Mübariz ƏLİOĞLU – EŞQ GÜLÜSTANININ SOLMAYAN ÇİÇƏYİ

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Agah olun ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməzlər. O kəslər ki, iman gətirmişlər və təqvalıdırlar”.(Yunus, 62-63)

       Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

      Əslində bu məqaləni bir müddət öncə yazmağı düşünsəm də, təqdiri-ilahi, indiyə nəsib oldu. Məqalənin ana mövzusu olan bir könül insanını vəsf etmək, onu haqqı ilə tanımaq və tanıtmaq mənəviyyatsızlıq girdabında can verən bəşəri münasibətlərin haqq və ədalət üzrə yenidən dirilməsinə yardım edən əvəzedilməz bir xidmətdir. Hind fəlsəfəçisi Robindranat Taqorun Hindistanın memarlıq incisi olan Tac Mahal haqda söylədiyi kəlmələrə qulaq versək, heyran olmamaq mümkün deyil. O, daşdan və kərpicdən inşa edilmiş bu abidəni “Əbədiyyətin simasında görülən göz yaşları”na  bənzətmişdi. Əgər fani bir abidə insanlığın yaddaşında bu qədər möhtəşəm görünməkdədirsə, onda əşrəfi-məxluq olan haqq aşiqinin vəsfini hansı sözlər, hansı hikmət axışları ifadə edə bilər? Könül insanını vəsf etmək üçün həyata dirilik rəngi qatan İslam böyüklərinin dirilik kəlamlarına nüfuz etməmiz lazımdır. Mühyiddin Ərəbi həzrətləri belə buyurur: “Bütün zamanlar tək bir anda mövcuddur. Bu mənaları qətiyyən unutma! Əzəl bu andır, Əbəd bu andır, Qidəm də (Qidəm Allah-Təalanın varlığının başlanğıcının olmaması deməkdir) bu andır. Yəni Əzəl, Əbəd, Qidəm bu içində olduğumuz və göz açıb qapayacaq qədər bir zamanda əldən çıxardığımız vaxta sığdırılmışdır. Bu vaxtın içində özünü idrak eylə. Unutma ki, bütün gəlib keçən bu anlarda Haqdan başqası yoxdur”.

      Aman Allahım, Ərəbi həzrətləri insan övladını onda gizli olan həqiqətləri möhtəşəm bir təfəkkür mühitində anlama meydanına dəvət etməkdədir. Bu meydanda sevdiyimiz haqq aşiqinin kimliyini, yalnız onların Haqqa ram olma və Ona böyük bir eşqlə boyun əymələrini bizə incədən-incəyə, hərfdən-hərfə anladacaq könül çırpıntıları ilə duya bilərik: “Bir insanda bir qəlb vardır. Oraya sadəcə Allah-Təalanın sevgisi doldurulmalıdır. İnsan hər nəfəsdə bir xəzinəni itirməkdədir. Ancaq Rəbbini xatırladığı zaman bu xəzinə itirilmiş olmaz. Rəbbi ilə bərabərlik şüuru insanda hakim olunca, Allah-Təaladan utanma duyğusu da bərabərində gələr və o, qəflətdən oyanar. Könül Haqqa yönəldiyi zaman içində bir pəncərə açılar və o pəncərədən İlahi feyz nuru girər. Bu nur şərqdən qərbə qədər hər zərrəyə həyat verər. Yalnız pəncərəsiz evlər bundan nəsibini almaz”.(Bağdadzadə Həsən Çələbi həzrətləri)

      Vəsf etmək istədiyimiz könül insanını hər nəfəsdə qəlbləri Rəbbani mərifətə dəvət edən, solmayan və durmadan nurlu bir ətir yayan çiçəyə bənzətmək olar. Yəni onlara “Daima bərəkət saçan ilahi eşq gülüstanının solmayan çiçəkləri” desək, fikrimcə, daha gözəl olar. Məhz bu, bəlkə də, bundan daha uca nurani vəsflərlə hüsn-rəğbətimizə sahib könül insanı Səməd Baba Rəhmanın rəhmətinə qovuşaraq zəmanənin Ağşəmsəddininin arifanə bir tərbiyəsi ilə Əbədi Eşq gülüstanının solmayan çiçəyi olma şərəfinə qovuşdu. Eşq gülüstanının solmayan çicəyi nə mənaya gəlir deyə soruşsaq, cavabını Ağşəmsəddin həzrətlərinin bu ifadələrindən anlamış olarıq: “Haqq aşiqləri hər iki aləmdə qulluq əhlidirlər. Bu kəs dünyasını dəyişmişdir, bundan dərdimizə dərman olmaz, demə. Bunlar Haqqın qılıncıdırlar, vücudları onlara pərdə olmuşdur. Unutma, bir qılınc çılpaq olduğu zaman daha qüvvətli təsir edər”.

      Haqqa dəvət müəssisəsi Səməd baba vəsfli mübarək insanların qulluq eşqi ilə çırpınan əməli və qəlbi fəaliyyətləri ilə yer üzünü mərhəmət günəşi tək qızdırmaqdadır. Əslində hər bir insanın aləmlərə nur saçan hidayət və mərhəmət günəşi olmasını can-dildən arzulayan bu böyüklərin izində gedərək onlar kimi olmaq nə böyük bəxtəvərlikdir:

      “Ey övladım! Haqq yolu, təriqət, təsəvvüf, vəli, bunların hamısı ədəbdən ibarət mürəkkəb kəlmələrdir. Ədəb bu yolun ilk şərtidir. Haqq yol ədəb, doğruluq, halal loğma üzərinə bina edilmişdir. Hər kim bu xüsusiyyətlərə möhkəm sarılarsa, yaxınlıq nuru ilə şərəflənər. Tələbə olmaq, haqq üzrə olmaq, təsəvvüfü yaşamaq hər igidə müyəssər olmaz. Çünki bu mübarək bir nəsibdir və ancaq əzəldən yazılanlara bu ülvi məhəbbət günəşi doğar. Yəni bir kimsə əzəldən Allahın (c.c) yazdığı üçün özünü haqq yolun tələbəsi olaraq görər. Söylədiklərimi bu mübarək yolun sonunda anlayarsan”.(Abdulqadir Gilani həzrətlərindən)

      Səməd baba timsallı eşq əhli irfan sahiblərini tanıdan göz yaşıdır. Onlar hallarını düşündükcə gözlərindən sellər kimi yaş axıdarlar. Allah-Təala onların vəsfini belə anladır: “Onlar üzüstə səcdəyə qapanıb ağlayarlar”.(əl-İsra, 109) Odur ki, əbədiyyət gülüstanından onların bizlərə  ünvanladığı qurtuluş əsintilərinə gəlin biganə qalmayaq:

      Ruh aləminin nur saçan üfqündə mələklər,

      Allaha gedən yollara düşmüş səni gözlər.

      Hər özlədiyin yollara güllər sərəcəklər,

      Yüz illəri Quranla bərabər aşalım gəl,

      Allaha gedən yolda bərabər gedəlim gəl.

       

      • Hits: 2 clicks

      Tecox component by www.teglo.info