Həzi ASLANOV - UĞUR NƏDİR?

      Share

      “Uğur nədir?”, “necə əldə olunur?”, “nədə uğur qazanmaq mümkündür?”, “uğursuzluq nədir?” kimi suallar, yəqin ki, sizi də düşündürür.
      Hər kəs dayanmadan uğurdan danışır, uğur əldə etməyin yolları haqqında kitablar oxuyur, treninqlərə qatılır. Hətta bu yolda müəyyən sertifikatlar belə alır. Sən də haqlı olaraq “uğur”un nə olduğu haqda düşünürsən, bununla zehnin məşğul olur. Elə deyilmi?
      Əvvəlcə onu təəssüflə qeyd edim ki, “uğur” dedikdə əksər şagird, tələbə, müəllim və valideynlərin ağlına ilk olaraq dərs və imtahan gəlir. Yəni uğur qazanan biri və ya ideal gənc dərslərini yaxşı oxuyan və imtahanlardan yüksək nəticələr əldə edəndir. Cəmiyyətdə belə bir təsəvvür formalaşmışdır.
      Bəs görəsən, sosial həyatdan qopmuş, dostları, qohumları və yaxınları ilə qaynayıb qarışmayan, ailəsinə hər hansı köməklik göstərməyən, dərs çalışmaqdan başqa hər hansı bir zövqü olmayan, tək hədəfi imtahanlarda yüksək bal toplamaq olan biri nə qədər uğur qazanmışdır və ya nə dərəcədə ideal gəncdir?
      Sabah məktəb və dərslər qurtardıqdan sonra həmin ideal gənc nə edəcək, nəylə təsəlli tapacaq, cəmiyyətə necə inteqrasiya olacaq? Bütünü ilə sosial mühitdən uzaq qalmış, baba-nənəsini, qohum-əqrəbasını sevməyən, axtarmayan və onları ziyarət etməyən biri...
      Sadəcə dərs çalışılır, sadəcə imtahanlarda uğur qazanılır?
      Və ya sadəcə imtahanı qazanmaq üçün çalışırlar? Çalışmaq bununla məhduddur?
      Buradan üzümü gənclərə tutaraq soruşmaq istəyirəm: “Sən də belə biri olmaq istəyərdin?”
      Dərs və imtahan, həyata hazırlanarkən keçilməsi lazım olan bir mərhələdir sadəcə. Məqsəd halına gətirməmək lazımdır.
      Qrammatikadan bütün testləri həll etdiyi halda tərcümeyi-halını belə yaza bilməyən, ədəbiyyatla bağlı bütün sualları cavablandırdığı halda bir şeirdən zövq almayan, riyaziyyatdan ən çətin misalları həll etdiyi halda marketdə bəsit bir hesabın içindən çıxa bilməyən, çox şey bilən, ancaq bildiyini həyatda tətbiq edə bilməyənin harası idealdır?
      İnsanın sosial həyatı da olmalıdır. Ailədən və qohumlardan qopmamalıdır. Xüsusən də ailə dəyərlərinin pozulmağa doğru üz tutduğu bu dövrdə...
      Dünya sadəcə sənə aid olmadığı kimi, həyat da sadəcə səninkindən ibarət deyildir. Bir ailən, qohumun, qonşun var, daha doğrusu, bir cəmiyyətin içində yaşayırsan; bir xalqa mənsubsan və böyük insanlıq ailəsinin bir üzvüsən. Sənin onlara qarşı da məsuliyyətlərin var. Sadəcə almağı deyil, verməyi də düşünmək lazımdır.
      Ata-ananla söhbət etməli, qardaş-bacınla oyun oynamalı, baba-nənəni ziyarət etməli, onların əllərindən öpməlisən. Dərsə gəlməyən yoldaşını axtarmalı, dərdi varsa paylaşmalı, təsəlli etməli, əlindən gəlirsə həll etməyə çalışmalısan.
      Kasıblara əl tutmağı, yıxılanın əlindən tutaraq qaldırmağı bacarmalısan. Kədərli insanların kədəri ilə dərdlənməli, ağlayan uşaq gördükdə “nə etsəm təsəlli tapar” deyə düşünməlisən. Xüsusən, “bu qış günlərində, görəsən, üşüyən uşaq varmı?” deyə düşünməli, hətta tələbə yoldaşlarınla belə uşaqlar üçün lazım olan geyim, istilik, oyuncaq və s. kimi şeyləri onlar üçün təşkil edə də bilərsiniz. Axı siz bu günün tələbəsi, sabahın isə hər hansı bir vəzifədə çalışan məmuru olacaqsınız. İndidən empatiya qurmağı, yaxşılıq etməyi, yardım əli uzatmağı öyrənməyiniz lazımdır. 
      Bəli, sevdiklərin üçün, xeyirxah işlər üçün, lazım gəlsə, yuxundan, rahatçılığından, əyləncəndən, cibxərcliyindən vaz keçə biləsən, fədakarlıq edəsən. İnsan olmaq bunu tələb edir.
      Gəzməli, əylənməli, idmanla məşğul olmalısan. İctimai və mədəni fəaliyyətlərə qatılmalısan. Yaxşı bir musiqi dinlədiyində, gözəl şeir oxunduğunda ondan zövq ala bilməlisən. Bir çiçəyin ətri, bir quşun cikkildəməsi, bir pişiyin sənə sığınması xoşbəxt etməlidir səni.
      Həyatın mərkəzinə özünü qoyan, mənfəəti üçün hər şeyi edən, hamıya yuxarıdan baxan eqoist birinin nəinki cəmiyyətə, heç özünə də faydası olmaz. Heç kim səmimi olaraq onu sevməz. Bəlkə bir mənfəəti üçün üzünə gülənlər ola bilər, amma heç vaxt həqiqi dostu olmaz. Belə biri necə xoşbəxt ola bilər?
      Çalışmaq deyərkən bunlar da başa düşülməli, uğur deyildikdə bunları da anlamalısan. 
      Təbii ki, dərslərini ehmal etmədən, təbii ki, imtahanda uğur qazanmaqdan vaz keçmədən...
      Məktəbdən, universitetdən kənar uğurlar da vardır. Məsələn, iş həyatında, ictimai həyatda, fərqli qabiliyyətlərdə və s.
      Öz işində sıradan biri olmaq yerinə, ən yaxşısı olmaq, özünü hər zaman yeniləmək, inkişaf etdirmək, həmkarlarına nümunə olmaq, üfüq açmaq, əsər vermək, kəşflər etmək, yeni icadlar tapmaq...
      İctimai həyatda önə çıxmaq, könüllülərin fəaliyyətində yer almaq, sosial xidmətlərdə iştirak etmək, xeyirxah işlərə qabaqcıllıq etmək...
      Hobbilərinə vaxt ayırmaq, bacarıqlarını üzə çıxarmaq, kurslara getmək, fərdi inkişafa vaxt ayırmaq...
      Əsas odur ki, istə və çalış...
      Ən böyük uğur və ən ideal gənc dərsləri ilə yanaşı, insani keyfiyyətlərdə də öndə olandır.
      Sən də varsansa bu yolda, haydı, buyur. Yol səni, cəmiyyət də uğurunu görmək istəyir.
      • Hits: 103 clicks

      Tecox component by www.teglo.info