqiqələr mütəmadi olaraq dəyişir. Bu gün sübh namazını 7:21-ə qədər qıla bilərsinizsə, sabah 7:22-yə qədər qıla bilərsiniz. 23 dəqiqə işləmiş olmaz. Yalnız namaz vaxtları belə deyil. Oruca başlama və bitirmə saatları da elədir. Gördüyünüz kimi dəqiqlik tələb edən bu hesab hər gün dəyişir. Beləliklə müsəlmanlar hər gün dəyişən zamana qarşı diqqətli olmaq, zamanın qiymətini dərk etmək və onu düzgün dəyərləndirmək üçün hazırlanırlar. İbadətlərini yerinə yetirən müsəlman hər gün dəyişən dəqiqələrə diqqət etməyə və dəqiqələri qiymətləndirərək yaşamağa məcburdur. Bizim zamanla əlaqədar fikirlərimizin ilham qaynağı müsəlmanlardır.”

                  Yaşlı müəllim “çıxa bilərsiniz” dedikdə hamımız xəcalət içində idik.

                                                    

                                                                                        Tərcümə edən: Niyaməddin Müzəffərov

      • Hits: 1054 clicks

      Tecox component by www.teglo.info