Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Qurani-Kərimdə neçə ayə var?
      Cavab: Bilindiyi kimi, Quran cümlələrinə ayə deyilir. Qurani-Kərim ayələrinə nöqtə qoymaqla bağlı işlər gedərkən ayələrin müəyyən edilməsində cüzi də olsa bəzi fərqliliklər meydana gəlmişdir. Məsələn, bəzi alimlərin müstəqil bir ayə olaraq müəyyən etdiyi bir ibarə digər bəzi alimlər tərəfindən iki ayə kimi düşünülmüş və beləcə, möhtəvası dəyişməməklə bərabər, ayələrin sayında müəyyən fərqliliklər ortaya çıxmışdır. Belə olan təqdirdə, İslam alimləri tərəfindən ayələrin sayı 6000, 6204, 6214, 6219, 6226, 6236 və 6666 olmaqla müxtəlif saylar müəyyən edilmişdir. Bu gün çap edilən Quran kitablarındakı ayələrin sayı 6236 ayədir.   
       
      Sual: Kəramət nə deməkdir? İslamda kəramət varmı?
      Cavab: Lüğətdə “qiymət, dəyər” kimi mənalara gələn kəramət kəlməsi dini terminologiyada peyğəmbərlik iddiası olmadan əməlisaleh bir mömində meydan gələn qeyri-adi hal deməkdir. Əgər bu kimi hallar meydana gələn şəxs əməlisaleh bir insan deyilsə, həmin qeyri-adi hala “istidrac” deyilir. Kəramət Uca Allahın vəli quluna əta etdiyi bir ikramdır. Kəramətin böyük və kiçik olmaqla iki növü vardır. Belə ki, böyük kəramət/kəraməti-kübra  insanın istiqamət üzrə olması, davranışlarının Quran və Sünnəyə müvafiq olmasıdır. Kiçik kəramət/kəraməti-süğra isə suyun üzərində gəzmək, odda yanmamaq, uzun məsafəni qısa müddətdə qət etmək və s. kimi hallardır. Sufilər bu kimi kəramətlərə əhəmiyyət verməzlər. Kəramət zahir olar, izhar edilməz, yəni Haqqın istəməsi ilə meydana gələr, kiminsə istəməsi ilə göstərilməz. Bir möminin vəli olması üçün bu kimi kəramətlər göstərməsi şərt deyil. Əqaid kitablarında “kəramət haqdır” deyə bir hökm vardır. Bu, vəli bir mömin tərəfindən kəramət zahir ola bilər mənasına gəlir. Odur ki, kəramət təqva sahibi olanlara Allahın bəxş etdiyi bir ikram kimi görülməlidir.
       
      Sual: Dəstəmaz alarkən niyyət etmək fərzdir?
      Cavab: Dəstəmaz alarkən niyyət etmək Hənəfi məzhəbinə görə sünnə, digər məzhəblərə görə isə fərzdir. Belə ki, Hənəfilər dəstəmaz ayəsi kimi bilinən “Maidə” surəsindəki ayədə əmr edilənlər arasında niyyətin olmadığını dəlil gətirərək dəstəmaz alarkən niyyətin fərz olmadığı qənaətinə gəlmişlər. Çünki bu ayədə üzü yumaq, qolları dirsəklərlə birlikdə yumaq, başı məsh etmək və ayaqları topuqlarla birlikdə yumaq əmr edilmişdir. Dəstəmazın mahiyyəti kirlərdən təmizlənməkdir. Belə olan təqdirdə, hikməti bilinən bir ibadət olaraq dəstəmazda niyyət etmək şərt deyildir. Bundan əlavə, namazın şərtlərindən olan “nəcasətdən təharət” və “sətri-övrət” üçün niyyətin fərz olmaması da dəstəmazda niyyətin fərz olmadığına dəlalət edir. Digər məzhəblər isə Uca Allahın “Halbuki onlara dini yalnız Allaha məxsus edərək və hənif olaraq (Allaha şərik qoşmadan) Ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdu” (əl-Bəyyinə, 98/5) ayəsi ilə Həzrət Peyğəmbərin (s.ə.s) “Əməllər niyyətlərə bağlıdır...” (Buxari, Bədül-vəhy, 1) hədisi-şərifini əsas alaraq hər bir ibadətdə olduğu kimi, dəstəmazda da niyyətin fərz olduğu fikrini mənimsəmişlər. 
       
      Sual: Dəstəmaz alarkən müəyyən duaları oxumaq şərtdir?
      Cavab: Bəzi kitablarda dəstəmaz alarkən hər bir üzv yuyularkən ayrı-ayrı oxunan duaların olduğu qeyd olunur. Ancaq mötəbər rəvayətlərdə, Həzrət Peyğəmbərin (s.ə.s) dəstəmaz alarkən xüsusi bir dua oxuduğu yer almamaqdadır. Odur ki, dəstəmaz alarkən sözügedən duaların oxunması şərt deyil. Ancaq istəyən dualar oxuya bilər və oxunmasında hər hansı bir qəbahət yoxdur. Bundan əlavə, qeyd edək ki, səhih rəvayətlərə görə, Həzrət Peyğəmbər (s.ə.s) dəstəmaz aldıqdan sonra: “Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur və mən şahidlik edirəm ki, Muhamməd Onun qulu və peyğəmbəridir. Allahım, məni tövbə edənlərdən və təmizlənənlərdən et!” duasını oxuyan üçün cənnətin səkkiz qapısının açılacağını və istədiyi qapıdan girməsinə icazə veriləcəyini müjdələmişdir (Tirmizi, Təharət, 41). 
       
      Sual: Gözə taxılan lens dəstəmaz və qüsl almağa əngəl təşkil edərmi?
      Cavab: Qüsl və dəstəmazda gözün içini yumaq fərz deyil. Belə olan təqdirdə, gözdəki lens qüsl və dəstəmaz almağa əngəl təşkil etmir. Çünki gözlərin içini yumaq həm məşəqqətlidir, həm də gözlər üçün zərərlidir. 
      • Hits: 114 clicks

      Tecox component by www.teglo.info