155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Nicat QƏRİBOV - BİR AVTOBUS BİLETİ

      Share

      Bir müəllim kiçik bir ürək sahibinin müsəlmanların dərdlərinə necə şərik olduğunu belə nəql edir:

      “Bosniya savaşının ən ağır günləri idi. Sinifdəki şagirdlərimə orada yaşanan vəhşilikləri danışdım. Şagirdlərdən biri dedi:

      - Müəllim. Biz də oradakılara kömək edək.

      - Valideynlərinizdən pul istəməmək şərti ilə olar, - dedim.

      Onlar əmək təlimi dərsində öyrəndikləri müxtəlif əşyaları düzəldəcək, mən də 15 gün sonra Bosniyaya yardım üçün təşkil edilən sərgidə gətirdikləri əşyaları satmağa çalışacaqdım.

      Bir həftə sonra dərs əsnasında şagirdlər düzəltdikləri kiçik, lakin mənim gözümdə böyük dəyəri olan əşyaları gətirib mənə verdilər. Bir neçə nəfər çatdıra bilmədiyini və gələn dərsə gətirəcəyini söylədi. Hamısı çox sevinirdi. Ancaq qabaq cərgədə oturan, sinfin ən sakit, lakin qabiliyyətli şagirdlərindən olan Songül dərs boyunca başını aşağı salaraq heç bir şey danışmadan dayandı. Zəng çalınanda səssizcə yanıma gəldi:

      - Mənim Bosniya-Hersoqovinadakı bacı-qardaşlarıma vermək üçün yalnız buna gücüm çatır. İnşallah, işlərinə yarayar, - dedi. Ovcuma bir şey qoyub cəld məndən uzaqlaşdı. Ovcumu açanda avtobus üçün bir tələbə bileti gördüm. Yəqin Bosniya-Hersoqovinadakıların da bu biletlə avtobusa minə biləcəklərini düşünərək verib deyə düşündüm və gülümsəyərək oradan uzaqlaşdım.

      Məktəbdən çıxanda vedrədən tökülürmüş kimi yağış yağırdı. Maşınıma mindim və yolda təmir getdiyi üçün arxa küçə ilə evə doğru sürməyə başladım. Maşının siləcəkləri sürətlə işləsə də, şüşələri silib çatdıra bilmirdi. Qabağı zorla görürdüm.

      Yolun kənarında təpədən-dırnağacan islanmış, sürətlə evə getməyə çalışan 12-13 yaşlarında bir qız uşağı gördüm. Onu maşına mindirmək üçün sürəti azaltdım. Bu qız Songül idi...

      Son biletini Bosniyadakı bacı-qardaşları ilə paylaşdığı üçün o yağışlı havada evinə piyada gedirdi. Songülü maşına mindirib atası və üç qardaşı ilə yaşamağa məcbur olduqları uçuq bir daxmanın qabağında düşürdüm. Üç-dörd kilometrlik yol boyunca ondan gizlətməyə çalışdığım göz yaşlarım artıq sel kimi axırdı.

      Bir həftə sonra təşkil etdiyimiz satış sərgisinin açılışına gələn Bələdiyyə sədrinə və yanındakılara Songülün verdiyi bileti göstərdim. Özü çox ağır vəziyyətdə yaşayan, amma ürəyi zəngin olan şagirdin hekayəsini onlara danışdım. Bələdiyyə sədri bileti hərraca çıxartdı. O bilet sərgidə satılan bütün əşyaların dəyərinin cəminə yaxın qiymətə satıldı”.

       

       

      QARDAŞINIZA DUA EDİN

      Mənəvi böhrana düşmüş insanlardan uzaqlaşaraq, onları tərk etmək yerinə onlara İslamın təbəssümünü göstərmək lazımdır ki, yenidən həyata qayıtsınlar. İbn Əsam belə deyir:

      Şam əhlindən güclü, qüvvətli və nüfuzlu bir adam vardı. Tez-tez Hz. Ömərlə görüşməyə gəlirdi. Uzun bir müddət onu görməyən Hz. Ömər yanındakılardan həmin adamın nə işlə məşğul olduğunu və görünməməsinin səbəbini soruşanda belə cavab verdilər:

      - Ey möminlərin əmiri, o, şərab içərək özünü məhv etdi.

      Hz. Ömər katibini çağıraraq:

      - Yaz! “Ömər bin Xəttabdan filankəsə. Sənə salam olsun! Özündən başqa ilah olmayan, günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi bol olan Allaha həmd edirəm. Ondan başqa heç bir ilah yoxdur, dönüş ancaq onadır.”

      Hz. Ömər məktubu yazdırdıqdan sonra üzünü yoldaşlarına tutub dedi:

      - Allahın yoluna qayıtması və tövbəsinin qəbul olunması üçün qardaşınıza dua edin!..

      O şəxs Hz. Ömərin məktubunu alan kimi: “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi bol olan Allah...” ayəsini dönə-dönə oxudu və: “Allah məni həm əzabı ilə qorxutmuş, həm də günahlarımı əfv edəcəyini vəd etmişdir” deyərək ağladı. Sonra da tövbə etdi.

      Hz. Ömər o adamın tövbə etdiyini eşitdikdə bunları söylədi:

      “Bir qardaşınızın yoldan çıxdığını, günaha batdığını gördükdə onu doğru yola gətirməyə və Allahın əfvinə güvənməsinə çalışın. Allaha dua edin ki, qəlbinə tövbə etmək istəyi salsın. Şeytana yardımçı olaraq ona bəddua etməyin”.

      • Hits: 13 clicks

      Tecox component by www.teglo.info