Dr. Ələddin SULTANOV - BİR AYƏ

      Share

      “Göylərdə və yerdə (Allahın varlığını və birliyini göstərən) neçə-neçə dəlillər vardır ki, (insanlar) onların yanından üz çevirib keçərlər”. (Yusuf, 12/105)

      Həm insanın daxili aləmində, həm də xarici aləmdə Allah-Təalanın varlığını, birliyini, elmini və qüdrətini göstərən neçə-neçə dəlillər və sübutlar vardır ki, bunların hər biri insan oğlunun ağlına xitab edir. Çünki insan elm, düşüncə, fəlsəfə və iş dünyasında daim bu dəlillərlə qarşı-qarşıyadır. İnsanlar kainatdakı təbiət hadisələrini, fiziki qanunları və öz bədəninin quruluşu ilə bağlı bir çox elmi həqiqətləri kəşf etdikcə bütün bunları yaradanı dərk etməsi gərəkdiyi halda bunlardan üz döndərir və haqqı qəbul etmirlər.

      Varlıq aləmində hər şey insan oğlunun mənfəəti üçün yaradılmış və nizamlanmışdır. Yəni lazımsız və intizamsız heç bir şey yoxdur. Buna görə də görə bildiyimiz və görə bilmədiyimiz hər bir şey Uca Allahın möhrünü daşıyır və Onun varlığına dəlalət edir. Min illərdir kainatdakı nizam-intizam pozulmamaqdadır. Ay, Günəş, ulduzlar və dünyamız öz orbitləri üzrə hərəkət edir, Günəş  gündüzümüzü işıqlandırmağa, Ay da gecəmizi aydınlatmağa davam edir. Canlılar aləminə baxdığımızda müşahidə edirik ki, hər birinin orqanizması mükəmməl şəkildə yaradılmışdır. Xüsusi olaraq insanı götürsək, hər bir bədən üzvü ayrı bir möcüzədir. Ən əsası da onu digər canlılardan fərqləndirən ağıl neməti Allahın varlığını göstərən dəlillərin başında gəlir. İnsan məhz ağıl yolu ilə bütün bunları düşünərək Allahın varlığını və qüdrətini dərk etməlidir.

      Qurani-Kərimdə bu mövzu ilə əlaqəli ayələr insanın diqqətini bu möhtəşəm nizam-intizama çevirmək istəyir. Həmçinin bir çox Quran ayəsində də Uca Allah “heç düşünmürsünüzmü?” (Məs. əl-Bəqərə, 2/219), “heç ibrət almırsınızmı?” (Məs. əl-Ənam, 6/80) buyuraraq bizləri bütün bunları təfəkkür etməyə dəvət edir. Müasir dövrdə bu ayənin mənası daha yaxşı anlaşılır. Çünki müasir texnika və elm on dörd əsr əvvəl bilinməyən bir çox məlumatları bizə bildirir və kainatdakı bu görkəmli nizam-intizamı gözlər önünə sərir.

      Ayənin son qismində Uca Allah: (insanlar) onların yanından üz çevirib keçərlər” – buyurmaqla məhz bu dəlilləri görən əksər insanların Allahdan üz çevirdiklərini vurğulayır. Daha əvvəl qeyd etdiyimiz kimi, bu ayədə işarə olunan dəlillər müasir elm sayəsində daha çox ortaya çıxmışdır. Müasir elmin beşiyi olan “Avropa” insanı isə Allahın yolundan üz çevirərək ateizmə doğru sürətlə yol almaqdadır. Ola bilsin ki, ayədə bu həqiqətə də işarə olunmuş və Qurani-Kərim bu dəlillərin ehtişamını elmi yöndən aşkar edənlərin onları inkar edəcəyini əvvəlcədən xəbər vermişdir.

      • Hits: 37 clicks

      Tecox component by www.teglo.info