Səfa MURADOV – BİR HƏDİS

      Share

      عَنْ جَرِيرٍ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَا مِنْ رَجُلٍ يَكُونُ فِي قَوْمٍ يُعْمَلُ فِيهِمْ بِالْمَعَاصِي، يَقْدِرُونَ عَلَى أَنْ يُغَيِّرُوا عَلَيْهِ، فَلَا يُغَيِّرُوا، إِلَّا أَصَابَهُمُ اللَّهُ بِعَذَابٍ مِنْ قَبْلِ أَنْ يَمُوتُوا

                  Cərirdən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir cəmiyyətdə günah işlər görülər və buna mane olmağa gücləri çatdığı halda mane olmazlarsa, onlar ölmədən Allahın əzabı mütləq başlarının üstünü alar”. (Əbu Davud, Məlahim, 17; İbn Macə, Fitən, 20).

                  Uca Allah müsəlman ümmətinin arasında yaxşılıqları əmr edib, pislikləri qadağan edən bir zümrənin olmasının zəruriliyini bir ayədə belə bəyan etmişdir: “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”. (Ali-İmran, 3/104). Yuxarıda qeyd olunan hədisdə də Həzrət Peyğəmbər bu ayədə ifadə olunan mənanı dəstəkləyəcək mahiyyətdə bir cəmiyyətdə rastlanan pis əməllərin insanlar tərəfindən qadağan olunmasının önəmli bir vəzifə olduğunu buyurmuş, əks təqdirdə isə oradakı insanların aqibətinin Allahın əzabına düçar olmaq olduğunu açıqlamışdır. Çünki gücləri çatdığı halda cəmiyyətdəki pisliklərin önünü kəsməmək, o pisliyin cəmiyyətdə özünə yer tapmasına göz yummaq edilən günaha şərik olmaq mənasına gəlir ki, İslam dini bunu qəbul etməməkdədir.

                  Əbu Davudun əsərində keçən başqa bir hədisdə buna bənzər bir davranışın İsrail oğulları tərəfindən edildiyi və bu səbəblə də Allah tərəfindən cəzalandırıldıqları ifadə edilmişdir. Bəhs olunan hədisdə İsrail oğullarından bəzilərinin pislik edən, günah işləyən dostlarını gördükləri zaman öncə dostlarına bunu etməmələrini söylədikləri, sonra isə sanki heç bir şey olmamış kimi onlarla bərabər oturub yeyib-içdikləri və o əməl sahiblərinə qarşı ürəklərində heç bir inciklik olmadığı qeyd olunur. Bunun nəticəsində də Allahın onların qəlblərini qaraltdığı, haqdan uzaqlaşdırdığı və günah edənlərlə onlar arasında heç bir fərqin qalmadığı bildirilmişdir. Bu səbəblə də bəzi ayə və hədislərdə bir cəmiyyətdə işlənən günahlara qarşı veriləcək olan cəzanın sadəcə günah işlər görənlərə deyil, cəmiyyətdəki hər kəsə şamil olacağı qeyd olunmuşdur. Buna əsas səbəb olaraq da yaxşı əməl sahiblərinin günahkarlara mane olmamaları göstərilmişdir. “Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir”, (əl-Ənfal, 8/25) ayəsi buna misal olaraq verilə bilər.

                  Nəticə olaraq, bir cəmiyyətdə ortaya çıxan günah və pisliklərin qarşısının alınması orada yaşayan hər bir fərdin borcudur. Çünki günah və pisliklərin önü kəsilməzsə, insanlar ona meyl edər və beləliklə, o günaha baxış adiləşər. Bu səbəblə də bir pisliyi gördüyü halda ona göz yuman hər bir fərd Allah qarşısında məsul olar.

       

      • Hits: 1 clicks

      Tecox component by www.teglo.info