Aqil ƏLİYEV – ŞÜKÜR VƏ QƏNAƏT

      Share

      Şükür etmək  - qiymət bilmək, insanın öz həyatından razı və məmnun olması deməkdir. Uca Allahın bizə lütf etmiş olduğu saysız-hesabsız nemət üçün Ona minnətdar olmaq və təşəkkür etməkdir. 

      Şükür edən insan ən çətin vəziyyətlərdə belə səbirli və mətanətli olar, öz qismətindən razı qalar və əlində olanları özündən daha çətin vəziyyətdə olanlarla paylaşmağı bacarar.

       Şükür bərəkətdir. Uca Allah, şükür edənlər üçün nemətlərini artıracağına söz verir: “Əgər şükür etsəniz, mən də sizin üçün (nemətlərimi) mütləq  artıracağam”. (İbrahim, 7)

      Şükür etməmək isə nankorluqdur. Şeytan  Uca Allaha Onun qullarını yoldan azdıracağına söz verərkən məhz onları şükürdən uzaqlaşdıracağını bildirərək belə demişdi: “Sonra (insanların) qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcəyəm (onlara vəsvəsə edəcəyəm) və onların çoxunu şükür edən görməyəcəksən”. (əl-Əraf, 16-17)

      Deməli, əlimizdə olan nemətlərə, mövcud vəziyyətimizə şükür etməsək, Allah qorusun, şeytanın  vəsvəsəsinə məruz qalmış və Uca Yaradana nankorluq etmiş olarıq.

      İnsan heç bir zaman unutmamalıdır ki, hər bir çətin vəziyyətdən daha da çətini vardır. Bizim həyatımız bir başqasının xəyalı ola bilər. Canımız sağlamdırsa xəstələri düşünək, əzalarımız yerindədirsə şikəstləri düşünək, evimiz varsa evi olmayanları düşünək, evliyiksə, övladlarımız varsa bu nemətdən məhrum qalanları düşünək, miniyimiz varsa hər gün bir neçə vasitə dəyişərək işə gedənləri düşünək... Bu zaman görəcəyik ki, Uca Allah bizə çox nemət bəxş edib. Bir sözlə, Allah Rəsulunun (s.ə.s) buyurduğu kimi: “Özümüzdən daha yaxşı yaşayanlara deyil, bizdən aşağı səviyyədə olanlara baxıb şükür etməyi bacarmalıyıq. Çünki belə etmək Uca Allahın bizə bəxş etdiyi nemətləri az görməmək üçün daha münasibdir”. (İbn Macə, Zöhd, 9)

      Əlimizdə olan imkanlarla kifayətlənmək, öz qədərinə və qismətinə riza göstərmək möminə xas xüsusiyyətlərdəndir. Çünki bizim üçün nəyin xeyirli və nəyin zərərli olacağını Uca Rəbbimiz daha yaxşı bilməkdədir. Bunun üçün də Rəbbimizdən daim bizim üçün hansı xeyirlidirsə, onu istəməyimiz və onunla razılaşmağımız daha məqsədəuyğundur. Təbii ki, insan daha irəliyə getməyi, işini, təhsilini, imkanlarını artırmağı planlayar və bunun üçün çalışar. Amma bu zaman xeyir yollarını da unutmamalıdır. Əgər bütün yollara baş vurmuş, yenə də hədəflədiyi məqsədinə çatmamışdırsa, bundan sonra: “demək ki, xeyirlisi budur” deməyi bilməlidir.

      Nemətlərin əlimizdən getməməsinin və başqalarına möhtac olmamağımızın bir yolu da qənaətkar olmaqdır. Qənaət - qismətə razı olmaq, qədərə təslim olmaq, tamahkarlıq və hərislik etməmək, başqasının var-dövlətinə göz dikməmək, israfdan çəkinərək sadə bir ömür sürməkdir. Qənaət var-dövlətin, əlimizdəki imkanların bitməməsinə də səbəb olmaqdadır. Atalarımız əbəs yerə deməmişdir: “Qənaət bitməz-tükənməz bir xəzinədir”.

      Qənaətkarlıq haqqında bir çox hədisi-şəriflər və hikmət əhlindən öyüdlər vardır. Bir nəsihətdə belə deyilir: “Qənaətkar ol ki, nemətin qədrini ən çox bilən və şükür edən bir qul olasan. Özün üçün istədiyini başqaları üçün də istə ki, həqiqi mömin olasan. Ətrafındakılarla yaxşı rəftar et ki, yaxşı müsəlman olasan. Az gül, çox gülmək qəlbi öldürər”.

      Allah dostlarından Bişri Xəfi (r.əleyh)  belə buyurur: “Qənaət bir mələkdir. O ancaq möminin qəlbində məskən tutar”. Ağıllı insan dünya işini qənaət ilə, axirət işini tez və şövq ilə, din işini isə elmlə idarə edər.

      Buyurulmuşdur ki, Uca Allah beş şeyi beş yerə qoymuşdur:

      1. İzzəti itaətə,
      2. Zilləti günaha,
      3. Heybəti gecə namazına,
      4. Hikməti boş mədəyə,
      5. Zənginliyi də qənaətə yerləşdirmişdir.

      Zəngin olmaq, kimsəyə möhtac olmamaq istəyiriksə, bunu qənaətdə axtarmalıyıq. Bəyazid Bistamiyə (r.əleyh) sual vermişlər, elm və irfan mərtəbələrini nə ilə aşdınız? Belə buyurmuşdur: “Bütün  dünyəvi mal və sərvət arzusunu topladım, bunları qənaət ipi ilə bağladım, sidq mancanağına qoydum, ümidsizlik dənizinə atdım və istirahət etdim”.

                  Az bir dünyalıqla kifayətlənmək  möminin gözəl əxlaqındandır. Hz. Əli (r.a):“Qənaət, ağzı heç bir zaman kütləşməyən qılınc kimidir”,- buyurmuşdur. Qənaət edən fəqir qənaət etməyən zəngindən daha yaxşıdır və qəlbi daha rahatdır. Bunun üçün də sanki bir xəzinə içindədir.

                  Qənaəti sadəcə zənginlik kimi deyil, eyni zamanda nemətləri israf etməmək kimi də görməliyik. Gündəlik məişətimizdə qazın, suyun, işığın və ən əhəmiyyətlisi olan ömrün və vaxtın israfının qarşısının da qənaətlə alınacağını yaddan çıxarmamalıyıq.

      Son olaraq Allah Rəsulunun (s.ə.s) bir hədisini də diqqətə çatdırmaq istərdim. Sevimli Peyğəmbərimiz (s.ə.s) qənaətkar olmağın və halallarla kifayətlənməyin fəzilətini bildirərək belə buyurmuşdur: “Müsəlman olub Rəbbinə itaət edən, ehtiyacları qədər halal ruzi verilən və Allahın lütf etdiyi nemətə qənaət edən insan nicat tapmışdır”.(Müslim, Zəkat, 125)

       

       

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info