155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Əziz SULTANOV - ƏBƏDİ SƏADƏT SEVDALILARI

      Share

      Tarix boyu insanın, xüsusilə də dünyaya meyli olan insanların iki arzusu olub: çox yaşamaq və rahat yaşamaq. Bu məqsədlə insan oğlu dünyanı bu başdan o başa ələk-vələk edib ki, bəlkə, axtardığı “dirilik suyu”nu tapa. Halbuki axtardığı şey dəvəni inyə dəliyindən keçirmək, Günəşi palçıqla suvamaq kimi imkansız, nəticəsizdir. Çünki müvəqqəti daldalanma məkanında əbədi sığınacaq, çətinlik və məşəqqət yurdunda əbədi səadət, təəssüf ki, məntiqə və yaradılış məqsədinə ziddir.

      Bəs yaxşı, insanı bu axtarışa vadar edən təhtəlşüur təlqin haradan qaynaqlanır? İlk insan yaradılarkən ona üfürülən “ruh” əbədi varlığın bir töhfəsi, geri qaytarılmaq vədi ilə çıxarıldığı ilk yurdu da “əbədi olan cənnət” olduğu üçün ola bilərmi?

      İnsan genlərinə işlənən bu istəkləri ilə əslində özünü, əslini, varlıq hikmətini axtarır. Heç də əbəs yerə deyil ki, Rəbbimiz də insan oğlunun tarix boyu əldə etmə ümidi ilə iz axtardığı əbədilik (axirət həyatı) və rahatlıq (cənnət yurdu) ilə mükafatlandıracağını vəd edərək müstəqim olmağa, doğru yola yönəlməyə çağırır, həm də “tələsin!” (Ali İmran surəsi, 133) buyuraraq. Rəbbimizin bu dəvətini bizə çatdıran peyğəmbərlərin həyatına baxdığımız zaman bu tələsməyin həyata yansımasını görür, namaza təşnə olmağın, canını ortaya qoyaraq təbliğ etməyin, Rəbbinin əmrinə müti olmağın həyəcanının şahidi oluruq. Əgər peyğəmbərlər olmasaydı, bu dəvətin ciddiyyətini və insan həyatına necə təsir etməli olduğunu da anlaya bilməzdik.

      Hər bir ölkənin, yaxud düşüncə sisteminin “qırmızı xətt” adlandırdığı, pozulmasına əsla təhəmmül göstərə bilməyəcəyi müəyyən hüdudları, yaxud şərtləri olur. Uca Allahın vəd etdiyi əbədilik yurdu olan cənnətə girə bilmək üçün də müəyyən hüdudlar, qırmızı xətlər var. İnsan oğlu yer üzündə axtarıb tapa bilmədiyi, lakin Rəbbinin vəd etdiyi bu mükafatı əldə etmək istəsə də, bunun üçün müəyyən edilən qırmızı xətləri qəbul etmək istəmir, mümkün mərtəbə məhdudiyyət dairəsini daraltmağa can atır. Hətta əlindən gəlsə, bütün məhdudiyyətləri qaldırar, “deizm” səfsətəsində olduğu kimi, sadəcə varlığını qəbul edərək həyatının heç bir mərhələsinə müdaxilə etməməsini arzulayar.

      Bənzər tələblər peyğəmbərlərə qarşı da irəli sürülmüşdür. Məsələn, Taif xalqı İslam dinini yenicə qəbul etmişdi. Amma onlar ad olaraq “müsəlman” olmağı qəbul etsələr də, bəzi məsələlərdə mükəlləfiyyətdən azad olunmalarını istəyirdilər. Təklif etdikləri bu siyahıda: namaz qılmamaq, zəkat verməmək, cihada qatılmamaq, faizin davam etməsi, böyük bütlərin saxlanması kimi müsəlman həyatında əhəmiyyət daşıyan başlıqlar yer alırdı. Həzrət Peyğəmbər (s.ə.s) bəzi müddəaları müvəqqəti olaraq ertələməyi qəbul etsə də, iki xüsusda əsla geri addım atmadı: bütlərin parçalanması və namaz. Elə iki xüsus ki, bunlar İslamın “qırmızı xətt” deyə biləcəyimiz şərtlərinin başında gəlir. Elə iki xüsus ki, bunlar olarsa, digərləri də təsbeh muncuqları kimi mütləq arxasınca gələcəkdir.

      Deməli, İslamda, yəni tövhid əqidəsində Allah ilə şərik qəbul etməyə, Allahdan başqasını ilahlaşdırmağa heç bir şəkildə yer verilmir.

      İkincisi də, ibadətsiz – namazsız bir din əsla qəbul ediləcək bir din sayılmır.

      Taif xalqı namazdan azad edilmələrini istədikləri zaman Rəsulullah (s.ə.s): “Namazsız dində xeyir yoxdur!” – buyurmuşdu. Yəni madam ki Rəbbinizin dəvətini qəbul edirsiniz, əgər bu dəvətin namaz qismini qəbul etməsəniz, geri qalan əməllərinizin heç bir qiyməti qalmaz. Günümüz dili ilə təşbeh etsəm; müalicə üçün aspirin qəbul etməli olan bir xəstəyə eyni formaya salınmış, amma tərkibində undan, meldən başqa bir şey olmayan həb verilsə, o xəstənin sağalma ehtimalı nə qədər olar? Eyni şəkildə, tərkibində namaz olmayan bir din də, içi boşalmış, faydasız bir hala gəlmiş olar.

      Unutmayaq ki, namazsız din insana Allah dərgahında heç bir fayda təmin etməyəcək hala gəlirsə, onu təbliğ edən və şəhadətin iki sütunundan biri olan peyğəmbərsiz din də eyni şəkildə qanadı qoparılmış, mənasız hala gətirilmiş olar. Həzrət Rəsulullah belə buyurur:

      Kim mənə tabe olarsa, o, məndəndir. Kim də sünnəmdən üz çevirərsə, məndən deyil”.

       “Şübhəsiz ki, sözlərin ən gözəli Allahın kitabıdır. Yolların ən xeyirlisi Muhammədin yoludur. Əməllərin ən pisi sonradan uydurulmuş bidətlərdir”.

      Elə isə nə xoşbəxtdir o kəs ki, ömrünü Haqq yoluna həsr etsin; o yolun dirçəlməsi, düzgün anlaşılması və yaşanması üçün səy göstərsin; o yolda arxasınca əbədi səadət və salamatlıq yurduna daha çox insanın addımlaması üçün xeyirli bir cığır açsın!..

       

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info