155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran MƏMMƏDOV – XEYİR VƏ ŞƏR

      Share

      İslam düşüncəsində üzərində mübahisə edilən mövzulardan biri də xeyir və şər məsələsidir. Bütün İslam üsul məktəbləri Allah-Təalanın xeyri iradə edib yaratdığını, xeyrin Allahdan olduğunu qəbul edirlər. 

      Allahın şəri iradə edib-etmədiyi, şəri Allaha nisbət etməyin uyğun olub-olmayacağı mövzusunda isə müxtəlif fikirlər meydana çıxmışdır.

      Şər sözü pislik, fəsad, pozğunluq, zülm, günah, qısacası dini baxımdan cəza verilməsini labüd edən hər cür işi ifadə edir. Dində və fəlsəfədə başa düşülməsi çətin olan problemlərdən biri də şər məsələsidir. İstər pislik mənasında olsun, istər müsibət, bəla, fəlakət və çətinlik mənalarında, şəri də yaradan Allahdır. Necə ki, xeyri yaradan da Odur. Çünki hər mümkünü və hər işi yaradan Allahdır. Ondan başqa yaradan yoxdur. Zatı mükəmməl olub, mütləq kamal sifətlərindən ibarət olduğuna görə,  Allahın zat, əsma (adlar), sifət və hərəkətlərində heç bir şər yoxdur. Şər insanlarda, insanların işlərindədir. Allah şəri də hikmət və ilahi ədalətin bir gərəyi olaraq yaratmışdır.

      Uca Allah insanı bu dünyaya ağıl və iradə verərək sınamaq üçün gətirmişdir. Bu imtahan aləmində şərin olmaması dünyanın və içindəki insanın yaradılış hikmətinə zidd düşərdi. Allah bu aləmdə insanlara peyğəmbərlər göndərərək doğru yolu göstərmişdir: “Biz ona (insana) iki yol göstərdik”. (əl-Bələd, 10), “Və sizləri şər və xeyir (yolları) ilə sınamaq üçün yoxlayırıq; sonunda bizə qaytarılacaqsınız”. (əl-Ənbiya, 35).

      Üstəlik insanın ruhuna (fitrətinə) şərdən çəkinmənin və şəri tanımağın bilgilərini yerləşdirmiş və ona ilham etmişdir: “Hər bir nəfsə (insan ruhuna) və ona biçim verənə, sonra da ona pisliyin (nə olduğunu) və bundan çəkinməyi ilham edənə and olsun ki, onu (nəfsini - ruhunu günah və şərdən) təmizləyən fəlaha çatmışdır”. (əş-Şəms, 7-9)

      Allah-Təala insana ağıl, şüur, bilgi əldə etmə və iradə xüsusiyyətləri olan bir ruh (nəfsi-natiqə) verərək onu heyvanlardan üstün və yer üzündə xəlifə etmişdir. Yaxşılığın və xeyirxahlığın həqiqi qiyməti məcbur edərək yox, şüur və sərbəst bir iradə ilə yerinə yetirilməsindədir. Şüursuz və sərbəst bir iradə ilə edilməyən yaxşılığın qiyməti yoxdur. “Əgər Rəbbim diləsəydi, yer üzündə olan bütün insanların hamısı iman edərdilər”.(Yunus, 99)

      İnsanlar ağıllarından istifadə edərək, vicdanlarına tabe olaraq sərbəst iradələri ilə azad şəkildə iman və xeyri seçməsəydilər, imanın küfrə qarşı nə dəyəri olardı? Küfr və şər olmasaydı, iradə və istəklə iman və xeyir uğrunda çəkilən məşəqqətin nə qiyməti qalardı? Küfrün felən varlığı olmasaydı, iman və kəlimətullah necə bu qədər uca və qiymətli olardı? Hər şeyin qiyməti ziddi ilə bilinər.

      Əgər Nuh qövmünün küfrü olmasaydı, tufan möcüzəsi meydana gəlməzdi və digər peyğəmbərlərə iman etməyən qövmlərdə də eynilə üsyan olmasaydı, həlak ayələri özünü göstərməzdi. Həlak möcüzələri ilə həlak olan millətlər açıq-aşkar dəlilləri gördükdən sonra həlak olmuşdur. Həyatda qalan da açıq-aşkar dəlilləri gördükdən sonra iman etdiyi üçün həyat və nicat tapmışdır. “O vaxta qədər ki, həlak olan açıq-aşkar bir dəlili gördükdən sonra həlak olsun. Həyatda qalan da açıq-aşkar bir dəlili görüb anladıqdan sonra həyatda qalsın”.(əl-Ənfal, 42) “De ki, haqq Rəbbindəndir. İstəyən inansın, istəyən küfr etsin”.(əl-Kəhf, 29)

      Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “İman: Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə inanmaqdır. Bir də Qədərə, yəni xeyir və şərin Allahdan olduğuna da inanmaqdır”. (Müslim, İman, 1, 5; Tirmizi, İman, 4; Əbu Davud, Sünnə, 16)

      Uca Allahın “edin!” - deyə əmr etdikləri ya sırf xeyir olan və yaxud da xeyir tərəfi çox olan işlərdir. Allahın nəhy etdikləri (qadağan etdiyi şeylər) sırf şər və yaxud da şər tərəfi çox olan şeylərdir. İman sırf xeyir, küfr isə sırf şərdir. Deməli, şərin yaradılması şər deyil, onu insanın öz iradəsi ilə seçməsi şərdir və insanın dini və əxlaqi baxımdan məsul ola bilməsi üçün əsasən şərin yaradılması da zəruridir.

      Məxluqatda mövcud olan xeyir və şər beş cürdür:

      1- Sırf xeyir olan,

      2- Xeyir tərəfi daha çox olan,

      3- Xeyir və şər tərəfləri bərabər olan,

      4- Sırf şər olan,

       5- Şəri xeyrindən artıq olan.

      Mömin bunların bir imtahan vəsiləsi olduğunu bilərək daim həyatında xeyrin daha üstün olmasına səy göstərməlidir. Xeyir və ya şər olduğuna qərar verə bilmədiyi şübhəli işlərdən isə, Həzrət Peyğəmbərin (s.ə.s) buyurduğu kimi, uzaq durması daha doğrudur.

       

       

       

      • Hits: 43 clicks

      Tecox component by www.teglo.info