155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Səfa MURADOV – BİR HƏDİS

      Share

      عن أَبي هريرة أنَّ رسول الله - صلى الله عليه وسلم - قَالَ: إِذَا مَاتَ الإنْسَانُ انْقَطَعَ عَمَلُهُ إِلاَّ مِنْ ثَلاثٍ: صَدَقةٍ جَاريَةٍ، أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ، أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ

      Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “İnsan öldüyü zaman üç əməli xaricində bütün əməllərinin savabı kəsilir: Sədəqeyi-cariyə, istifadə olunan elm, ardınca dua edən xeyirli övlad”. (Müslim, Vəsiyyət, 14)

      İnsanın həyat ilə olan əlaqəsi ölüm ilə kəsilər. Bu səbəblə də həm Quranda, həm də hədislərdə insana bəxş edilən həyat fürsətinin dəyərləndirilməsinə təşviq edilmiş və müvəqqəti dünyaya aldanmamaq tövsiyə edilmişdir. İnsanın dünyada ikən etdiyi üç əməl vardır ki, bu əməllər insan öldükdən sonra da ona savab qazandırmağa davam edər.

      Bunların birincisi sədəqeyi-cariyədir ki, bu, davam edən yaxşılıq mənasına gəlir. Yəni bu əməl hər kəsin istifadə etdiyi və davamlı olan xeyir-həsənat deməkdir. Cəmiyyətin fərdləri tərəfindən istifadə olunan məktəblər, xəstəxanalar, bulaqlar, körpülər, vəqflər və s. kimi ümumişlək məkanlar sədəqeyi-cariyə sayılır. Belə ki, istifadə olunduğu müddətcə yalnız Allahın rizasını ümid edərək o yerlərin təməlini qoyan və bunların qurulmasına hər hansı bir şəkildə yardımçı olan insanlar üçün ölümlərindən sonra belə bu yerlər savab qazandırmağa davam edər.

      Hədisdə Həzrət Peyğəmbərin ifadə etdiyi ikinci məqam isə istifadə olunan faydalı elmdir. Elm İslam dininin ən çox diqqət çəkdiyi və təşviq etdiyi önəmli bir əsasdır. Çünki elmli insanlar həm özlərini, həm də yaşadıqları cəmiyyəti aydınladarlar. Beləcə, bu fəaliyyət cəmiyyətdə inkişafa yol açar və bir çox insan bu elmdən faydalanmış olar. İnsan özündən sonra istifadə olunacaq bir elmi miras olaraq qoyub gedərsə, geridə buraxdığı o elm istifadə olunduğu müddətcə onun üçün ölümündən sonra belə savab qazandırmağa davam edər. Bir müəllimin özündən sonra keyfiyyətli tələbələr yetişdirməsi, bir həkimin hər hansı bir xəstəliyin asan müalicə yolunu taparaq geridə qoyması, bir mühəndisin insanların gündəlik fəaliyyətlərini asanlaşdıran yeni xidmətlər kəşf etməsi və s. kimi cəmiyyətin faydasına olacaq hər bir şey faydalı elmin nəticəsidir.

      Hədisin diqqət çəkdiyi üçüncü xüsus isə dua edən saleh övladdır. Bir insanın özündən sonra arxasınca dua edən bir övladının olması onun həyatda ikən övladını necə yetişdirməsindən asılıdır. Hər övlad ölümlərindən sonra ata-anaları üçün dua etməz. Çünki dua bir ibadətdir. İbadətlər isə insandan iradə və səbir tələb edir, buna öyrəşməyən insana ağır gəlir. Bu anlayışda olan bir övladın yetişdirilməsi isə yalnız sağlığında valideynlərin özlərinin cəhdi ilə mümkündür.

       

      • Hits: 19 clicks

      Tecox component by www.teglo.info