155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Malik İBRAHİMOV - QAYALARIN ALTINDA QALAN MƏDƏNİYYƏT

      Share

      Dünya bir çox mədəniyyətə ev sahibliyi etmişdir. Bunlardan elələri var ki, indi belə öz izlərini saxlamaqdadır. Lakin elələri də var ki, tamamilə silinib yox olub. Silinənlərlə bir işimiz yoxdur. Danışmaq istədiyim öz izlərini və mənəviyyatını miras qoyan mədəniyyətlərdir. Təbii olaraq tarix boyu bir çox xalq mədəniyyətlər qurmuş, tarixin səhifələrində özünəməxsus yerini tutmuşdur.

      Hər bir xalq öz keçmişi ilə, əcdadlarının tarixdə qoyduğu izlərlə fəxr edir. Lakin, həqiqətən də, fəxr olunacaq, dünyaya faydası toxunan mədəniyyətlər barmaqla sayılacaq qədər azdır. İndi tarix kitablarında yazılanların, demək olar ki, hamısı müharibələr, ölənlərin sayı, hakimiyyət mübarizələri və bunun kimi daha nə qədər acınacaqlı hadisələrdir. Ziyarət etdiyim qədim qalaların tarixindən danışılarkən deyilənlər sadəcə ora edilən hücum sayı, müdafiə döyüşləri, ölənlər və yaralılardır. Heç bir mənəviyyatdan, daxili rahatlıqdan söhbət belə gedə bilməz. Dünyaca məhşur saraylar, qalalar, divarlar hər biri bir heç uğrunda ölən insanlardan başqa heç nə xatırlatmır. İnsan bu hadisələr danışılarkən sadəcə tikilinin qədimliyinə və görkəminə baxır. Çünki heç kim o qaranlıq hadisələri düşünmək belə istəməz.

      Lakin bəzi mədəniyyətlər də var ki, özündən sonra qoyduğu izlər bir qaya parçası, yaxud tikili deyil. Onların qoyduğu izləri daşlar və sözlər ifadə edə bilməz. Maraqlandıqda və ziyarət ertdikdə insana qəribə daxili rahatlıq, heyrət və minnət dolu hisslər yaşadır. Son Türkiyə ziyarətimdə getdiyim yerlərdə yaşadığım hisslər də məhz bunlardan idi. Tikilən məscidlərin, türbələrin və qalaların hər birinin bir hekayəsi var. İnsanları bu tikililərin ehtişamı ən az maraqlandıran şeydir deyə bilərəm. Çünki oraları ziyarət edən heç kəsdən bu tikilinin həndəsi ölçüləri və bu kimi şeyləri soruşduğunu xatırlamıram. İnsanların ilk olaraq soruşduğu şey bu yerin hekayəsi olur.

      İstanbulda məni ən çox təsirləndirən yer Əyyub Sultan həzrətlərinin türbəsi və məscidi oldu. Əbu Əyyub əl-Ənsari həzrətləri İstanbulun mənəvi rəhbəridir. Ona görə də şəhər gəzintisi ilk olaraq onun türbə və məscidi ilə edilməlidir. Əgər Peyğəmbərimizi (s.ə.s) evində qonaq edən, ənsarların başında gələn bu şəxsiyyəti tanıyırsınızsa, orda hiss edəcəyiniz mənəviyyatı başqa yerdə hiss edə bilməzsiniz. Xüsusilə səhər namazını orada qılıb ardınca da duada iştirak etmək insana inanılmaz zövq və rahatlıq verir. Düşünəndə ki, yaşlı bir adam sırf Allah rizasını qazanmaq və Peyğəmbərin (s.ə.s) hədisindəki şərəfə nail olmaq üçün Mədinədən İstanbula qədər ordunun başında gəlib və burada şəhid olub, insan özünü dininin əmrləri qarşısında çox cılız hiss edir.

      Ziyarətim zamanı məni ən çox təsirləndirən yerlərdən biri də Çelebi Mehmed, Orxan Qazi və Osman Qazinin türbələri oldu. Ona görə yox ki, türbələr şəhərin gözəl yerlərindədir və tikililər gözəldir. Əslində tikililər o qədər də diqqətimi çəkmədi. Əsas diqqətimi çəkən türbələrdə yatan bu insanların bir məqsədə bağlı olmaları və bu məqsəd uğrunda bütün həyatlarını vermələri oldu. Allahın dinini, hüzur və sülhü yaymaq adına bu insanlar kiçik bir bəylikdən dövlət qurmağı bacarır. Ən çox məni təsirləndirən Çelebi Mehmed oldu. Osmanlının padşahı əsir götürüldükdə o, dövlət dağılmasın deyə başa keçir. Hər cür güc əlində ikən dövləti özününküləşdirmək və varlanmaq iddiası olmur. Sadəcə dövləti parçalanmaqdan qoruyur və onu daha da gücləndirməyə çalışır. Buna görə də Osmanlının ikinci qurucusu hesab edilir. İnsan sadəcə minnət və heyrət duyğuları keçirir.

      Son olaraq Çanaqqala ziyarətimdən yazmaq istəyirəm. Çanaqqala haqqında nəinki yazı, hətta kitablar var. Lakin mənim diqqətimi çəkən bəzi hadisələr haqqında yazmaq istəyirəm. Oradakı məzarlıqları gəzərkən insan şəhidlərin fədakarlıqlarını hiss edə bilir. Orada şəhid olan insanların sadəcə bir niyyəti var idi; İslama zərər gəlməsin. Gənclər bütün gələcək günlərini, həyatlarının ən parlaq zamanlarını bu niyyət uğrunda fəda edir. Ora etdiyim ziyarətdə tələbələrlə birlikdə idim. Sanki oradakı gənc şəhidlər bizə: “Biz qanımızla bu dinə sahib çıxdıq, sizlər də elminizlə və qələminizlə sahib çıxın!” deyirdilər.

      Son ziyarətim haqqında və ümumiyyətlə bu yerlər haqqında səhifələrlə yazı yazmaq mümkündür. Çünki bu, əsl mədəniyyətdir. Özündən sonra barbarlıq deyil, fədakarlıq, iman, qəhrəmanlıq və mənəviyyat dolu örnəklər qoyub getdilər. Onlar bu izləri yanlarına gedib şəkil çəkdirmək ya da baxmaq üçün deyil, bu bayraqları əlimizə götürüb mübarək vəzifələrini davam etdirmək üçün qoyub getdilər. Əks halda, nə qədər desək də, sahib çıxmadıqca və onların yolunu getmədikcə əcdadımız deyə qürurlana bilmərik.

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info