155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran MƏMMƏDOV - DƏCCAL

      Share

      Əbu Ubeydə bin Cərrah (r.a) belə dedi: Mən Nəbiyyi-Əkrəmi (s.ə.s) belə buyurarkən eşitdim:

      “Nuhdan (ə.s) sonra gələn bütün peyğəmbərlər qövmlərinə Dəccaldan söz etmiş və onun təhlükəsinə qarşı xəbərdar etmişlər. Mən də sizi Dəccalın gələcəyini söyləyərək xəbərdar edirəm.”

      Əbu Ubeydə bin Cərrah (r.a) sözünə belə davam etdi: Rəsulullah (s.ə.s) bizə Dəccalın xüsusiyyətlərini anlatdı və:

      “Məni görüb sözümü eşidən bəzi kimsələr bəlkə də Dəccalı görəcəkdir”, - buyurdu. Bunun üzərinə əshabi kiram:

      “Ya Rəsulallah! O gün qəlblərimiz hansı vəziyyətdə olacaq? Bugünkü vəziyyətdə olacaqmı? ” - deyə soruşdular. Rəsulullah da (s.ə.s) :

      “Bəlkə də bugünkündən daha xeyirli olacaq”, - buyurdu.

      (Buxari, Cihad 178, (3057), Məğazi 77, (4402), Ədəb 97, (6175), Fitən 26, (7127), Əbu Davud-Kitabus-Sünnə, 4756)

      Abdullah ibn Ömərin (r.a) oğlu Salim atasının belə dediyini nəql etdi:

      “Bir gün Nəbiyyi-Əkrəm(s.ə.s) əshabına bir söhbət etmək üçün ayağa qalxdı, Allah-Təalaya layiq olduğu şəkildə həmd-səna etdi, sonra Dəccaldan söz edərək belə buyurdu:

      “Mən sizə Dəccalın mütləq gələcəyini deyərək xəbər verirəm. Hər peyğəmbər mütləq qövmünü Dəccalın gələcəyini deyərək xəbərdar etmişdir. Nuh peyğəmbər də qövmünü Dəccal təhlükəsindən xəbərdar etmişdir. Fəqət mən sizə dəccal haqqında heç bir peyğəmbərin qövmünə demədiyi bir şeyi deyəcəyəm: Dəccalın bir gözünün kor olduğunu bilirsiniz. Allah-Təala isə, əlbəttə, belə bir qüsurdan münəzzəhdir”. (Buxari, Cənaiz 79,(1354),Cihad 178,(3055), Məğazi 77,(4402), Ədəb 97,(6173); Müslim, Fitən 85,95, (2924,2930), Əbu Davud-Kitabus-Sünnə 4757 .)

      Hədisi-şəriflərdən öyrəndiyimizə görə dəccal bir insandır və qiyamət əlamətlərindən biridir. Qiyamət yaxınlaşdığı zaman ortaya çıxacaq, özünün ilah olduğunu deyərək yer üzündə gəzəcək, bu arada bəzi fövqəladə hadisələr göstərəcəkdir. Kafirlər və münafiqlər ona inanıb ardınca gedəcək, ancaq səmimi müsəlmanlar ona inanmayacaqlar.

      Hədisi-şərifdə keçdiyi üzrə əshabi-kiram Rəsulullaha (s.ə.s) “dəccala çatsaq o gün qəlblərimiz nə halda olacaq, onun tələsinə düşəcəyikmi?” deyə soruşmuş, Allahın elçisi də qəlblərinin daha duyarlı, fərasətlərinin daha dərin olacağını, bu səbəblə dəccalın oyununa gəlməyəcəklərini müjdələmişdir. Əsasən bu müjdə sadəcə əshabi-kiramı deyil bütün müsəlmanları qucaqlayan bir müjdədir. Bu səbəblə möminlər dəccaldan Allaha sığınmalı, ancaq əndişəyə qapılmamalıdır, çünki Allah Təala möminlərə onun tələsinə düşməyəcək fərasəti ehsan edəcəkdir.

      Dəccal yer üzündə bir müddət qaldıqdan sonra Hz. İsa göydən enəcək və onu öldürəcək.

      Qiyamətin olduqca yaxınlaşdığını deyən Rəsuli Əkrəm (s.ə.s) dəccalın nə vaxt ortaya çıxacağını bildirməmişdir.

      Hədisi-şəriflərdən öyrəndiyimizə görə bir çox kiçik dəccal, bir də böyük dəccal vardır. Qiyamət qopmadan əvvəl otuza yaxın yalançı dəccal çıxacaq, hamısı da peyğəmbər olduğunu iddia edəcəklər. Bu dövrdə:

      Həqiqi alimlər öləcək,

      Zəlzələlər çoxalacaq,

      Kainat son günlərini yaşamağa başlayacaq,

      Gecə ilə gündüz bir-birinə bərabər olacaq,

      Mal hədsiz dərəcədə çoxalacaq, hətta zəkat veriləcək heç kim tapılmayacaq,

      İnsanlar hündür binalar tikmə xüsusunda birbiriylə yarışacaq,

      Bir qəbrin yanından keçən kimsə, kaş ki, burda yatanın yerində mən olsaydım, deyəcək,

      Günəş qərbdən doğacaq, bunu görən hər kəs iman edəcək, fəqət daha əvvəl iman etməyənlərə bunun faydası olmayacaq,

      Ardından da qiyamət qopacaqdır. (Buxari, Fitən 25,(7121).

      Sərvəri-ənbiya Əfəndimizin xəbər verdiyi kimi Əsri-səadətdən bu günə qədər peyğəmbərlik iddiasında olan bir çox yalançı meydana çıxmış və bir çox insanı özünə tabe etmişdir. Bir növ dəccal olan bu saxtakarların bəzilərini anmaq gərəkirsə  hələ Peyğəmbər (s.ə.s) həyatda ikən ortaya çıxan Müseyləmətül-kəzzab, Əsvədül-Ansi və yaxın zamanda Hindistanda ortaya çıxan Mirza Qulam Əhməd Qadiyaninin (ö.1908) adı verilə bilər.

      Fəxri-Aləm (s.ə.s) dəccalların ən təhlükəlisinin axır zamanda ortaya çıxacağını, onun ilahlıq iddiasında olacağını bildirmiş, bu saxtakarı “yalançı kor dəccal” deyə tanıtmış, onun sağ gözünün kor olduğunu demiş, bu kor gözünün salxımından çölə fırlamış üzüm dənəsinə bənzədiyini ifadə etmiş, “amma sizin Əziz və Cəlil olan Rəbbiniz belə bir qüsurdan münəzzəhdir” buyurmuşdur.

      Bunu unutmamalıyıq: Dünyada hər an imtahan edilməkdəyik. Sadəcə bizlər deyil, Allah-Təalaya üsyan edən dəccallar da imtahan olmaqdadır. Firon, Nəmrud və Qarun kimi azğınlar və dəccallar bu imtahanı uduzanların öndə gedənləridir. Kor Dəccal isə bu azğınların axırıncısıdır. Əziz və Cəlil olan Allah Fironu, Nəmrudu və Qarunu necə həlak etmişdirsə, kor dəccalı da eyni şəkildə yox edəcəkdir.

      Peyğəmbərimiz (s.ə.s) bizə pislikdərdən Allaha sığınmamız gərəkdiyini öyrətmişdir. Özü “kor dəccalın fitnəsindən” Allaha sığınmış, bizim də onun şərindən Allaha sığınmamızı tövsiyə etmişdir.

       

      • Hits: 16 clicks

      Tecox component by www.teglo.info