155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müşfiq XƏLİLOV - QİYAMƏTİN ƏLAMƏTLƏRİ

      Share

       Uca Allahın son elçisi axırzaman Nəbisi Peyğəmbərimiz Muhamməd (s.ə.s) dünyanın ömrünü bir günə bənzətmiş və özünün də bu günün ikindi vaxtında dünyaya gəlib Peyğəmbərlik vəzifəsinə başladığını xəbər vermişdir. Bu xəbərə görə, dünyanın ömrünün dörddə üçü getmiş və geriyə ancaq  dörddə biri qalmışdır. Bütün bunlarla yanaşı, qiyamət qopmamışdan qabaq onun bəzi əlamətləri vardır.

      Qiyamətin əlamətləri böyük və kiçik əlamətlər olmaqla iki qismə bölünür:

      Kiçik əlamətlər. Bu əlamətlərin bəziləri baş vermiş, bir çoxu isə hələ gəlməmişdir. Bu növ əlamətlər çoxdur. Həmin əlamətlərdən biri “Cibril hədisi” adı ilə məşhur olan hədisdə belə qeyd edilir: “Cəbrail (ə.s) dedi: “Mənə Qiyamət saatı haqqında xəbər ver”. Peyğəmbər buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”. O soruşdu: “Mənə onun əlamətləri haqqında deyərsənmi?” Peyğəmbər buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən”. (Müslim, Qiyamə,  8)

      Böyük əlamətlər. Bu əlamətlər baş verdikdən dərhal sonra Qiyamət qopacaqdır. Bu əlamətlərin bəzilərini belə xülasə etmək olar:

      Mehdinin gəlməsi. Mehdi əhli-beytdən olan bir kişinin ləqəbidir. Həsən ibn Əli ibn Əbu Talibin nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o, üzə çıxacaq və ədaləti bərqərar edəcəkdir. Onun adı Muhamməd ibn Abdullah olacaq. Peyğəmbərimiz (s.ə.s) buyurub: “Ərəblərə əhli-beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək”. (Əbu Davud, 4282).

      Yəcuc və Məcucun çıxması. Onlar sayları olduqca çox olan bir tayfadır. Heç kəs onlara qarşı mübarizə aparmaq iqtidarında olmayacaqdır. Deyilənə görə, onlar Nuhun övladı Yafəsin nəslindəndirlər. Quran və hədislərdə onların çıxmasına dəlillər vardır. Uca Allah buyurur: “Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman; haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər: “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!” (əl-Ənbiya, 96-97)

      Tüstünün gəlməsi. Burada səmadan böyük bir tüstünün hər tərəfə yayılması və insanları bürüməsi nəzərdə tutulur. Uca Allah buyurur: “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır”. (əd-Duxan, 10-11)

      Quranın yerdən səmaya qaldırılması. O zaman nə yazılarda, nə də hafizələrdə Qurandan bir ayə belə qalmayacaqdır. Allah Rəsulu (s.ə.s) buyurmuşdur: “Paltarın naxışları silindiyi kimi, İslam da yox olacaqdır. İş o yerə gəlib çatacaq ki, insanlar namazın, orucun və qurbanın nə olduğunu bilməyəcəklər. Bircə gecənin içərisində Allahın Kitabı göyə qaldırılacaq və yer üzündə Ondan bircə ayə belə qalmayacaqdır...”

      Günəşin günbatan tərəfdən çıxması. Peyğəmbərimiz (s.ə.s) demişdir: “Günəş batdığı yerdən doğmayınca qiyamət qopmayacaq. Günəş məğribdən doğduğu zaman insanlar onu görəcək, yəni hamısı bu həqiqətə inanacaq, lakin artıq iş işdən keçmiş olacaq. Həmin vaxt: “əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”.(Səhih əl-Buxari, 4636)

      Buraya qədər qiyamətin kiçik və böyük əlamətlərindən bəziləri haqqında bəhs etdik. Qiyamətin kiçik əlamətləri, demək olar ki, bir çoxu çıxmışdır. Böyük əlamətlərinin isə nə zaman çıxacağını isə Allahdan başqa heç kəs bilə bilməz. Qiyamətin böyük əlamətlərinin çıxmaması onun qopmasına hələ çox var mənasına gəlməz. Qısa bir müddət ərzində böyük əlamətlər də ortaya çıxa  bilər. Bu mənada qiyamətin qopması heç də uzaqda deyildir. Qurani-Kərimin ifadəsiylə: “iqtərabətis-səah – qiyamət yaxınlaşdı”.(əl-Qəmər, 1)

      Ağaclar yarpaqlarını tökmək üzrədir. İsrafil (ə.s) sura üfürmək üzrədir. Məhşər gurultuları qulaqlarımıza yaxınlaşmaq üzrədir. Bir hesab günü, böyük bir hesab günü gəlməkdədir. O halda biz müsəlmanlar  gəlməkdə olan o böyük hesab gününə hazır olmalıyıq.  Hakimlər Hakimi olan Uca Allahın hüzuruna çıxmağa hazır olmalıyıq. Dünyada ikən bütün etdiklərimizin hesabını verməyə hazır olmalıyıq.

           Qiyamətin nə zaman qopacağı haqqında, onun kiçik və böyük əlamətlərini maraq etməkdən daha çox gəlin öz-özümüzdən soruşaq: Ölüm mələyi qaça-qaça gəlir, qarşılamağa hazırıqmı?  Qəbir ağzını açıb bizi gözləyir, girməyə hazırıqmı? Var-dövlətin heç bir fayda verməyəcəyi, rüşvətin qəbul olunmayacağı, dünyəvi məqam və rütbələrin heç bir işə yaramayacağı o böyük gündə Böyük Yaradanın hüzurunda hesab verməyə hazırıqmı?

      • Hits: 16 clicks

      Tecox component by www.teglo.info