155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Dr. Rüfət ŞİRİNOV - DÜNYADA AXİRƏTİNİ QURTAR!

      Share

      Allaha inamın isbat və təzahürlərindən biri də, gələcəyindən şəkk-şübhənin olmadığı axirət gününə və qiyamətin qopmasına səmimi qəlbdən inanmaqdır. Qiyamət və axirət günü ilə əlaqəli el arasındakı “gedib-qayıdan varmı?” “görən varmı?” kimi müxtəlif yersiz və istinadsız dəyərləndirmə və fikirlər iman kamilliyinə kölgə düşürən və insanı imansızlaşdıran təhlükəli ifadələrdir. 

      Halbuki uca Allah Qurani-Kərimdə qiyamətin haqq olduğuna və axirət günündə mütləq hər kəsin hesaba çəkiləcəyinə dair ayə və surələrə yer vermişdir. Bu xəbərdarlıq və məlumatları görməmək və yaxud görmək istəməmək Allaha və onun ayələrinə şübhə ilə yanaşmaqdan başqa bir şey deyildir.

      Məsələyə şübhə ilə yanaşanlar olduğu kimi bütün incəlikləri ilə maraqlanan, əlamətlərini incələyən və həyatını bu minvalda tənzimləyənlər də vardır. Qiyamət gününün haqq olduğu və axirət günündə haqq-hesaba çəkiləcəyinə dair heç bir möminin şübhəsi yoxdur. Ancaq əsas məsələ ondan ibarətdir ki, axirətin varlığına inanmaq qədər ona hazır olmaq da önəmlidir. Necə ki, namazın fərz olduğunu bilib qılmamaq səhv isə, eyni şəkildə axirətin varlığını qəbul edib ona hazırlıq görməmək də bir o qədər yanlışdır. Molla Nəsrəddinə nisbət edilən bu ifadə necə də mənalıdır. Molladan soruşulur ki, qiyamət nə vaxt qopacaq? O da cavab verir ki, “sən vəfat edincə qiyamətin qopmuşdur”. Deməli, bir insan bu fani dünyadan əbədi dünyaya köçdüyü andan etibarən onun qiyaməti qopmuşdur. Odur ki, hər bir müsəlman qiyamətin qopma zamanı qədər ona nə hazırladığı ilə də yaxından maraqlanmalıdır. Çünki haqq-hesabın görüldüyü axirət günündə xeyirli əməllərinin çox olması üçün ölənə qədər çalışmaq və cəhd etmək lazımdır. Öldükdən sonra buna fürsət qalmayacaqdır. Dünyanın axirətin tarlası olduğu həqiqətini də unutmamaq lazımdır. Burada əkilənlər axirət günündə hər bir əkinçi tərəfindən biçiləcək və həqiqi məhsuluna orada qovuşacaqdır.

      Ənəs ibn Malik tərəfindən rəvayət olunan bu hadisə həyat və axirətin gerçəyini anlamaq baxımından çox əhəmiyyətlidir. Bir gün bir nəfər Həzrət Peyğəmbərdən (s.ə.s) soruşur: “Ya Rəsulallah. Qiyamət nə vaxtdır?”. Hz. Peyğəmbər (s.ə.s) isə onun sualına: “Qiyamət üçün nə hazırlamısan?” – sualı ilə cavab verir. Adam: “Allah və Rəsulunun məhəbbətini”, – deyir. Bu cavabı eşidən Hz. Peyğəmbər: “Elə isə sən sevdiyinlə bərabər olacaqsan”, - buyurur. Hədisi rəvayət edən Ənəs ibn Malik belə deyir: “İslamla şərəflənməkdən sonra bizim ən çox xoşumuza gələn şey Allah Rəsulunun “Sən sevdiyinlə bərabərsən” ifadəsi idi...(Müslim Birr,  163)

      Allah və Rəsulunun məhəbbətinə nail olmaq və onlarla bərabər olmaq üçün istiqamətdən ayrılmamaq lazımdır. Quran və Sünnə rəhbərliyində yaşanan həyat bizim istiqamətimizi müəyyənləşdirən mayakdır. İstiqamətdən uzaqlaşmamaq üçün bir mömin belə düşünməlidir: “Mənim yerimdə başqaları olsaydı İslamı daha düzgün təmsil və təbliğ edər, din üçün daha xeyirli və yaxşı əməllər edərdi. Mənim isə ancaq buna gücüm çatır. Əgər hər hansı səhvim varsa, Allah məni bağışlasın.”

      Mömin bu düşüncədən uzaqlaşaraq əldə edilən uğurlarla öyünməyə başlayar, etdiklərini başqaları görsün deyə edər və mükafatını bu dünyada gözləyərsə, axirətini və axirət açarını itirər. Eyni zamanda əldəki imkanları şəxsi mənfəətlər üçün istifadə edər, Allah yolunda qazanılan hörməti və nüfuzu şəxsi imkanlar üçün işlədər, əldəki maddi imkanları daha çox varlanmaq üçün istifadə edər, bahalı maşın, ev almaq sevdasına düşərsə, bu dünyada yaşama məqsədini unudar və nəticədə axirətini də unudaraq bütün həyatını dünya və dünyalıqları əldə etmə uğrunda puç edər. Axirət hesabında isə -Allah bizi mühafizə etsin- əsl müflislərdən olar. Axirət açarını dünyada itirər. Allahı unudan və Allahın da axirət günündə unutduğu kimsələrdən olar.

      Axirət günündə Allahın hüzuruna Allah və Rəsulunun məhəbbəti ilə çıxmağın açarlarından biri də Allah Rəsulunun həyat tərzini özünə nümunə seçmək və tövsiyələri istiqamətində həyatını nizamlamaqdır. Hər bir müsəlman bilməlidir ki, Allahın məhəbbətinə nail olmaq üçün Onun peyğəmbərinə məhəbbət bəsləmək labüddür. Hz. Peyğəmbərin yaşadığı və hədisləri ilə bizə miras buraxdığı İslam, Quranın bizdən tələb etdiyi İslamdır. İslamı bu çizgidə başa düşmək və yaşamaq bizi qiyamət günündə üzüağ olanlardan və hesab kitabı sağ tərəfdən verilənlərdən edəcəkdir. Xülasə, qiyamət əlamətləri ilə maraqlanmaq və nə vaxt qopacağını öyrənməyə çalışmaqdan daha çox oraya əlidolu getmək üçün çalışmaq əhəmiyyət kəsb edir.

      Axirətini nurlandıran və sevdiyi peyğəmbəri ilə bərabər olan ərlərdən olma təmənnası ilə...

      • Hits: 13 clicks

      Tecox component by www.teglo.info