Müşfiq XƏLİLOV - ÖVLADIN VALİDEYNLƏRİNƏ QARŞI VƏZİFƏLƏRİ

      Share

      Ana övladını doqquz ay bətnində daşıyır, hamiləlik zamanı bir çox çətinliklərə məruz qalır, bəzən həyatını  riskə ataraq övladını dünyaya gətirir. Aciz olan körpəsini böyütmək üçün yuxusundan, istirahətindən, sağlamlığından belə keçir. Ailə və övladının ehtiyaclarını ödəmək üçün ata da gecə-gündüz usanmadan çalışar, övladının bir yeri ağrıyarsa ondan daha çox narahat olar; uşaqlarının rahatlığını özününkündən üstün tutar. Bəs övladın ata-anasına qarşı nə kimi vəzifələri vardır? 
      Qurani-Kərimdə Allah-Təala buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. “Mənə və ata-anana şükür et (minnətdar ol). Axır dönüş Mənədir!” (Loğman, 14) 
      Ümumi olaraq ifadə olunan bu gözəl rəftarı maddələr halında belə təsnif edə bilərik:
      1. İtaət (hörmət): Övladın ana-ataya qarşı ən önəmli vəzifəsi onlara itaət etmək, edilməsi haram olmayan istəklərini yerinə yetirməkdir. Allah-Təala belə buyurur: “Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!” (əl-Ənkəbut, 8) 
      Ata-anaların istək və arzularını yerinə yetirmək Allahın əmridir. Ancaq bu bir istisnadır ki, valideynlər övladından Allaha qarşı gəlməsini, Onu inkar etməsini, fərz qıldığı bir şeyi etməməsini, haram qıldığı şeyləri etməsini əmr edərsə, onların bu istəkləri yerinə yetirilə bilməz. 
      2. Valideynlərlə mülayim davranmaq: Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de”. (əl-İsra, 23-24)
       Peyğəmbərimiz də (s.ə.s) “Kimə yaxşılıq edim?” - deyə soruşan səhabəyə üç dəfə: “anana”, - cavabını verdikdən sonra dördüncü dəfə soruşulduqda: “atana yaxşılıq et”, - demişdir. (Buxari Ədəb, 2; Müslim Birr,1) 
      3. Maddi ehtiyaclarını ödəmək: Yaşlanıb öz ehtiyaclarını təmin edə bilmədikdə valideynlərin bütün ehtiyaclarını təmin etmək övladların borcudur. Uca Allah bu vəzifəni övladlara yükləmişdir: “(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir”. (əl-Bəqərə, 215) 
      4. Razılıqlarını qazanmaq: Abdullah b. Amr b. əl-Asın rəvayətinə görə: “Bir adam Peyğəmbərimizin (s.ə.s) yanına gələrək cihada getmək üçün izin istədi. Peyğəmbərimiz (s.ə.s) də ondan: “valideynlərin sağdırmı?” - deyə soruşdu. O adam: “bəli”, - deyəndə Peyğəmbərimiz (s.ə.s): “O halda sən öncə onların razılığını almağa çalış”, - deyərək ona bu vəzifəsini xatırlatdı”. (Təcridi-Sarih tərcüməsi,VIII, 377)
      5. Öldüklərində xeyirlə xatırlamaq, dua etmək: Valideynlərimiz öldükdən sonra onlara qarşı olan vəzifələrimiz bitməz. Valideynlərimizi xeyirlə yad etməli, bağışlanmaları üçün dua etməliyik. Məsələn, Allah-Təalanın Qurani-Kərimdə bizə öyrətdiyi kimi, belə dua edə bilərik: “Ey Rəbbimiz! İnsanların hesaba çəkiləcəyi Qiyamət günündə məni, atamı, anamı və bütün möminləri bağışla!”. (İbrahim, 41) 
      Səhabələrdən biri: “Ölümlərindən sonra valideynlərim üçün edə biləcəyim bir yaxşılıq varmı?” - deyə soruşduqda, Allahın Elçisi (s.ə.s) belə buyurmuşdur: “Bəli: onlara xeyirlə dua etmək və Allahdan bağışlanmalarını diləmək. Varsa, vəsiyyətlərini yerinə yetirmək, dostları ilə münasibətləri davam etdirmək, qohumları ilə əlaqəni kəsməmək”. (Buxari, Ədəbül-Müfrəd, 19)
      Ölümlərindən sonra ediləcək duanın valideynlər üçün faydasını Peyğəmbərimiz (s.ə.s) belə ifadə etmişdir: “İnsan öləndə əməl dəftəri bağlanır. Ancaq bu üç şey xaricində davam edər - davam edən sədəqə, insanların faydalanacağı bir elm və arxasından xeyirlə dua edən bir övlad”. (Buxari, Ədəbül-Müfrəd, 19)
      Həyatda və öldükdən sonra valideynlərinə qarşı vəzifələrini yerinə yetirən, onları məmnun edib, xeyir-dualarını alan kimsə dünya və axirətin ən böyük xoşbəxtliklərindən birini qazanmış olur. Çünki Peyğəmbər (s.ə.s) belə insanların bərəkətli, uzun bir ömrə sahib olacaqlarını, valideynlərin onlar üçün edəcəkləri duaların Allah tərəfindən mütləq qəbul ediləcəyini və cənnəti qazanacaqlarını müjdələmişdir.
      Gerçək valideyn sevgisi, “anamı, atamı sevirəm” deməkdən ibarət deyildir. Həqiqi valideyn sevgisi onlara qarşı maddi və mənəvi hər cür vəzifəmizi yerinə yetirərək  bu sevgimizi isbat etməkdir. 
      • Hits: 138 clicks

      Tecox component by www.teglo.info