155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Hacı Salman Musayev - “Adı ilə ürəyimizdə yaşayacaq”.

      Share

       Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Hacı Salman Musayev - “Adı ilə ürəyimizdə yaşayacaq”.

      İrfan: Səlim əfəndi ilə birgə uzun illər Qafqaz Müsəlmanları İdarəsində fəaliyyət göstərmisiniz. Səlim əfəndini necə tərif edərdiniz?

      Salman Musayev: Səlim əfəndi, Allah rəhmət eləsin, Sovet dövrünün 80-ci illərindən tanıdığım bir şəxsiyyətdir. O dövrlərdə kommunist rejimi vardı, dinə münasibət tam fərqli idi. Şəkiyə, o dövrün müftisi Hacı İsmayıl əfəndi ilə birgə dəfələrlə getmişəm. O zaman Səlim əfəndi Yanıq Məsciddə işləyirdi. Onun şəkililər arasındakı ehtiramının, ona göstərilən hörmətin, bir ağsaqqal kimi münasibətin şəxsən şahidi olmuşam. Səlim əfəndinin özəl xüsusiyyətlərindən biri odur ki, çalışdığı məsciddə məzhəbindən asılı olmayaraq hər bir şəkiliyə, hər bir inanclı insana qapıları açmışdır. O dövrdə dəfələrlə Şəkidə keçirilən Məhərrəmlik mərasimlərinin, xüsusən Aşurə mərasimlərinin iştirakçısı olmuşam. Bu mərasimlərə şərait yaratması səbəbi ilə də ona qarşı necə xoş münasibət bəsləndiyinin şahidi olmuşam.

      Bundan başqa, Səlim əfəndi Şəki camaatı üçün elə bir ənənə qoyub ki, şükürlər olsun, o ənənə bu gün də yaşamaqdadır və ümidvaram ki, bundan sonra da yaşayacaqdır. Mən rəhmətlik İsmayıl əfəndi ilə söhbətlərimdə həmişə bunu eşitmişəm ki, Şəki tarixən hafizlər yetişdirən bir mərkəz olmuşdur. Şükürlər olsun ki, yeni bir hafizlik məktəbinin, mədrəsəsinin ərsəyə gəlməsində Səlim əfəndinin böyük rolu olmuşdur. Bu günə qədər yetişən hafizlərimiz, əlbəttə, hafizliklərinə görə ona, onun ruhuna borcludurlar, hər zaman oxuduqları ilə onun ruhunu şad edəcəklər.

      Səlim əfəndi təkcə din xadimi deyildi. Həm ağsaqqal, həm də yaxın dost idi, sirdaş idi. Fikirlərini bölüşər, yeri gələndə məsləhət almağa çalışar, bəzi məqamlarda da ağsaqqal kimi məsləhətini verərdi.

      Onun bir özəlliyi də bu idi ki, hər hansı xeyir-şər işlərdə oranın – Şəkinin camaatı sevinərdi ki, Səlim əfəndi onların məclisində iştirak edir, xeyir-dua verir. Bu, Səlim əfəndinin öz camaatı arasında qoyduğu xoş bir ənənə idi ki, o ənənə bu gün də yaşayır. Ümid edirəm ki, bundan sonra, necə ki tarix boyu Şəki camaatının içindən çıxmış ağsaqqallar, ədiblər, müxtəlif sahələrdəki tanınmış simalar kimi Səlim əfəndi də adı ilə yaşayacaqdır. Onu yaşadan onun qoyduğu əsərlərdir, xatirələridir. Ən böyük əsəri isə hafizlik məktəbidir ki, oradan yetişən hafizlər bu gün dünyanın müxtəlif yerlərində müsabiqələrdə iştirak edirlər, Azərbaycanı təmsil edirlər. Hamısının çıxdığı yer Şəkidir. Onun ən böyük işlərindən bir digəri də bolşevik rejiminin qurbanı olan Cümə məscidinin yenidən dindarların ixtiyarına verilməsi, həyata qaytarılmasıdır. Bu da onun həmişə xatırlanacaq xatirələrindən biridir.

      - Sovet dövründə dinin camaat nəzdindəki etibarının qorunması və sonrasında yenidən yayılması sahəsində Səlim əfəndi kimi ağsaqqallarımızın rolu nə olmuşdur?

      - İndi, şükürlər olsun, müstəqillik dövrüdür, bu zamanda dini ənənələri, dini mühiti qorumağa nə var ki?! Ən acınacaqlı, ən çətin dövr o dövr idi. O dövrdə hər addımın, hər deyəcəyin söz, hər görəcəyin iş yüz dəfələrlə süzgəcdən keçirilirdi. Səlim əfəndi həmin dövrü yaşamışdı. 83-cü ildə Şeyx həzrətləri ilə birgə həccə getmişdi. Bütün SSRİ məkanından 15-20 nəfər icazə verilirdi. Bu səfərdə yer almaq Səlim əfəndiyə qismət olmuşdu. Hər işiniz süzgəcdən keçirdilirdi. Bəzən atılacaq addımlara mənfi cavab verilirdi. Səlim əfəndi bu çətin mərhələlərdən keçib gəlmişdi.  

      - Bəzən yeni öyrənənlər daha əvvəlkiləri bəyənmir. Sizcə bugünkü gənclər yaşlı nəslin nümayəndələri olan belə şəxsiyyətlərə hörmət baxımından hansı mövqedə olmalıdırlar?

      - Biz ulularımızdan qalan ənənələri yaşatmalıyıq. Bunları məhv etəyə haqqımız yoxdur. Bugünkü bəzi gənclər bunu düşünə bilmirlər. Amma bir gün gələcək ki, onlar görəcəklər ki, nələri məhv ediblər, nələr əlimizdən gedib. Adət-ənənələrimiz silinərsə, sabah bizim heç nəyimiz qalmaz. Səlim əfəndi kimi şəxsiyyətlər bu yolla yetişiblər. Hər şeyin qadağan olduğu bir vaxtda mənəvi kimliyimizi bu şəkildə mühafizə etmişik ki, bu, böyük bir tarixi müvəffəqiyyətdir. O çətin dövrdə elə məqam olurdu ki, insan məhv ola biləcəyini bilə-bilə bəzi qərarları verməli olurdu. Amma bundan çəkinmirdik ki, istədiyimiz həyata keçsin. Məsələn, 90-cı illərin şanlı hadisələrində ən ön səfdə idik. Gülləbaran ola biləcəyimizi bilərəkdən gedirdik.

      Hər hansı dini sahəni elmi cəhətdən izah edərkən hər söz ölçülüb-biçilməlidir. Müəyyən elmi dərəcəyə çatmaq İslami elmlərin hamısına hakim olmaq, Qurana və hədislərə izah verə biləcək səlahiyyətdə olmaq demək deyildir. Bu gün məscidlərdə, dini sahədə fəaliyyət göstərən hər bir din adamı o dövrün ağsaqqallarının getdiyi yolu mütləq göz önündə tutmalıdır. Həmin dövrün imkanları nisbətində müəyyən işlər görülə bilərdi və onu da etdilər. Səlim əfəndi bu mənada bütün müsəlmanlar üçün böyük bir nümunədir, tarixə iz qoyub getdi, məkanı cənnət olsun. İnsanın yaxşı yönlərini, yaxşı əməllərini xatırlamaq bizim əxlaq kodeksimizdir. Belə şəxsiyyətlər hər daim yad olunmalı, unudulmamalıdır.

      • Hits: 42 clicks

      Tecox component by www.teglo.info