155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Saleh ŞİRİNOV - İSLAMDA TƏMİZLİK

      Share

      Ən son və ən mükəmməl din olan İslam sözün tam mənasıyla təmizlik dinidir. Uca Rəbbimiz və əziz Peyğəmbərimiz (s.ə.s) maddi və mənəvi hər cür təmizliyə çox əhəmiyyət vermişdir. Quranın "oxu" əmrindən sonra ikinci sırada enən ayə təmizliklə əlaqəlidir.

       Allah-Təala Peyğəmbərimizə belə buyurmuşdu: "Ey örtünüb bürünən (Peyğəmbərim!) Qalx və insanları xəbərdar et, Rəbbini ucalt, paltarını təmizlə (nəfsini təmizlə), şirkdən (pisliklərdən və günahdan) uzaq dayan".(əl-Müddəssir, 1-5) Buna uyğun olaraq Peyğəmbərimiz (s.ə.s) də "Təmizlik imanın yarısıdır", (Müslim, Təharət, 1; Tirmizi, Dəavat, V, 536; Əhməd, V, 342) - buyuraraq təmizliyin imanın gərəyi olduğunu bildirmişdir.

      Maddi pisliklərdən, Allaha ortaq qoşmaq, inkar etmək, ikiüzlülük etmək və günah kimi mənəvi günahlardan təmizlənmək həm insani, həm də İslami və əxlaqi bir vəzifədir. Uca Rəbbimiz: "Şübhəsiz ki, Allah çox tövbə edənləri və çox təmizlənənləri sevər" (əl-Bəqərə, 222) - buyurmuş, Peyğəmbərimiz (s.ə.s) də bu gerçəyi: "Allah təmizdir, təmizliyi sevər", (Tirmizi, 41. IV, 112) - sözü ilə dilə gətirmişdir.  

      Günahlar insanı mənən çirklətdiyi kimi, savab olan söz, hərəkət və davranışlar da insanı mənən təmizləyər. Uca Rəbbimiz: "Nəfsini (şirk, küfr, nifaq və üsyandan) təmizləyən qurtuluşa çatmış, onu (bunlarla) kirlədən isə ziyana uğramışdır". (əş-Şəms, 9-10), “(Ey Peyğəmbərim!) Möminlərin mallarından bir miqdar sədəqə götür ki, bununla onları təmizləyəsən", (ət-Tövbə, 103) - buyurmuşdur.

      Allaha qul olmanın, Onun hüzurunda dayanmanın və Onun sevgisini qazanmanın ilk şərti təmizlikdir. İslamın təməli, dinin dirəyi və möminin meracı olan namazın əsas şərtlərindən biri təmizlikdir. Allah-Təala Maidə Surəsinin 6-cı ayəsində: "Ey iman gətirənlər! Namaz qılmağa qalxdığınız zaman üzlərinizi, dirsəklərinizə qədər əllərinizi, topuqlarınıza qədər ayaqlarınızı yuyun, başınıza məsh çəkin. Qüslsüz olduğunuz zaman boy dəstəmazı alın",- buyurmuşdur.

      Dinimiz gündəlik beş vaxt namazdan əvvəl dəstəmaz almağı əmr etməklə biz müsəlmanlara gündə beş dəfə əlimizi, üzümüzü, ağzımızı, burnumuzu, qulaqlarımızı, boynumuzu və ayaqlarımızı təmizləməyi buyurmaqdadır. Əziz Peyğəmbərimiz (s.ə.s): "Mənim ümmətim qiyamət günündə üzləri parlaq, əlləri və ayaqları nurlu olaraq həşr olunacaqdır. Hər kəs gücünün çatdığı qədər bu parlaqlığı artırsın", (Buxari, Müslim) - buyuraraq, bədən və ruh təmizliyinə lazım olan diqqəti göstərən müsəlmanların dünya və axirətdə xoşbəxt və hüzurlu olacaqlarını müjdələmişdir.

      Müsəlmanın bədəni kimi geyəcəyi paltarın, ibadət edəcəyi yerin və yaşadığı ətrafın da təmiz olması lazımdır. Allah-Təala; "Ey Adəm oğulları! Hər məscidə (gedərkən) zinətinizi geyinin (gözəl və təmiz geyinin)", (əl-Əraf, 31) - buyurmuşdur.

      Quran əxlaqına sahib olan Peyğəmbərimiz (s.ə.s), hər mövzuda olduğu kimi, təmizlik mövzusunda da bizlərə ən gözəl nümunədir. O, həyatı boyunca təmizliyə olduqca diqqət göstərmiş, məscidə və dəvət yerlərinə gedərkən, cəmiyyət qarşısına çıxarkən təmiz və gözəl paltar geyinməyə, gözəl ətir sürtməyə səy göstərmiş; bu səbəbdən soğan və sarımsaq kimi başqalarını narahat edə biləcək şeyləri yeməkdən çəkinmişdir. Eyni zamanda "həyətlərinizi və ətrafınızı təmiz saxlayın" (Acluni, Kəşful-Xafa, 1/224) buyuraraq bizlərə ətrafımızı təmiz saxlamamızı nəsihət etmiş, xalqın istifadə etdiyi ümumi yerlərin təmiz tutulmasını istəmişdir. "Kim müsəlmanların gəlib keçdiyi yerdən onları narahat edən bir şeyi qaldırıb atarsa, Allah ona savab yazar. Allah kimə savab yazarsa, onu cənnətinə qoyar" (Buxari Təcridi-Sarih h.n: 223) buyuraraq din qardaşlarına yaxşı davrananları və onlara zərər verəcək davranışlardan çəkinənləri cənnətlə müjdələmişdir. Yenə Peyğəmbərimiz səhabələrinə: "Lənətə səbəb olan iki şeydən çəkinin!" buyurur. “Nədir o iki şey, Ey Allahın Rəsulu?" sualına: "İnsanların gəlib keçdiyi yolları və kölgələndikləri yerləri kirlətməkdir", (Tac; 1/93) - şəklində cavab verir.

      Müsəlman olaraq maddi və mənəvi hər cür təmizliyə lazım olan əhəmiyyəti göstərmək lazımdır. Ölkəmizi, şəhərimizi, qəsəbəmizi, kəndimizi, məhəlləmizi, park və küçələrimizi, evlərimizin önlərini və gəzinti yerlərini təmiz saxlamamız lazımdır. Bədənimizin, geyimlərimizin və əxlaqımızın tərtəmiz olması müsəlman olmamızın əlamətidir.

      • Hits: 12 clicks

      Tecox component by www.teglo.info