155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adem ŞAHİN - DƏRS GÖTÜRMÜŞ PİŞİKLƏR

      Share

      İstanbuldakı Çilehane məscidinin qapıları ardına kimi açıqdır. Əslində, əllər də hər daim beləcə duaya açıq olmalıdır. Bəzən harada dua etməyin necə dua etməyin qədər əhəmiyyət qazanır. Həccə gedənlərdən niyə dua istəyirlər? Eyni dua sözləri yaşadığımız şəhərdə də söylənə bilər. Əl və barmaqlar heç oynadılmadan üzü göyə çevrilərsə, dua edirmiş kimi açılmış olar. Bu, hər insanda belədir.

      Vaxt ikindi ilə axşam namazı arasıdır. Bir metrlik zibil qutusunun kölgəsinin uzunluğu adam boyunu keçib. Hər gün “bir yerdə kiçik adamların böyük kölgələri varsa, o yerdə günəş batmaqdadır” həqiqətini yaşayırıq. Öz-özümə sual verirəm: Boyun və kölgən eyni nisbətdədirmi? Kölgələr danışır? Yoxsa kölgələr haqqında danışırıq?  Kölgələrlə dalaşmaqdan nə vaxt əl çəkəcəyik?

      Məscidin qapısında iki pişik görünür; içəridən götürdükləri iki təsbehi qapının önünə çıxardıblar. İkindi günəşində böyrü üstə uzanıb oynayırlar. Uzun illər Azərbaycanda xidmət göstərmiş olan Lokman Helvacı xocama pişik və təsbehin şəklini çəkib göndərdim, “xocam, işlər nə vaxt bu həddə gəldi?” deyə mesaj atdım. Fərasət sahibi xocamla üz-üzə gəldiyim zaman “nə demək istədiyini anladım” dedi.

      Pişiklərin piri kimdir? Zəmanənin Əbu Hüreyrəsi? Onlara “111”-i kim başa salır? İstanbulun pişikləri belə irəlidədir, bu sahədə, maşallah...

      12 iyul 2019-cu ildə İstanbulda vəfat edən Mehmet Şevket Eygi ustad haqqında yazmamaq əldə deyil. Ustad vəsiyyətində pişiyi haqqında belə deyir: “Vəfatımda pişiyim sağ olarsa, dostlarımdan biri ona yiyə dursun, evinə aparsın, ölənə qədər baxsın. Öldüyü zaman cəsədini bəyaz bir parçaya büküb təmiz bir yerə gömsün. Mütəvazi heyvandır. Az yeyər, çox sevgi istəyər. Gördüyü sevginin on qatını geri verər. Saxlayan savab qazanar. Bu yaxşılığı edəcək olana indidən dua və təşəkkür edirəm”.

      Mehmet Şevket Eyginin pişiyinin bir gözü görən, küçədən tapılma, sahibsiz bir pişik olduğunu oxumuşdum. İnsanlar niyə cins köpəkləri və cins pişikləri alıb göstəriş edirlər? Məqsəd mərhəmətdirsə, onu zəifə, kimsəsizə göstərmək daha doğru deyilmi?

      Toyuq, inək kimi heyvanların xüsusiyyəti heç bir zaman sahiblərinə yaltaqlıq etməmələri, özlərini sevdirmək kimi bir məqsədlərinin olmamasıdır. Bu heyvanları yedirsən, içirsən, sevsən, onlar üçün fərqi yoxdur. Sanki hal dili ilə: “məni yedirən, içirən, doyuran Allahdır; mən vasitəçilərə minnət duymaram” deyər. Köpək özünü sevəni, yedirəni unutmaz. Sanki həqiqi nemət verəni unudaraq vasitəçini məqsəd olaraq görər. Pişik isə sanki nemətin həqiqi sahibini tanıyır və ondan başqasına minnət etmirmiş kimi görünər.

      Ey pişiklər, əlinizə təsbeh götürərək nə demək istəyirsiniz? Bir çox insan əlində qəpik şaqqıldadır, stress topu ilə, açar və ya qələm oynadaraq gəzir. “Buraxın əlinizdəkiləri, bu təsbehi götürün!” deyirsiniz?

      Osmanlı ailəsində qız olsun, oğlan olsun, səkkiz yaşına çatan uşağa təsbeh hədiyyə verilər və ömür boyu qoruması/işlətməsi istənərmiş. Uşağa təsbeh vermək onu dəvət etmək – uşaqlıqdan çıxmasını sürətləndirmək deməkdir. Biz uşağa nə veririk? Cib telefonu, konfet, planşet və s. Bunları uşağa vermək “sən uşaq olaraq qal, böyümə, düşünmə, ciddiləşmə, mənasız işlərlə məşğul ol” demək deyilmi?

      Ey pişiklər, əlinizdə təsbehlə nə demək istəyirsiniz? Televizor və ya telefon ekranına baxarkən, pəncərədən çölü seyr edərkən təsbeh çəkənlərə “sizin etdiyiniz iş mənim təlbehlə oynamağımdan fərqsizdir” demək istəyirsiniz?

       Təsbeh çəkməyin də bir ciddiyyəti olmalı deyilmi? Ciddiyyətsiz çəkilən təsbehlər pişiyin təsbehlə oynamasından fərqsizdir. Ənam surəsinin 70-ci ayəsində: “dinlərini oyun və əyləncəyə çevirən” kəslərdən qəzəblə söz açılır. Təsəvvüfü, zikri, söhbətləri oyun və əyləncə kimi görməyin yansımaları nələrdir? Gül qoxulu, muncuqlarına “Allah, Muhamməd” yazılmış, qaranlıqda pişik gözü kimi parıldayan fosforlu, qızılı rəngli, qızıl işləməli təsbehlərlə fərqində olmadan təsbehi oyun və oyuncaq halınamı gətirdik? Virtual aləmdə “ağıllı təsbeh” reklamları yer alır. Təsbehlər ağıllı olarsa, biz nə olarıq?

      Ey məscid önündə təsbehlə oynayan pişiklər, yoxsa siz Hədid surəsinin 16-cı ayəsini xatırlatmaq istəyirsiniz? Bizə: “İllərdir təsbeh gəzdirdiyiniz halda, söhbətlərə qulaq asdığınız halda, könül bağçasından yazılar oxuduğunuz halda yenə də qəlbləriniz ürpərmir! Məzar daşı kimi elə hey eyni yerdəsiniz!” demək istəyirsiniz?

      “İman gətirənlərin Allahın zikri və haqdan nazil olan Quran üçün qəlblərinin ürpərməsinin vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlarda uzun bir müddət keçdi və qəlbləri sərtləşdi...” (əl-Hədid, 16)

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info