Nicat QƏRİBOV - ƏSRİ-SƏADƏTDƏN BİR XATİRƏ

      Share

      Safiyyə anamız yəhudilər arasında tanınmış şəxs olan Hüyeyin qızı idi. İslamı üstün tutaraq Rəsulullahın (s.ə.s) zövcəsi olmaqla şərəflənmişdi.

      Bir gün Hz. Safiyyənin cariyəsi onu xəlifə Hz. Ömərə bu şəkildə şikayət etdi:

      “Ey möminlərin əmiri! Safiyyə şənbə gününü çox sevir və yəhudilərlə olan əlaqəsini davam etdirir”.

      Bu məsələ ilə bağlı Həzrət Ömər vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün bir nəfəri Safiyyə anamızın yanına göndərdi. Hz. Safiyyə belə cavab verdi:

      - Şənbə gününü soruşursunuz. Allah onun yerinə mənə cüməni ehsan edəndən sonra o günü sevmirəm. Yəhudilər haqqındakı suala gəldikdə isə, onu deyə bilərəm ki, onların arasında mənim qohumlarım var. Sileyi-rəhmə (qohumlarla əlaqə saxlamaq) riayət edirəm.

      Sonra Safiyyə anamız cariyəsinə tərəf çevrilərək bu iftiranı atmağının səbəbini soruşdu.

      Cariyə:

      - Şeytana uydum, – deyərək təqsirini boynuna aldı.

      Safiyyə anamızın cavabı isə onun mənimsədiyi İslam əxlaqının möhtəşəmliyini göstərirdi. Onu haqsız yerə ittiham edən cariyəsinə:

      - Get, səni azad etdim, – dedi.

      Necə ki, ayeyi-kərimədə də belə tövsiyə edilir:

      “... Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!” (Fussilət, 34)

       

       

      QONŞULUĞUN ƏHƏMİYYƏTİ

       

      Rəsulullah (s.ə.s) belə buyurdu:

      - Allah-Təala ruzini aranızda böldüyü kimi, əxlaqı da aranızda bölmüşdür. Allah dünyanı sevdiyinə də verir, sevmədiyinə də. Dini isə ancaq sevdiklərinə verir. Allah kimə dini lütf edibsə, deməli, onu sevir. Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, bəndə qəlbi və dili ilə təslim olmadıqca müsəlman sayılmaz. Qonşusu onun şərindən əmin olmadıqca da iman etmiş olmaz.

      Əshabi-kiram soruşdu:

      - Ya Rəsulallah! Onun şəri və zərərləri necə olur?

      Rəsulullah (s.ə.s) cavab verdi:

      - Düşüncəsiz və cahilanə hərəkətləri ilə ona zülm edərək.

      Ümumiyyətlə, Rəsulullah (s.ə.s) qonşu haqlarını belə açıqlayır:

      Bir nəfər ailəsinə və malına dəyəcək zərərdən qorxduğu üçün qapısını qonşusuna bağlı saxlamaq məcburiyyəti ilə üzləşirsə, o qonşu həqiqi müsəlman deyil. Eyni zamanda şərindən arxayın olmadığın qonşu da həqiqi müsəlman deyil. Qonşu haqqının nə olduğunu bilirsənmi? Səndən yardım istəyəndə yardım etmək, borc istəyəndə borc vermək, möhtac olduğu zaman ehtiyacını görmək, xəstələndikdə onu ziyarət etmək, başına xeyirli iş gəldikdə onu təbrik etmək, müsibət baş verdikdə dərdinə şərik olmaq, öləndə dəfnində iştirak, icazəsi olmadan evini onun evindən daha hündür tikib küləyin, havanın qarşısını kəsməmək, bişirdiyin yeməkdən az da olsa ona göndərmək şərti ilə xörəyin qoxusu ilə onu narahat etməməkdir. Bazardan bir meyvə aldığın zaman ona da ver. Əgər bunu edə bilmirsənsə, meyvəni evə elə apar ki, qonşu görməsin. Uşaqların da meyvəni əlinə alıb bayıra çıxaraq qonşu uşaqlarını umsuq etməsinlər.

       

       

      BORC BİR BUXOVDUR

       

      Hz. Peyğəmbərin söz və hərəkətlərindən borc almağın məkruh olduğunu başa düşmək olar. Hz. Aişədən öyrəndiyimizə görə, Peyğəmbərimiz (s.ə.s) hər namazdan sonra borcdan qurtulmaq üçün Allaha yalvarmışdır. Digər tərəfdən, Rəsulullahın borclu olaraq ölən müsəlmanın cənazə namazını  (camaatdan biri borcuna zamin olana qədər) qıldırmaqdan imtina etməsi də çox ağır bir hadisədir. Borcla bağlı hədislər belədir:

      “Çalış borclu olaraq ölmə. Çünki axirət savab və günah yeridir. Orada ödəmək üçün qızıl və gümüş yoxdur və heç kəsə zülm edilməz”.

      “Allah nəzərində Allahın yasaqladığı günahlardan sonrakı günahların ən böyüyü borcunu ödəmədən ölməkdir”.

      “Borc bir buxovdur və ağır bir bağdır. Bu, bəndənin boynuna yüklənir. Borc adamı üzərək kədərləndirir”.

      “Kim qaytarmamaq niyyəti ilə borc alarsa, Allahın hüzuruna oğru kimi gələr”.

      “İmkanı olduğu halda borcu ödəməmək zülmdür”.

      “Allah qatında işlərin ən gözəli mömin qardaşının qəlbini sevinclə doldurmaq, onun borcunu ödəmək və ya ona yemək yedirməkdir”.

      “Ödəmək məqsədi ilə borc alana Allah yardım edər”.

      • Hits: 122 clicks

      Tecox component by www.teglo.info