155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mübariz ƏLİOĞLU - ƏSRİ-SƏADƏT MÖCÜZƏSİ

      Share

      Uca Allah (c.c) Quranda belə buyurur: “O kəslər ki, Allaha verdikləri vədi ( üzlərini, iradələrini, nəfslərini, ruhlarını Allaha təslim etməklə) yerinə yetirər və əhdi pozmazlar və onlar Allahın (ölümdən əvvəl) Allaha yetişdirməsini əmr etdiyi şeyi (ruhlarını) Ona yetişdirərək Rəblərinə qarşı xüşu duyarlar və (qiyamət gününün) dəhşətli hesabından qorxarlar”. (ər-Rad, 20-21)

      Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       “Möcüzə nədir?” sualını cəmiyyətə ünvanlasaq, müxtəlif cavabların şahidi olarıq. Lakin əsl möcüzənin mənəvi kimliyini itirən insan övladını onu xəlq edən Rəbbinin istəkləri müstəvisində tərbiyə edərək həyata bahar təravəti kimi bərəkət saçacaq həssas bir qul yetişdirməkdən ibarət  olduğunu söyləsək, yanılmarıq. Haqqa boyun əyən,  nəfsində, qəlbində Haqqa təslimiyyət bayrağını dikmiş, bəşəri münasibətlərə Haqqın mərhəmət və ədalət normalarını tətbiq edərək nümunəvi bir cəmiyyətin yaradıcısı və hamisi, gələcək nəsillərə də müqayisəsiz bir örnək olacaq toplumu min bir əziyyət və cəfa bahasına ərsəyə gətirmək Rəsulullahın ən böyük möcüzəsi olmuşdur.“Həyatımı Qüdrət Əlində tutan Allaha and olsun ki, sizlərdən biri Uhud dağı qədər qızıl infaq etsə də, yenə onların (əsri-səadət toplumunun) iki ovuc dolusu və ya bunun yarısı qədər sədəqəsinə yetişə bilməz” (Sahihul-Buxari, Fəzaili əshabi nəbi 4, 195) deyən Rəsulullahın şanlı səhabə toplumu da öz növbəsində bəşəriyyətə əbədi rəhmət, hidayət və irfan rəhbəri olmaq üzrə möhtəşəm bir qulluq möcüzəsinə, yuxarıdakı ayələrdə bildirildiyi kimi,  sönməyən bir həyat bəxş etməyə  müyəssər oldular.

      Hər şeyini möhtərəm müəllimi Hz. Muhamməd əleyhissalam kimi ümmətin əbədi qurtuluşu naminə fəda etmiş və Rəsulullahın kamil bir insan yetişdirmə   möcüzəsinə şahidlik etmiş Hz. Əli (r.a) xatirələrində bunları bildirirdi: “Rəsulullaha nə qədər yaxın olduğumu, onun yanında hansı səviyyəyə çatdığımı bilirsiniz. Uşaq ikən məni bağrına basar, evində yatırardı. Loğmanı çeynədikdən sonra mənə verərdi. Nə söylədiyimdə bir yalan, nə də uyğunsuzluq görmüşdür. Allah (c.c) süddən kəsildiyi andan etibarən mələklərin böyüklərindən birini Rəsulullaha dost etmişdi. O mələk ona gecə-gündüz ucalıqların yolunu, aləmin gözəl əxlaqını öyrədirdi. Mən də anasının ardınca gedən dəvə balası kimi onu təqib edərdim. Hər gün gözəl vərdişlərindən birini mənə öyrədərək ona uymamı istəyərdi. Hər il Hira dağına gedərdi. Onun bu halını məndən başqası görməzdı. O gün İslam Rəsulullahın və Hz. Xədicənin evindən başqa heç bir evdə yox idi və mən də onların üçüncüsü idim. Vəhyin və peyğəmbərliyin nurunu görüb, qoxusunu duyardım. Ona vəhy gəldiyi zaman şeytanın fəryadını duydum və: “Ya Rəsulallah! Bu fəryad nədir?”- dedim. “Bu, şəxsinə qulluq edilməsindən ümidini kəsən şeytandır. Mənim duyduğumu duymaqda, gördüyümü də görməkdəsən. Ancaq sən nəbi deyilsən, vəzirsən və xeyir üzrəsən”, - dedi. Qureyşin böyükləri onu sınayarkən mən də onunla bərabər idim. “Ya Muhamməd, biz sənin Nəbi və ya Rəsul olduğunu təsdiqləyəcək bir möcüzə göstərməni istəyirik. Əgər bunu bacarmasan, səni yalançı və sehrbaz hesab edəcəyik”, - dedilər. O da: “Şübhəsiz, Allah (c.c) hər şeyə qadirdir. Əgər Allah (c.c) bunu sizin üçün edərsə, Haqqa iman edəcəksinizmi?” - dedi. Onlar: “Bəli”, - dedilər. Rəsulullah: “İstədiyinizi sizə göstərəcəyəm, xeyrə dönməyəcəyinizi də bilirəm. İçinizdə Bədrdə quyuya atılacaq, Xəndəkdə qruplara ayrılacaqlar vardır”,- dedi. Sonra: “Ey ağac, əgər Allaha və axirət gününə iman edib mənim də Allahın Rəsulu olduğumu bilirsənsə, Allahın izni ilə kökünlə bərabər torpaqdan sökülərək önümə gəl”, - dedi. Ağac şiddətli bir göy gurultusu ilə qısa bir anda sökülərək gəldi və titrəyərək Rəsulullahın önündə durdu. Ən yüksək budağı Rəsulullahın, bəzi budaqları da mənim üzərimə sallandı. Qövmü bunu gördüyü zaman qeyzlə: “Ona əmr elə təkrar gəlsin, lakin yarısı yerində qalsın”, - dedilər. Rəsulullah təkrar əmr etdi və yarısı yerində qalmaq şərti ilə ağac yenidən Rəsulullahın hüzuruna döndü və haradasa onu qucaqlamaq üzrə idi. Mən də: “Allahdan başqa ilah yoxdur və mən də sənə iman edənlərin ilkiyəm, ya Rəsulallah”, - dedim. Qureyş isə bir ağızdan: “Xeyr, sehrin şiddətindən bu iş ona asanlaşdırıldı. Bu işində də ona ancaq (Hz. Əlini göstərərək) bunun kimilər inanar”, - dedilər.

      İnadkarların müxalifətinə rəğmən ağacın gövdəsi ilə bərabər  yarpaqlarının titrəməsi kimi Allah Rəsulu da Rəbbinə sonsuz bir təslimiyyət yarışında İslamın möhtəşəm bir gövdəsi olaraq qulluq həssasiyyəti ilə elə titrədi ki, elə yandı ki,  gövdəyə bağlı olan yarpaq misalı səhabələri də onunla bərabər titrəməyə, onunla bərabər ilahi eşq odunda yanmağa və İslamın mübarək çırağını yer üzərindəki qəlblərdə də yandırmağa müvəffəq oldular. Bu şəkildə dövrlərə eşq rüzgarı əsdirən Əsri-Səadət möcüzəsi gerçəkləşmiş oldu.   

      • Hits: 15 clicks

      Tecox component by www.teglo.info