155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Əziz SULTANOV – SÜLHƏ XİDMƏT HAQQA XİDMƏTDİR

      Share

      Onu ilk dəfə ağ-qara televizorun ekranında görmüşdüm...

      Tarix: 22 yanvar 1990

      Başındakı ağ əmmaməsi, qara əbası və inamlı, nikbin baxışları ilə 20 Yanvar şəhidlərinin dəfni üçün yığışmış xalqın və gözü yaşlı şəhid yaxınlarının qarşısında çıxış edirdi.

       Şəhidlər Xiyabanının şəhid qanları ilə yenidən şərəfləndiyi o gün “şəhidlərin ürəyimizə saldığı nurun əbədi olaraq sönməyəcəyini”, “bu xalqın azadlıq yolundan əsla dönməyəcəyini” vurğulayırdı. Onun danışdığı sırada başları üzərində dayanmadan dövrə vuran vertolyot Sovet hakimiyyətinin dəmir yumruğunu xatırlatsa da, o, xalqın öz ləyaqətini, şərəfini müdafiə etməyin ən təbii haqqı olduğunu təkrarlayırdı. Eyni zamanda həm özünün, həm də İslam dininin hər daim insanlığı sülhə çağırdığını vurğulayaraq təkcə Azərbaycana və Sovet iqtidarına deyil, bütün dünyaya səslənirdi. Zülmə, ədalətsizliyə və haqsızlığa qarşı xalqın yüksələn səsi olurdu...

      Onun həmin günlərdə Sovet rəhbərliyinə ünvanladığı qınayıcı bəyanatı da eyni hissiyyatın, eyni həyəcanın, eyni ürək döyüntülərinin əks-sədası idi.

      Yaxın illərdə internetdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 1990-cı il 27 yanvar tarixində, yəni Qanlı Yanvar qətliamından bir həftə sonra Təzəpir məscidində rus jurnalistlərə verdiyi müsahibənin videoyazısı yayımlanmışdı. Müsahibədə dəfələrlə eyni ifadələr təkrarlanırdı: “Mənim üçün öz xalqım, öz ölkəm ilk növbədə mühümdür”. Bu kadrlarda xalqın şərəf və ləyaqəti uğrunda hər daim ölümə hazır olduğunu vurğulaması və hər bir azərbaycanlının bu mentalitetə sahib oluğunu cəsur bir şəkildə ifadə edib müdafiə etməsi, xalqın acısını və törədilən vəhşilikləri bir-bir anlatması, Sovet ordusunun şəhərə girişini tənqid etməsi və ordunun dərhal şəhərdən çıxardılmasını tələb etməsi onun hər bir təzyiqi gözə alaraq xalqın dərdi ilə dərdləndiyini, imperiyanın dəmir caynaqlarına baxmayaraq bu zülmü üzlərinə hayqırdığını bir daha təsdiq edirdi.

      Eyni zamanda hakimiyyətlə bağlı olaraq ona edilən təxribatyönümlü təklifləri də uzaqgörənliyi ilə geri çevirərək siyasi bir fiqur olmaqdan uzaq dayanması onu bütün Qafqazda əvəzedilməz dini lider olaraq yüksək mərtəbəyə ucaltmışdı. Artıq o, mənəviyyata susamış xalqın təsəllisi olmuş, ümid yerinə çevrilmişdi.

      Siyasi hakimiyyətin büdrədiyi, müxtəlif mənbələrdən bəhrələnən provokasiya məqsədli soyuq küləklərin əsdiyi çətin dövrlərdə separatizmə qarşı mübarizə sahəsində əsas rollardan birini çiyinlərinə götürdü. Ən birincil hədəf: radikal meyllərin qarşısını almaq idi. Çünki Şeyx Həzrətləri dünyadakı gedişatın olduqca fərqində idi və elə siyasi arenaya daxil edilmək istəndiyi o illərdə (1990) də ölkənin əsla Əfqanıstan kimi siyasi-radikal qüvvələrin mübarizə sahəsinə çevrilməsinə razı olmayacağını ifadə etmişdi.

      Bu məsuliyyətin nəticəsi olaraq 1989-cu ildə Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlayan dini tədris mərkəzi 1991-ci ildə Bakı İslam İnstitutu (1994-cü ildən etibarən Bakı İslam Universiteti) olaraq fəaliyyətini genişləndirdi. Yenicə müstəqilliyinə qovuşmuş, din və vicdan hürriyyətini əldə etmiş xalqın mənəvi ehtiyaclarını qarşılamaq üçün ən yüksək səviyyədə xidmət göstərmək, bu sahədə boşluq və ya zəiflik göstərərək məkrli qüvvələrin təsirlərinə imkan verməmək labüd idi.

      Qısa bir müddət ərzində dini təbliğatla məşğul olan mərkəzlərin sayı çoxaldı. Bunların hər birinə nəzarəti, dövlət nəzarətinin kifayət qədər güclü olmadığı o illərdə, Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə götürdü. Ölkənin, demək olar ki, hər bölgəsində mədrəsələr, məscidlər fəaliyyətə başladı. Bir neçə bölgədə Bakı İslam Universitetinin şöbələri açıldı. Bu mərkəzlərin hər biri, şübhəsiz ki, fundamentalist, radikal, şiddətyönümlü meyillərdən uzaq tutulmalı, ənənəvi meyar olan “sülh dini İslam”ın təbliğ mərkəzi olmalı idi. Bu mənada Şeyx Həzrətlərinin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi kifayət qədər təsirli rola malik oldu və bu keçid dövrünü böyük bir məharətlə idarə edərək günümüzə qədər gətirib çıxartdı. Məsələn, 1998-ci ildən günümüzə qədər fəaliyyət göstərən və 360 məzun verən, Bakı İslam Universitetinin Zaqatala şöbəsi (bölgə ilə yaxından tanış olduğum üçün Zaqatalanı misal çəkirəm) bölgədəki dini təhsil ethtiyacının qarşılanması və dinin məqsədyönlü təhriflərə qarşı müdafiə olunması sahəsində kifayət qədər təsirli rol oynamışdır. Bunun yanısıra kütləvi tələbə axınını qarşılamaq üçün sürətlə çoxalan digər mədrəsələr də zaman keçdikcə nəzarət altına alınmış, tədris proqramları tərtib edilərək müsbət mənada xalqın bu ehtiyacı təmin edilmişdir. Öz fəaliyyətini uğurla başa vuran mərkəzlər isə zamanla fəaliyyətini dayandırdı və yaxud daha müasir və nizamlı tədris proqramına malik müəssisələrlə - dini kolleclərlə əvəz olundu.

      Bu mənada veriləcək başqa bir misal 1993-cü ildən bəri Şəkidə fəaliyyət göstərən və Şeyx Həzrətlərinin bilavasitə dəstəklədiyi, himayə etdiyi, məzuniyyət tədbirlərində də şəxsən iştirak etdiyi “hafizlik” mədrəsəsidir. Hazırda Qafqaz Müsəlmanları İdarəsi nəzdində “hafizlik kolleci” statusunda fəaliyyətinə davam edən bu mərkəz bu günə qədər 245 tələbəsinin Qurani-kərimi bütöv əzbərləyərək “hafiz” olmasına xidmət göstərmişdir. Bir din xadimi olaraq dinin ayaqda qalmasına, xalqın mənəvi ehtiyacına bundan daha böyük xidmət ola bilərmi?!..

      Əlbəttə, Qafqaz Müsəlmanları İdarəsi bu fəaliyyətlərini icra edərkən ona etimad göstərən dövlət dəstəyini, Ümummilli lider Heydər Əliyevin ilkin bünövrəsini qoyduğu tolerant Azərbaycan mühitinin meydana gətirilməsi üçün yaratdığı münbit şəraiti də gözardı etməmək lazımdır. Eyni siyasi kursun uğurlu bir şəkildə davam etdirilməsi də Qafqaz Müsəlmanları İdarəsinin təsir dairəsini genişləndirməsinə və müvəffəqiyyət qazanmasına təkan vermişdir.

      Bir zamanlar təhlükənin adı “Əfqanıstan” idi, bu gün “İraq” oldu, “Suriya” oldu. Nəticə olaraq 90-cı illərdə qoyulan siyasi diaqnoz doğru çıxdı və Azərbaycanı belə bir təhlükəli oyuna alət etməmək üçün göstərilən səylər müvəffəqiyyətlə günümüzə qədər davam etdirildi.

      Bir məsələni də vurğulamaq lazımdır ki, rəsmi status olaraq 1823-cü ildə təsis edilmiş olan şeyxülislamlıq müəssisəsi on ikinci Şeyxülislam olan Allahşükür Paşazadənin fəaliyyəti illərində (1980-ci ildən etibarən) ən təsirli və mötəbər dövrünü yaşamışdır. Elə fəaliyyətə başladığı ilk illərdə (1986) təşəbbüskarı olduğu və Bakıda keçirilməsinə nail olduğu “Müsəlmanlar sülh uğrunda mübarizədə” mövzusunda Beynəlxalq İslam Konfransı onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzlu bir gələcəyə yol açacağından xəbər verirdi. Bu mötəbər tədbirdə 60-dan çox ölkənin nümayəndələri iştirak edirdi. Növbəti il (1987) Moskvada  keçirilən “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” - beynəlxalq forumun təşəbbüs qrupunun başçısı və həmsədri olması da bu ifadənin ayrı bir nümunəsidir.

      Onun ölkə daxilində və ölkə xaricində, xüsusilə də postsovet məkanında nail olduğu bu nüfuz, etibar və hörmətin nəticəsi olaraq 1992-ci ildə Qroznı şəhərində din xadimləri arasında təşkil olunan geniş tərkibli mərasimdə yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçilmişdi. Məzhəblərin və ümumilikdə nifrəti bəsləyən bütün firqə və görüşlərin fövqündə dayanaraq İslamın “sülh” məramını bütün dünyaya elan etmə və yayma səyləri müstəqillik sonrasında da onun həyatının və fəaliyyət prinsiplərinin əsas yönünü təyin etmişdir. Bu məqsədlə həyata keçirdiyi tədbirlər və təltif olunduğu orden və medallar həmin səylərin dünya miqyasında ictimaiyyət və hakimiyyət tərəfindən layiqincə qiymətləndirildiyindən xəbər verir.

      Yaxın günlərdə (iyunun 19-da) Avstriyanın paytaxtı Vyana şəhərində "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda keçirilən beynəlxalq konfrans da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin  Azərbaycanın sülh nümunəsini dünya miqyasında tanıtma missiyasının bir parçası idi. Prezident İlham Əliyevin irəli sürdüyü multikulturalizm modelinin təbliği, ümidvarıq ki, bu gün dünyanın ehtiyac duyduğu sülh qıtlığına öz töhfəsini verəcək, dünya xalqlarının üzünü güldürməkdə rol alacaqdır. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş olan bu müdrik siyasət bu gün kəskin ziddiyyətlər və bitmək-tükənməz çaxnaşmalar içində qıvranan dünyamızın yarasına məlhəm ola biləcək keyfiyyətdədir. Şeyxülislamın vurğuladığı, dünyanın xilası naminə milli-mənəvi və bəşəri dəyərlərə, multikultural ənənələrə hörmətlə yanaşmaq tələbi imzalanan “Vyana Bəyannaməsi”ndə də öz əksini tapmış və bütün dünyanı sülh naminə bir daha nifrətdən, terrordan, rasizm və işğalçılıq siyasətindən uzaqlaşmağa çağırmışdır.

      Onun sülhə həsr olunmuş və siyasət bahadırlarından heç də geri qalmayan 40 illik şeyxülislamlıq fəaliyyətini bütün din xadimlərinə ölçü olacaq bu ifadəsi xülasə edir:

      “Din xadiminin missiyası münaqişəyə deyil, sülh və əmin-amanlığa xidmət olmalıdır”.

       

      • Hits: 24 clicks

      Tecox component by www.teglo.info