Təqva – Allahin Sərhədlərini Keçməmək / Mehman İsmayılov

      Share

      Təqva sözü “bir şeyi zərər verən ünsürlərdən qorumaq” mənasına gələn “viqayə” köküdən törəmişdir.  Termin olaraq isə təqva “nəfsi günah işləməyə sövq edən  şeylərdən qorumaq” deməkdir.

       Bəşəriyyətin birlik və bərabərliyinin təmin edilməsi, bu birlik və bərabərliyin davam etdirilməsi üçün hər şeydən əvvəl insan şəxsiyyətinə hörmət etmək lazımdır. İslam düşüncəsinin insana dəyər verməkdə meyar saydığı təqvanın  mənası da elə budur.

      Müfəssir Razi təqvanı bu şəkildə izah edir: “Təqva bütün dini və əxlaqi vəzifələri yerinə yetirmək, din və əxlaqın təhlükəli gördüyü hərəkət və davranışlardan uzaq durmaqdır.” Seyyid Qütb də təqvanı aşağıdakı hədisi nəql edərək belə tərif edir:

      “Ömər b. Xəttab (r.a) Übey b. Kəbdən “təqva nədir?” deyə soruşduqda, Übey:

      -         Heç tikanlı yolla getdinmi?-dedi.

      Hz. Ömər:

      -         Getdim.

      -         O zaman nə etdin? -deyə Übey təkrar soruşdu.

       Hz. Ömər (r.a):

      -         Şalvarımın balaqlarını qatladım, güc sərf etdim. -deyə cavab verdi.

      Bu cavabı eşidən Übey:

      -         Bax təqva elə budur. -dedi.

      Daha sonra o, təqvanı belə izah edir: “Bu hədisi-şərifdən anladığımıza görə təqva, duyğulu vicdan, şüurda açıqlıq, daimi qorxu, yoldakı tikanlardan qorunmaq, şəhvətlərin və müxtəlif arzuların tikanlarının tutduğu yol, qorxu tikanlarının olduğu yol, boş ümidlərin bağlandığı tikanlı yoldur.”

      Əsədə görə təqva psixoloji bir qorxu olmayıb, Allaha ehtiram duymaq, bütün hərəkət və davranışlarında Allahın rizasını əsas almaq, qısaca daşıdığımız məsuliyyətin şüurunda olmaqdır.

      Quran: “Allah qatında sizin ən şərəfliniz, təqvası ən çox olandır”(Hucurat, 49/13) buyurur. Ayədəki “ətqa” kəlməsi beynəlmiləl dəyərləri, fəzilətləri əldə etməyi, bu dəyər və fəzilətlərin ziddi olan şeylərdən uzaq durmağı ifadə edir.

      Allah təala bizim ondan layiqincə qorxmamızı əmr edir:

      Ey inanlar! Allahdan Ona yaraşan şəkildə qorxun və müsəlmanlar olaraq ölün

       (Ali-İmran, 3/102)

       İbn Abbas bu ayəni belə izah edir: “Allah yolunda lazımınca cihad edən, heç kimin qınamasına fikir vermədən yoluna davam edən, özü, atası və ya oğlnun əleyhinə də olsa haqdan və ədalətdən ayrılmayan kəslər Allahdan layiqincə qorxmuş olar.”

      Seyyid Qütb də bu ayəni aşağıdakı kimi şərh etmişdir: “İslam cəmiyyətinin üzərində qurulduğu  iki mühüm əsas vardır. Bu əsaslardan biri yıxılarsa, nə İslam cəmiyyəti qalar, nə də onun icra etdiyi vəzifələr. Bunlar iman və təqvadır. Allahın haqqı yalnız təqva ilə ödənər. Möminin ömrünün heç bir saniyəsi təqvadan uzaq olmamalıdır.”

      Quran, təqvalı möminlərdən bəhs edərkən onların bolluq zamanında da, qıtlıq zamanında da Allah rizası üçün xərclədiklərini, qəzəblərinə hakim olduqlarını, insanları bağışladıqlarını, yaxşılıq etdikləri üçün Allahın sevgisini qazandıqlarını, çirkin bir iş etdikdə Allahı xatırlayıb elə o anda tövbə etdiklərini bildirərək (Ali-İmran, 3/133-135) bizdən bu xüsusiyyətlərə sahib olan fərdlərin meydana gətirəcəyi cəmiyyət qurmağımızı istəyir.  

      • Hits: 953 clicks

      Tecox component by www.teglo.info