155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

      Share

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey oğul! Qafillərlə yoldaşlıq etməyin səni saleh insanlar haqda sui-zənnə sürükləyər. Qəflətə dalanlarla birlikdə olduqca əməlisaleh və xeyirli kəslər səni də pis əxlaqlı biri kimi görərlər. Həmçinin sən də yoldaşlıq etdiyin qafillərin təsiri ilə əməlisaleh və xeyirli insanlar haqqında pis düşüncələrə qapıla bilərsən. Ona görə də şərli insanlarla oturub-durma!”

      Məhəbbət və ünsiyyət qəlblər arasında yaxınlıq meydana gətirər. Bu yaxınlıq da zamanla eyniləşməyə gətirib çıxarar. Hədisi-şərifdə də bu qəbildən belə buyurulur:

      “İnsan dostunun dini üzrədir. Ona görə hər biriniz kiminlə dostluq etdiyinə diqqət etsin!”. (Əbu Davud, Ədəb, 16/4833)

      Elə isə pis adamlarla dostluq qurmaqdan və günah işlənən mühitlərdə dolaşmaqdan uzaq durmaq lazımdır. Çünki insan şərlilərin pis əməlinə bulaşmasa belə onlara yaxın olmaq ən azından adamı töhmət altında qoyar.

      Cəfəri Sadiq həzrətləri belə deyir:

      “Atam məni üç şeylə tərbiyə etdi. Mənə dedi ki:

      P Oğlum, qafil və fasiq yoldaşla bərabər olan salamat olmaz.

      P Günah işlənən yerlərə girib-çıxan zənn altında qalar.

      P Dilinə sahib olmayan peşmanlıq çəkər!”.[1]

      İmam Rəbbani həzrətləri də qafil və fasiqlərlə ünsiyyət  və yaxınlığın insanın mənəviyyatına zərəri barədə belə bir misal verir:

      “Qumarbazlarla oturub-duran, bəlkə də, qumar oynamaya bilər. Beləcə özünü kirlənməmiş zənn edə bilər. Lakin qumarbazlarla birlikdə olduğu müddətdə onlardan mənfi təsirlənərək zaman içində qumar oynamağı xoş görməyə başlayar. Bu isə mənəvi çöküşdür”.

      Çünki bu hal zaman keçdikcə insanın günahları xəfif görməsinə və o xətalardan uzaq durmaq xüsusundakı həssasiyyətini itirməsinə səbəb olar.

      Məsələn, Allah-Təala ayeyi-kərimədə: “Zinaya yaxınlaşmayın” (əl-İsra, 32) buyurur. Çünki zinaya yaxınlaşanın iffət duyğusu pozulacağı üçün o günaha düşmə ehtimalı böyükdür.

      Qəflətə dalaraq uçurumun kənarında dolaşanların gec-tez ayaqlarının sürüşərək aşağı yuvarlanmaları məlumdur. Bu etibarla mənəvi cəhətdən insanların ayağını sürüşdürən təsirlərin ən başında günah və şər əməl işləyənlərlə yaxınlıq və onlarla ünsiyyət gəlir. Qafil və fasiqlərin zahirən yaxşılıq kimi görünən davranışları belə qarşıdakıların mənəviyyatına zərər verər. Bu hikmətə əsasən bir hədisi-şərifdə belə buyurulduğu deyilir:

      “Allahım, heç bir facirin (günahkarın) yaxşılığını mənə nəsib etmə ki, qəlbimdə ona qarşı məhəbbət oyanmasın!”.[2]

      Xülasə, tibdə “qoruyucu həkimlik” anlayışı gərəyi xəstəliyə yoluxmamaq üçün mikroblu məkanlardan uzaq durmaq, gigiyenaya riayət etmək, viruslara qarşı bədənin immun sistemini gücləndirmək önləyici şərt olduğu kimi müsəlmanın da günahlara və şər əhlinə qarşı, xüsusilə də zəmanəmizin ən yayğın bəlalarından olan televizor, internet və modaların mənfi təsirinə qarşı buna bənzər qorunma duyğusuna sahib olması şərtdir.

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Mənfəət düşüncəsi ilə daima insanlara yönəlmək Allahdan tamamən üz çevirmək deməkdir. Qəlbindən Allaha şərik qoşduqlarını çıxarıb atmadıqca, səbəblərə arxalanıb güvənməkdən uzaqlaşmadıqca, fayda və zərərin insanlardan gəldiyi fikrindən daşınmadıqca sənə qurtuluş yoxdur...”

      Allah-Təala daima qullarını xeyir və şər, sevinc və kədər, səadət və müsibət təcəlliləri ilə imtahan edər. Lakin səbəblər aləmində yaşadığımız üçün bütün bunları məxluqatı vasitəsi ilə gerçəkləşdirir.

      Mömin acı-şirin, yaxşı-pis, bir sözlə, qarşılaşdığı bütün halların ilahi imtahan olduğunu bilib bu sınaqlardan karlı çıxmağa çalışmalıdır. Ona görə də baş verən hər bir hadisənin arxasındakı əsl səbəb olan Allahın muradına diqqət etmək lazımdır. Bu səbəblədir ki, ariflər belə deyiblər:

      Nə qəhri dəsti-âdâdan, nə lütfü âşinâdan bil,

      Umûrun Haqqa tövfiz et, Cənabi-Kibriyadan bil.

      Yəni “Nə qəhri düşmən əlindən, nə də lütfü dostundan bil. İşlərini Allaha həvalə et, qəhrin də, lütfün də Onun imtahanı olduğunu dərk et!”.

      Mömin düşünməlidir ki, bütün insanlar bir yerə yığışıb mane olmağa çalışsa da Allahın təqdir etdiyi bir xeyri ondan uzaqlaşdıra bilməzlər. Həmçinin bütün insanlar birləşib Allahın təqdir etdiyi bir şəri də ondan dəf edə bilməzlər. Ayeyi-kərimədə belə buyurulur:

      “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir”. (Yunus, 107)

      Nemətin də, külfətin də Haqq-Təalanın qüdrət əlində olduğunu bilən bir mömin onların səbəb və vasitəsi olan fani varlıqlara bağlanmaz. Nemətin əlinə keçməsinə vasitə olana təşəkkür edər, lakin nemətin əsl sahibinin Allah olduğunu bilib Ona həmd və şükür edər. Ruziyə bağlanıb Rəzzaqı unutmaz.

      Şəxsinə qarşı bir xəta və ya qüsur işləndikdə onları da Allah üçün xoş görər. Allahın qullarını bağışlaya-bağışlaya ilahi əfvə layiq hala gəlməyə çalışar. Hansı müsibətlə imtahan edilirsə edilsin üsyana düşmək yerinə hər halına səbir və riza göstərərək:

      “Bu Rəbbimdən mənə gələn bir imtahandır, mən Onun təqdirinə razıyam, yetər ki, O da məndən razı olsun”, - deyər.

      Beləliklə, səbəblərə bağlanmadan həm mənəvi itkilərdən qurtular, həm də  hər bir halda Allaha yönəlmənin də əcrinə nail olar. Yəni xeyirdən də, şərdən də qazanc əldə edər… Eynilə bu hədisi-şərifdə buyurulduğu kimi:

      “Möminin halı qibtə edilməyə və heyranlığa dəyər. Çünki hər halı onun üçün bir xeyir vəsiləsidir. Bu hal yalnız möminə məxsusdur. Mömin sevinəcək olsa şükür edər, bu da onun üçün xeyir olar. Başına bir bəla gəlsə, səbir edər, bu da onun üçün xeyir olar”. (Müslim, Zöhd, 64)

      Deməli, hər hansı bir nemət və ya müvəffəqiyyətə nail olduğumuz zaman həddi aşmayacağıq. Qulluğumuzu, heçliyimizi və acizliyimizi unutmamalıyıq. Qürur, təkəbbür və ənaniyyətə qapılmamalıyıq. Həddimizi aşmamalı, ilahi sərhədləri tapdamamalıyıq.

      Bunun müqabilində bir bəla və müsibətlə imtahan edildiyimiz zaman da ümidsizlik və bədbinliyə qapılmaq yerinə başımıza gələn halın günahlarımızı təmizlədiyinə və dərəcəmizi yüksəltdiyinə inanacağıq.

      Həyat rəhbərimiz olan Rəsulullah r müvəffəqiyyətdə də, məhrumiyyətdə də, sevinəndə də, kədərli olanda da daima:

      اَللّٰهُمَّ لَا عَيْشَ اِلّٰا عَيْشُ الْاٰخِرَةِ

      “Allahım! Əsas həyat, axirət həyatıdır”,[3] - deyə dua edərdi.

      Beləcə, ümmətinə çətin zamanlarda bədbinliyə və üsyana düşməməyi, rahat və firavan yaşadıqları günlərdə də qəflətə qapılmamağı təlqin edirdi. Dünyəvi səfanın da, cəfanın da fani olduğunu xatırladıb bunlara aldanmamalı olduqlarını xatırladırdı.

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “İbrahim u hələ yola çıxmadan özünə dost seçmişdi. Evdən əvvəl qonşu tapmışdı. Xəstəlikdən əvvəl dərmanı, bəladan əvvəl səbri, qəza gəlmədən rizanı tədarük etmişdi…

      Yolunuzu İbrahim u-dan öyrənin! İstər sözlərində, istərsə də əməllərində ona tabe olun!..”

      Allah ilə dost olana heç bir bəla və müsibət zərər verməz. Ayeyi-kərimədə belə buyurulur:

      “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”. (Yunus, 62)

      Bunun əksinə, Allahdan məhrum olana bütün fani dünya verilsə, yenə də zərərdədir.

      Mərhum Necip Fazılın dediyi kimi:

      “O ki, Allah (ilə bərabər olmağın səadətinə) malikdir, nədən məhrumdur?! O ki, Allahdan məhrumdur, nəyə malikdir?!”.

      Yəni Allah ilə bərabər olan bir qəlbə heç bir məhrumiyyətin zərəri yoxdur. lakin bir könül Allahdan qafildirsə, heç bir varlıq ondakı bu boşluğu doldura bilməz. Buna görə də Allahdan uzaq ömür sürən qafillərin dünyadakı sarayları canlı cənazələrin ailə qəbiristanlığından fərqsizdir. Allahdan uzaq olan könüllər qaranlıq bir viranədən fərqlənmirlər.

      Xülasə, dünya imtahan yurdudur. Lütfdə həddi aşmamaq, qəhrdə bulanmamaq üçün, yəni hər halda istiqaməti mühafizə edə bilmək üçün qəlbin daima Allahla bərabər olması şərtdir. Bunun ən gözəl yolu isə zikrdir. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

      “…Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”. (ər-Rad, 28)

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Hər qab içində nə varsa, çölə onu sızdırar. Sənin əməllərin inancının dəlili, şahidi və güzgüsüdür. Zahirin iç aləminin dəlilidir, şahididir, güzgüsüdür… Zahir batilin göstəricisidir”.

      Necə ki, insanın ruh və bədən olmaqla iki cəhəti var, dini həyatın da zahiri və batini cəhətləri var. Bu iki cəhət möminin həyatında müvazinətli şəkildə bir-birini tarazlamadan kamil mənada qulluqdan söz gedə bilməz.

      Dinin sadəcə ruhuna və mənasına əhəmiyyət verib zahirini arxa plana atmaq böyük xətadır. Çünki zahir ruh və mənanın təcəssüm etmiş, yəni əmələ əks etmiş şəklidir.

      Qəlbin mənəvi səviyyəsi yalnız davranışlarla bəlli olar. Buna görə bədənsiz namaz qılınmaz, oruc tutulmaz, zahiri varlıq olan var-dövlət infaq edilmədən mali ibadətlər əda edilə bilməz. Ən mücərrəd həqiqət olan “iman” belə ilk növbədə qəlblə təsdiq tələb etsə də, dərhal ardından qəlbin təsdiq etdiyi həmin həqiqətin dil ilə iqrar edilərək zahirə əks olunması, ifadə edilməsi və ömür boyu davranışlarla zahirə çıxarılması vacibdir.

      Ayeyi-kərimədə bu həqiqətə belə işarə edilir:

      İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?(əl-Ənkəbut, 2)

      Yəni iman sadəcə sözdə qalmayıb, fədakar davranışlarla sərgilənərək isbat edilməlidir.

      Bu etibarla iman da lazımdır, əməl də. Ruh da gərəklidir, şəkil də… Mühüm olan bunların birinə əhəmiyyət verib digərinə səhlənkar yanaşma qəflətinə düşməməkdir. Yəni bir müsəlmanın, təbiri caizsə, həm zərfi (yəni zahiri görünüşü), həm də məzrufu (könül dünyası) gözəl olmalıdır. Zahiri və batini tarazlığı qoruyaraq qəlb və bədən ahəngi içində bir qulluq həyatı yaşamalıdır.

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Böyük insanları yıxıb məhv edən kiçik xətalar və ayaq sürüşmələridir.

      Zahidləri məhv edən nəfsani ehtiraslarıdır.

      Haqq ərənlərini məhv edən xəlvət-yalnızlıq anlarındakı pis düşüncələr, xatirə gələn pis fikirlərdir.

      Sədaqət əhlini məhv edən bir anlıq pisliklərdir.

      Bu səbəblə onların bütün məşğuliyyəti qəlblərini lüzumsuz düşüncələrdən mühafizə etməkdir. Çünki onlar hökmdarın qapısındadırlar…”

      İnsanın mənəvi səviyyəsi yüksəldikcə Rəbbinə qarşı qulluq ədəbindəki ölçülər də incələrək həssaslaşar. Əhlullah bütün insanlığın əbədi qurtuluş üçün kafi gördüyü əməllərin daha artığını, üstəlik ən mükəmməl şəkildə əda edərlər. Lakin Haqq-Təalaya olan yaxınlıqları artdıqca Onun əzəməti qarşısındakı heçliklərini daha dərindən idrak edərlər. Bu səbəblə də Allah üçün etdikləri ibadət və fədakarlıqları, göstərdikləri səyləri daima nöqsan və yetərsiz görərlər. Bu acizlik duyğusu içində Allah-Təalanın sonsuz rəhmət və məğfirətinə sığınarlar.

      Allah-Təalanın “Həbibim” deyə xitab etdiyi Rəsulullah r belə özündən başqa heç bir bəşərin nail olmadığı mərifətullah zirvələrini müşahidə etməsinə baxmayaraq Allaha qarşı heçlik və acizlik hissiyyatı içində belə dua edirdi:

      “Allahım, Sənin qəzəbindən rizana, əzabından əfvinə və Səndən yenə də Sənə sığınıram! Səni layiq olduğun şəkildə mədh etməkdən acizəm! Sən özünü necə mədh-səna etmisənsə eləsən!” (Müslim, Salət, 222)

      Bu zirvə hissiyyatın bir digər misalı da Allahın Xəlili Həzrət İbrahim u-dır. Allah yolunda canı ilə, malı və övladı ilə imtahan edilib sarsılmaz təvəkkül, təslimiyyət və itaəti nəticəsində Haqqa dostluq iqliminə girdikdən sonra qəlbində üfüqlər açıldı. İlahi əzəmət qarşısında dəhşətli bir acizlik hissinə qapılaraq belə dua etmişdir:

      وَلَا تُخْزِن۪ى يَوْمَ يُبْعَثُونَ

      (Qulların) dirildiləcəyi gün məni utandırma!” (əş-Şuara, 87)

      Allahı qəlbən tanıyan arif bəndələr işlədikləri bütün saleh əməlləri sanki “heç” olaraq görüb acizliyə büründükləri halda qafil insanlar da azacıq əməllərini əbədi qurtuluş və səadət üçün kafi görərək rahatlıq duyarlar.

      Çünki qəflət əhli hər şeyi sanki oduncu qapanı ilə çəkirlər. Ariflərsə ən kiçik xırdalıqlarına qədər, sanki zərgər tərəzisi ilə çəkərlər.

      Qurani-Kərimdə buyurulur:

       

      فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ

      وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

      “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (əz-Zilzal, 7-8)

      Ali ruhlar zərrələrin də qiyamət günü hesaba çəkiləcəyi şüuru ilə ən kiçik bir xətanı belə böyük görüb ondan həssaslıqla çəkinməyə çalışarlar.

      Səhabeyi-kiramdan Abdullah bin Məsud t belə deyir:

      “Mömin günahını altında oturduğu və sanki hər an üzərinə devrilmək təhlükəsi olan bir dağ kimi görər. O nəhəng dağın üzərinə düşəcəyindən qorxar. Günahkar isə günahını burnunun üstündən keçən milçək kimi görər”. (Buxari, Dəavat, 4; Müslim, Tövbə, 3)

      Tabeundan Bilal bin Sad g-in bu xəbərdarlığı da möminlərin təqva həssasiyyətini necə də gözəl ifadə edir:

      “Sən günahın kiçikliyinə baxma, kimə üsyan etdiyinə, o günahı kimə qarşı işlədiyinə bax!”.

      Haqq dostları da məhz bu düsturlarla hal və hərəkətlərinə fikir verərlər. Hər zaman yüksək ədəbə riayət edərlər.

      Üzməyi bacarmayan bir adam dəniz kənarından baxanda yalnız dənizin səthini və dayaz yerlərini görə bilər. Mahir dalğıc isə daldığı dənizin dərinliklərində bambaşqa mənzərələr seyr edər. Eynilə bunun kimi mərifətullahda dərinləşən qəlblərin baxışı ilə qəflət əhlinin baxışı arasında dağlar qədər fərq var.

      Bu hadisə sözünü etdiyimiz həqiqəti necə də gözəl ifadə edir:

      Böyük təsəvvüfçülərdən Şeyx Muhamməd Nurul-Ərabinin “cüzi iradə”ni inkar etdiyinə dair dedi-qodu yayılır. Bunu eşidən Sultan Abdulməcid xan həzrətin “hüzur dərsləri”nə çağırılmasını və orada bu məsələyə aydınlıq gətirməsini istəyir. Fərmanı yerinə yetirərək şeyxi “hüzur dərsi”nə dəvət edirlər. Bu haqda sual verildikdə belə cavab verir:

      “Əlbəttə ki, qulun cüzi iradəsi var. Məsuliyyətin qaynağı da elə budur. Ancaq hər kəsdə və hər zaman deyil. Məsələn, əlbəttə ki, mən cüzi iradəyə sahibəm, lakin buraya padşahın əmri ilə gəldim. Buradan qalxıb getmək isə əlimdə deyil. Gəl deyərlər, gələrik. Get deyərlər gedərik. Deməli, burada mənim iradəm müəyyən bir xüsusda yox hökmündədir.

      Üstəlik padşahın hüzurunda olduğum üçün edə biləcəyim hərəkətlər də məhduddur. Bəzi kəslər də eynilə bu misalda olduğu kimi daima Rəblərinin hüzurunda olduqlarının idrakı içində ömür sürərlər.

      Allah hər yerdə hazır və nazir olduğu halda bir çoxları özlərini sadəcə namazda hüzuri-ilahidə hiss edərlər. Halbuki müəyyən mənəvi mərtəbəyə yüksələnlər hər an hüzuri-ilahidə olduqlarının idrakı içində yaşayarlar. Bu kimi insanlarda cüzi iradənin olub-olmadığını da siz təqdir edin”.

      Aldığı bu cavabdan çox məmnun qalan padşah Şeyx Muhamməd Nurul-Ərabiyə bəxşiş və ənam verir.

      Məhz Haqq dostları da ilahi iradəyə elə ram olarlar ki, artıq öz nəfslərinə aid heç bir iradələri qalmaz. Onlar “Sən çıxınca aradan, qalar səni Yaradan” sirrinə məzhər olarlar. Haqq-Təalaya yaxınlıqları artdıqca könül aləmlərində elə mərifət üfüqləri açılar ki, onlar bütün insanlığın fərqində belə olmadığı bir çox sirr, hikmət və həqiqətə aşina oalrlar.

      Mərifətullaha nail olmaq baxımından insanlığın zirvəsində qərar tutan Rəsulullah r belə buyurmuşdur:

      “Siz mənim bildiyimi bilsəydiniz, az gülər, çox ağlayardınız… Səhralara tökülüb yüksək səslə (həyancanla) Allaha yalvarıb durardınız”. (İbn Macə, Zöhd, 19)

      Allah-Təala qəlblərimizə mərifətullahdan hissələr nəsib etsin. Hər birimizə ixlas və təqva həssaslığı ilə zinətlənmiş bir qulluq həyatı yaşayıb ilahi rəhmət, məhəbbət və rizasına nail olan saleh bəndlərinin karvanına qoşulmağı lütf etsin.

      Amin!..

       


      [1] İbn Həcər əl-Heysəmi, ez-Zəvacir, I, 28; Hani, əl-Hədaiq, s. 130-131.

      [2] Qəzali, Ehya, II, 149.

      [3] Buxari, Riqaq, 1.

       

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info