155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Şahalı CƏLİLOV - BEŞİKDƏN QƏBRƏ KİMİ ELM

      Share

      Bilənlə bilməyəni eyni qəbul etməyən və Allah tərəfindən ilk əmri “oxu” olan yeganə və haqq din İslamdır. Eyni zamanda bu din elmi imanın dirəyi adlandıran və elm öyrənməyi nafilə ibadətlərdən, din uğrunda cihad edməkdən daha üstün və fəzilətli qılan bir din olaraq tamamlanmışdır.

      Uca Yaradan Müqəddəs Qurani-Kərimdə elmin fəzilətləri haqda belə buyurmuşdur:

      “Yaradan Rəbbinin adı ilə oxu! ( əl-Ələq, 1)

      “De, ey Rəbbim, elmimi artır! (Taha , 114)

      “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (əl-Fatir, 28 )

      Dünyada elm sahəsində iz qoyan Qərb elm adamlarının da dediyi kimi, bugünkü ixtiralar və kəşflər nə qədim Yunan, nə də Roma elm adamlarına aiddir. Bugünkü elmi texniki tərəqqinin qurucuları məhz müsəlman alimlərdir. İslam dininin elmə və elm adamlarına verdiyi böyük qiymət səbəbilədir ki , müsəlmanlar həm dini elmləri (şəriət elmlərini), həm də dünyəvi elmləri öyrənərək əsrlərcə dünya alimlərinə elm sahəsində yol göstərərək rəhbərlik etmişlər. Bunlara misal olaraq İmam Buxari, İbn Sina , İmam Qəzzali və Fəxrəddin Razi, Bəhmənyar əl-Azərbaycani kimi alimləri misal göstərmək olar.

        Elm haqqında hədislərdə Rəsulullah (s.ə.s) belə buyurur: “Elm öyrənmək üçün yola çıxan hər bir kəs evinə qayıdana kimi Allah yolundadır”. (Tirmizi, Elm)

      “Alimlər Peyğəmbərlərin varisləridir”. ( Əbu Davud, Elm)

       Peyğəmbərin ( s.ə.s) bu sözlərindən və müqəddəs kitabımız Qurani-Kərimin elmə verdiyi qiymətdən yola çıxaraq müsəlman alimləri bütün elmləri dərinliklərinə qədər öyrənmiş və dünyaya elm sahəsində rəhbərlik etmişlər.

      Bu məqaləmdə dünya elm tarixində iz buraxmış bir neçə müsəlman alimin ixtiraları və dünya elm aləminə verdiyi töhfələrdən bəhs edəcəyəm.

       İbn Heysəm: Gözün optik quruluşu hələ heç kimə məlum olmayan vaxtlarda müsəlman alimlər tərəfindən araşdırılıb. İbn Heysəm gözün işıq şüaları vasitəsi ilə gördüyü və onun optik quruluşu barəsində fikirlər irəli sürüb. Onun nəzəriyyəsinə görə, gözə daxil olan işıq şüaları orada qırılaraq gözün görmə qabiliyyətini əmələ gətirir.

       Cabir ibn Həyyan: İslam dünyasının bu böyük alimi mayenin temperaturuna, dəqiq desək, qaynama nöqtələrinə görə bir-birindən ayrılma mexanizmini kəşf edib. Bir neçə icadın əsasını qoyan Cabir ibn Həyyan modern kimyanın banisi sayılır.

       Əbul Qasım Zəhravi: Deyilənə görə, hazırda dünyanın bütün xəstəxanalarında istifadə edilən cərrahi alətlərin forma və ilkin dizaynı orta əsr ərəb təbibi Zəhraviyə aiddir. Zəhravinin hazırladığı 200 cərrahiyyə aləti bu gün modern tibdə də istifadə edilir. Zəhravi həmçinin heyvan bağırsaqlarından hazırlanan iplikdən vurulan tikişin insan bədənində öz-özünə itmə mexanizminin də əsasını qoymuşdur.

       Məhəmməd əl-Xarəzimi: Alqoritm və tirqonometriya anlayışları da İslam dünyasından Avropaya yayılıb. Bu nəzəriyyə Xarəzmdə yaşayan alim Məhəmməd əl-Xarəzminin adının baş hərflərinin ardıcıllığını özündə əks etdirir. Çünki alqoritm nəzəriyyəsi qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığını ifadə edir.

       Əl-Biruni: Hələ IX əsrdə bir çox müsəlman alimləri müxtəlif rəsədxanalarda yerin Günəş ətrafında fırlanmasını və onun kürə halında olmasını qeyd edirdi. Xüsusən də əl-Biruni bu fikirlərdə daha qətiyyətli idi. Avropaya isə bu nəzəriyyə yalnız 500 ildən sonra gedib çatmışdır. O zaman indinin sivil Avropası bu yeni nəzəriyyəni dilə gətirən Qalileyi ölümə məhkum etmişdi.

      Xaç yürüşləri zamanı müsəlman əsgərlərini qorxudan təkcə yaxşı silahlanmış ordu deyildi. Onları qorxudan həm də o əsgərlərdən gələn pis qoxu idi. Avropalılar müsəlman ərazilərini işğal edənə qədər nə sabunla, nə də isti suda yuyunmaq vərdişləri ilə tanış deyildilər. Qədim Misirdə kəşf olunan sabun orta əsrlərin müsəlman aləmində müxtəlif bitki və kimyəvi tərkiblərlə zənginləşərək modern halını aldı. Başqa bir müsəlman alim tərəfindən icad olunan şampun avropaya ancaq 1759-cu ildə ayaq açmışdır.

      Kəşflər və müsəlmanlar tərəfindən elm aləminə gətirilən yeniliklər yazmaqla bitməz. Amma son illərdə  niyə müsəlmanlar tərəfindən ixtira və kəşflərin dayandığı və yeniliklərin olmadığı hər kəsi maraqlandıran suallardan biridir. Müsəlmanlar bu nailiyyətləri Həqiqi İslamı yaşadıqları zaman əldə etmişdilər. Nə zaman ki Həqiqi İslamdan uzaqlaşdıq, o zaman geriləmə baş verdi. Əgər yenidən dünya elm tarixindəki yerimizə qayıtmaq istəyiriksə, müqəddəs kitabımız Qurani-Kərimdə  buyurulduğu kimi: “Allah  sizin aranızdan iman gətirənləri və elm-bilik kəsb edənləri yüksəldər” ayəsini rəhbər tutaraq din ilə elmi bir-birinin yolunu aydınladan iki nemət kimi görərək can-dildən çalışmalıyıq.

      • Hits: 71 clicks

      Tecox component by www.teglo.info