155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Səfa MURADOV – BİR HƏDİS

      Share

      عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهُ:  يَا عَلِيُّ، ثَلَاثٌ لَا تُؤَخِّرْهَا: الصَّلَاةُ إِذَا أَتَتْ، وَالجَنَازَةُ إِذَا حَضَرَتْ، وَالأَيِّمُ إِذَا وَجَدْتَ لَهَا كُفْئًا

                  Həzrət Əlidən rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) ona belə demişdir (nəsihət etmişdir): "Ey Əli! Üç şeyi gecikdirmə. Vaxtı girən namazı qılmağı, hazır olan cənazəni dəfn etməyi və uyğun birini tapdığın zaman subay qadını evləndirməyi". (Tirmizi, Cənaiz, 73).

                  İnsanlara hər zaman hikmətli və gözəl sözlərlə nəsihət edən Allah Rəsulu (s.ə.s) bu hədisdə də Həzrət Əliyə üç şeyi tövsiyə etmişdir. Bunların ilki və ən önəmlisi namaz ibadətidir ki, bu ibadətin gecikdirilmədən öz vaxtında qılınmasına Həzrət Peyğəmbər tərəfindən bir çox hədisdə təmas edilmişdir. Allahdan nazil olan əmrləri açıqlamaq vəzifəsinə sahib olan Həzrət Peyğəmbər Allahın bu əmrini də peyğəmbərliyi boyunca sözlü və əməli olaraq təbliğ etmişdir. Çünki Uca Allah namazın möminlərə müəyyən vaxtlarda fərz qılındığını bildirməkdədir. (ən-Nisa, 4/103).

                  Həzrət Peyğəmbərin ikinci tövsiyəsi hazır olan cənazənin gecikdirilmədən dəfn edilməsidir. Bunun səbəbini Rəsulullah (s.ə.s) başqa bir hədisində belə açıqlamışdır: "Cənazəni tez aparın. Əgər ölən şəxs yaxşı biridirsə onu tezliklə xeyir və savabına çatdırarsınız, əgər ölən şəxs yaxşı biri deyilsə onu tezliklə çiyinlərinizdən endirərsiniz". (Buxari, Cənaiz, 51). Bu hədisdə görüldüyü kimi ölən şəxsin yuyulub kəfənlənməsi işləri tamamlandıqdan sonra gecikdirilməməsi tövsiyə edilir. Həzrət Peyğəmbərin bunu tövsiyə etməsinin bir hikməti də ölən şəxsin dəfninin gecikdirilməsi səbəbiylə cəsədin şişməsi və ətrafa pis iylərin yayılmasının qarşısını almaqdır. Çünki insan şərəfli məxluqdur. Şərəfli bir məxluqun hörmət və izzətlə dəfn edilməsi ona qarşı edilməsi tələb olunan əsas vəzifələrdəndir.

                  Hədisdəki üçüncü tövsiyə isə evliliklə bağlıdır. Yetkinlik yaşına çatan bir qadının əsil-nəcabət, mal-mülk, gözəllik və dindarlıq kimi cəhətlərdən uyğun olan bir kişi tərəfindən istənildiyi təqdirdə bu evliliyin gecikdirilməməsi tövsiyə olunmuşdur. İslamda evlilikdə "kufuvv" deyə adlandırılan və iki tərəfin bir-birinə uyğun olması evliliyin davamlılığı üçün tələb olunan əsaslardan biridir. Lakin bir hədisdə Həzrət Peyğəmbər dindarlığın evlilik üçün ən önəmli tərcih səbəbi olduğunu bəyan etmiş və: "Dindar olanı seç ki, əlin bala batsın" buyurmuşdur. (Buxari, Nikah, 16).

                  Nəticə olaraq, Həzrət Peyğəmbər tərəfindən Həzrət Əliyə tövsiyə olunan bu üç nəsihət insanın fərdi və ictimai həyatını tənzimləyən əsas faktorlardır. Təbliğ vəzifəsiylə göndərilən Həzrət Peyğəmbərin bu nəsihətləri Həzrət Əlinin timsalında bütün müsəlmanlara edilən tövsiyələrdir. Namaz ibadətiylə mənəvi dəyər qazanan birinin dindar bir xanımla evlənməsi və son nəfəsini verdikdən sonra tezliklə xeyir və savabına çatdırılması bir insanın həyat yolçuluğunun xülasəsidir.

                   

       

      • Hits: 12 clicks

      Tecox component by www.teglo.info