155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLİYEV - HESAB GÜNÜ YAXINLAŞIR

      Share

      Qurani-Kərimdə fərqli ifadələrlə işarə olunmasına baxmayaraq, hamısı bir mənaya gələn Hesab Günü, Qiyamət qopduqdan və diriliş gerçəkləşdikdən sonra insanların Məhşər deyilən yerdə toplanmasına, dünyada ikən etmiş olduqları yaxşı və ya pis əməllərin əvəzini alacaqları günə deyilməkdədir. 

      Bu günə Fatihə surəsində “Yəvmud-din” (Hər şeyin əvəzinin, qarşılığının veriləcəyi gün) , Nəbə surəsində  “Yəvmul-fasl” (Yaxşı əməl sahibləri ilə günahkarların bir-birindən ayrılacağı gün) kimi ifadələrlə işarə olunmuşdur. Bu ifadələr hamısı bizlərə bu böyük və dəhşətli  günün mütləq baş verəcəyindən və hər an yaxınlaşdığından xəbər verməkdədir.

                Uca Allah bu barədə bir ayədə belə buyurur: “İnsanlara haqq-hesab günü (qiyamət) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan)  üz döndərirlər (Qiyamət insanlar üçün nə qədər uzaq görünsə də, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)”. (əl-Ənbiya, 1)

                Düşünən, təfəkkür edən ağıllı insan hər bir şeyin bir sonu olduğu kimi üzərində yaşadığı bu dünyanın da bir sonunun mütləq olacağını, bu dünyanın axirəti qazanmaq üçün bir fürsət və əkin yeri olduğunu, hər kəsin burada nə əkərsə axirətdə onu biçəcəyini yaxşı bilər. Hesab günü onu daima düşündürər və bunun üçün də həyatını Uca Allahın rizasına uyğun şəkildə qurar. Heç vaxt qəflətə düşüb axirəti və hesab gününü unutmaz.  Bu haqda Allah Rəsulu (s.ə.s) bir hədisi-şərifində belə buyurmaqdadır: “Ağıllı insan öz nəfsinə hakim olan və ölümdən sonrakı həyat  üçün çalışan insandır...” (Tirmizi, Qiyamət, 25)

      Hesab gününə, axirət həyatına inanmaq insanları və toplumları hər bir fəsaddan, əxlaqsızlıqdan, haqsızlıqdan, ədalətsizlikdən xilas edən yeganə yoldur.

      Ağılla hərəkət edib nəfsinə hakim olmaq, ölümdən sonrakı həyatı, axirətdə hesab verəcəyini  düşünərək yaşamaq insanı daima yaxşı işlərə, xeyirli və faydalı əməllərə yönəldəcək, pis vərdişlərdən, insanların haqlarına təcavüz etməkdən, yalan və hiyləgərlikdən uzaqlaşdıracaqdır. Belə insanların çoxluğu isə cəmiyyətləri fəzilətli insanlar halına gətirəcəkdir.

      Yuxarıda qeyd olunan ayənin də işarə etdiyi qafil insanlar isə bu dünyanı oyun və əyləncədən ibarət sanar, halal-haram demədən necə gəldi yaşayar, yalanla, hiylə ilə mal-dövlət qazanar, sonda bunların hesabını vermək üçün Allahın hüzuruna çağırılanda min bir peşmanlıq çəkər. O zamankı peşmançılığın isə heç bir faydası olmaz. Belə insanların özlərinə bir faydaları toxunmadığı kimi, cəmiyyətə də faydalı ola bilməz, əksinə, pis vərdişlərə, mənfi yollara qurşanar; özləri azdıqları kimi bir çoxlarına da mənfi örnək olarlar. Belə insanları Allah Rəsulu (s.ə.s) “aciz insan” adlandırmışdır.

      Hesab günü hər kəsin önünə bu dünyada ikən etdiyi bütün yaxşı və pis əməlləri qeyd edib göstərən əməl dəftərləri açılıb qoyulacaq: “Oxu kitabını! Bu gün özünü mühakimə edəcək bir vəziyyətdəsən” (əl-İsra, 14),- deyiləcəkdir.

      İnsanlar əməl dəftərlərini əllərinə aldıqdan və etdikləri hər bir əməlin ən incə məqamlarının belə yazılıb, qeyd edildiyini gördükdən sonra Uca Allah tərəfindən hesaba çəkiləcəkdir. Günahkarlar əməl dəftərinin ən incə məqamları belə qeyd etdiyini gördükdə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı kənara qoymamış, hamısını sayıb yazmışdır!. Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” (əl-Kəhf, 49)

      Hesab və sorğu-sual əsnasında əməl dəftərlərindən əlavə, insanın orqanları da bu dünyada etdiklərinə şahidlik edəcəkdir. Bu haqda Uca Allah belə buyurmaqdadır: “Bu gün (qiyamət günü) biz onların ağızlarını möhürləyərik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar. Ayaqları isə şahidlik edər”. (Yasin, 65)

      O gün zərrə qədər xeyir bir iş, yaxşı bir əməl edənin mükafatı, pis bir iş, günah bir əməl edənin isə cəzası ədalətli bir şəkildə veriləcək, heç kimə haqsızlıq edilməyəcəkdir.

      Allah Rəsulu (s.ə.s) bir hədisi-şərifində hesab günü Adəm oğlunun bu beş şeydən sorğu-sual olunmadan Uca Allahın hüzurundan ayrılmayacağını bildirmişdir: “Ömrünü harada tükətdin? Gəncliyini necə keçirdin? Haradan qazandın? Haralara xərclədin? Bildiklərinlə necə əməl etdin?” (Tirmizi, Qiyamət, 1)

      • Hits: 15 clicks

      Tecox component by www.teglo.info