155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran MƏMMƏDOV - HƏYATIMIZDA İMANIN YERİ

      Share

      Hər bir mömin Allahın endirmiş olduğu kitab və suhuflara iman edir. Əlimizdə kitabların mövcudiyyətini təsdiq edən kəlamların ən üstünü, keçmiş və gələcəyin xəbərlərini insanlara bildirən, bütün elmlərin əsasını və qaynağını təşkil edən, yeganə dəyişməz kitab olan Qurani-Kərim var.

       Quranı qəbul edən şəxs öncəki kitabları və suhufları da qəbul etmiş olur. Quranı sevən şəxs bütün səmavi kitabları sevmiş olur. Quranı inkar edən, ona qarşı ədəbsizlik edən, qəbul və təsdiq etməyən isə öncəki bütün səmavi kitabları da inkar və təhqir etmiş sayılır. Möminlər Qurana göstərdiyi hörməti Tövrata, Zəbura və İncilə də göstərərlər. Çünki kitablara iman bu kitabları da möhtəvasına alır. Ancaq onu da qeyd etməliyik ki, bu gün əlimizdə Qurandan başqa doğruluğunu və müqəddəsliyini qoruya bilmiş heç bir kitab qalmamışdır. Allah qatında din sadəcə İslamdır. İslam Həzrət Adəmdən son peyğəmbər Həzrət Muhammədə (s.ə.s) qədər gəlmiş-keçmiş bütün peyğəmbərlərin və onların gətirdiklərinə iman edən möminlərin dinidir. İslamın ən birinci qaynağı isə Qurandır. Qurani-Kərim öncəki kitabları təsdiq edir, amma onlarla əməl etməyi əmr etmir. Peyğəmbərimiz bəzi səhabələrin əlində Tövrat səhifələri görmüş və belə demişdi:

      “Vallahi, Musa (ə.s) aramızda olsaydı, mənə tabe olmaqdan başqa bir iş görməzdi”. (Əhməd b.Hənbəl, Müsnəd,  3/338; Bəzzar, Elm 124; Əbu Yala, Müsnəd, 4/102.)

      Həyatımıza yön verən iman əsaslarından bir digəri də Allahın peyğəmbərlərinə imandır. Allah hər millətə peyğəmbər göndərmişdir. Qurani-Kərimdə belə buyurulur:

       “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”  (əl-İsra, 15)

      Peyğəmbərlər kişilərdən, ən fəzilətli olanlardan, ən doğru danışanlardan seçilir. Peyğəmbəri yalnız Allah seçər. İlk peyğəmbər Adəm (ə.s), son peyğəmbər isə Muhamməddir (s.ə.s). Bütün peyğəmbərlərin dininin ümumi adı İslamdır. Onlara tabe olanlara isə müsəlman deyilir. İnsanlar peyğəmbərə inanmaq mövzusunda çətinlik çəkirlər. Çünki peyğəmbərə iman edən ona itaət etmək məsuliyyətini də yüklənmiş olur. Buna görə də tarix boyunca bəzi peyğəmbərlərə qövmündən təkcə bir-iki nəfər iman etmiş, bəzilərinə əlli-yüz, bəzilərinə isə heç iman edən olmamışdır. Məsələn, Nuha 80 nəfər, Luta iki qızı, Yunusa yüz min nəfər, İsaya 12 nəfər iman etmişdi (əleyhimussalam). Bu gün İsa peyğəmbərə iman edənlərin sayı çox görünsə də, ona düzgün şəkildə müsəlmanlardan başqası inanmır. Son ümmətin xüsusiyyətlərindən biri də Muhamməd (s.ə.s) ilə bərabər bütün peyğəmbərlərə iman etməsidir.

      Quranda axirətə iman Allaha imandan dərhal sonra zikr edilmişdir. Çünki Allaha iman başlanğıc, axirətə iman isə o imanın nəticəsidir. Bir şeyin çıxış (bidayət) nöqtəsi nə qədər güclü və tutarlı olarsa, nəhayəti də o qədər sağlam və möhkəm olar. Edilən bir yaxşılığın, işlənən hər əməlin və günahın, inkar edilən hər ayənin və rədd edilən hər hökmün qarşılığı o ədalət məhkəməsində veriləcəkdir. İnsanların qəbul etmədikləri və ya idrak edə bilmədikləri axirət inancı möminlərin inancının əsasıdır. Dünya bir imtahan yeri, axirət isə o imtahana qiymət verilən yerdir. O gün haqq və ədalət günüdür. İnanmayanlar da yenidən diriləcək və Allahın hüzurunda hesab verəcəklər. Dünya nemətlərinin dəyəri axirətə nisbətən okeandan bir damla qədər belə deyildir.

      İmanın əsaslarından biri olan, hətta imanın ayrılmaz bir parçası sayılan “qədər” mövzusu da möminin Allaha olan imanının dəstəkləyici ünsürüdür. Qədər - qulların etdiyi hər şeyi, xeyri də, şəri də Allahın yaratması və bunları qulları yaratmadan əvvəl lövhi-məhfuzda yazmış olmasıdır. Hər şeyə qadir olan Allah, hər şeyi bir ölçüyə (qədərə) bağlı olaraq yaratmışdır. Çünki yaradan və təqdir edən Odur. Qurani-Kərimdə qədərdən bəhs edən bir çox ayələr mövcuddur.  (Ali İmran, 145; əl-Qəmər, 49-53; əl-Hicr, 20-21)

      Qurani-Kərimdə buyurulur:

      Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (əs-Saffat, 96)

      Xeyir və şəri yaratdığı kimi, imanı və küfrü də yaradan Allahdır. Allah qullarının iman və itaət etməsinə razı olur və qarşılığında qullarına savab yazır. Qullarının Onu inkar etməsinə və əmrlərinə qarşı gəlməsinə razı olmaz və belə hərəkət edənləri cəzalandırar.

      Qədər Allahın sirlərindən bir sirdir. Bu sirrin əsl mahiyyətini mələklər də bilməz, peyğəmbərlər də. Qədər mövzusu dibi görünməyən quyuya bənzər. Bizim borcumuz bu məsələyə ümumi olaraq iman etməyimizdir.

      Yuxarıda saydığımız iman əsasları ilə bərabər möminlərin fərz olan əməllərə və qadağan olan işlərə də inanmaları (halal və haramı qəbul etmələri) vacibdir.

       

      • Hits: 22 clicks

      Tecox component by www.teglo.info