Nurlan MƏMMƏDZADƏ - ÖMÜR YOLU

      Share

      Bu dünyada hər kəs bir ömür yolu keçir. Yaxşı da, pis də dünyada bir dəfə yaşayır. Dünya evi bir qapısından girdiyimiz, istəsək də, istəməsək də, digərindən çıxdığımız qoca bir karvansaraydır.

       Bu günə qədər bu qoca karvansaraydan kim bilir nə karvanlar gəlib-keçib. Bundan sonra da kimlərin gəlib-keçəcəyini Allahdan başqa bilən yoxdur. Lakin bildiyimiz bir şey var, o da hər birimizin dünyaya gələrkən xüsusi bir missiya ilə gəlməyimizdir.  

      Hər kəs bu dünyaya insan olaraq gəlir və ən böyük missiyamız insanlıq şərəfimizi qoruyub saxlamaqdır. Əsas məsələ bir dəfə yaşadığımız həyatı insanlığa layiqli şəkildə başa vura bilməkdir. Çünki Allahın mizanında zərrə qədər yaxşılıq da, pislik də qarşılığını görəcəkdir. Tarix yaxşıları da, pisləri də unutmur. Yaxşı insan hər şeydən əvvəl özünə, içərisində yaşadığı cəmiyyətə, üzərində gəzdiyi vətən torpağına, mənsubu olduğu millətinə, ölkəsinə və bütün insanlığa faydası toxunan xeyir əməl sahibidir. Dahi şairimiz Nizami Gəncəvi nə gözəl deyib:

      Çalış öz xalqının işinə yara,

      Geysin əməlinlə dünya zərxara.

      Hz. Peyğəmbər (s.ə.s) insanların fani olduğunu bildirərək, hər kəsin əməl dəftərinin bir gün bağlanacağını xatırlatdıqdan sonra yalnız özündən sonra sədəqeyi-cariyə qoyub gedənlərin əməl dəftərinin açıq qalacağını söyləmişdir. Deməli, ölümlü dünyada ölməzlik sirrini yaxalamaq üçün ölməz və xeyirxah əməllərə imza atmaq lazımdır. İnsan fitrətində faniliyə olan üsyanın qələbə çalması da yalnız və yalnız mənəvi əbədilik şüurunda yaşamaqla mümkündür. Başqa bir hədisdə isə “uzun və xeyirli ömür sürənlərin” xeyirli insan olduğu bildirilir. Deməli, sadəcə uzun ömür sürmək kifayət etmir, eyni zamanda bu ömrü xeyirli əməllərlə bəzəmək də lazımdır.

      İnsanlığa faydası toxunan, vətəni və milləti üçün yaxşı əməllərlə daim öndə olan xeyirxah insanlar necə də xoşbəxtdirlər...  

       

       

      • Hits: 2 clicks

      Tecox component by www.teglo.info