Bir Osmanlı çinarı idi KADİR MISIROĞLU

      Share

      Ramazani-Şərifin ilk günündə əbədiyyətə uğurladığımız, 63 illik dostum Kadir Mısıroğlu əsrimizdə yaşayan bir Osmanlı çinarı idi. O, əcdadımızın inşa etdiyi mədəniyyətin bugünkü daşıyıcısı və qoruyucusu ola bilməyi ülvi dava olaraq mənimsəmiş böyük bir insan idi.

       

      -Osman Nuri Topbaş-

       

      Hər bir mədəniyyət öz insan tipini inşa edər. O insan tipi mənsub olduğu mədəniyyətin vəsfləri və xarakteri ilə ahəng içində olar.

      İslam mədəniyyəti insanlıq tarixi boyunca əldə edilmiş olan ən yüksək zirvədir. Bunun səbəbi – fitri istedadların İslam sayəsində ilahi elm, irfan və hikmətlə birləşərək vüsət tapmasıdır.  Millətimizin fitri qabiliyyəti ilə mənəvi feyz və ruhaniyyətin qucaqlaşıb iç-içə keçməsi mükəmməl bir mədəniyyət xariqəsini meydana gətirmişdir. Bu xariqənin tarixi adı, heç şübhəsiz ki, 620 il kəsintisiz ömür sürmüş olan “Osmanlı”dır.

      Ramazani-Şərifin ilk günündə əbədiyyətə uğurladığımız, 63 illik dostum Kadir Mısıroğlu əsrimizdə yaşayan bir Osmanlı çinarı idi. O, əcdadımızın inşa etdiyi mədəniyyətin bugünkü daşıyıcısı və qoruyucusu ola bilməyi ülvi dava olaraq mənimsəmiş böyük bir insan idi. Necə ki, “Osmanlılar vəqfi” və “Səbil nəşriyyatı”nı da elə bu qayə və davanın xadimi olması niyyəti ilə qurmuşdu.

      Kadir bəy ömrü boyunca İslamın dərdi ilə dərdləndi. Ümmətin dərdini öz dərdi bildi. Ürəyi İslam aləminin pərişan əhvalı ilə məhzun idi. Bununla birlikdə, ümidsizliyin deyil, daim ümidvar olmağın islami prinsip olaraq daha doğru olduğunu söylədi. Özü Allahın dinini ucaltmaq adına əlindən gələni etdiyi kimi, digər müsəlmanları da ümidlə bu uğurda çalışmağa dəvət etdi. İstiqbalın İslamın olacağını müjdələdi. Rəbbimiz, inşallah, müjdəsini verdiyi o nurlu səhərlərə göz açmağı hər birimizə nəsib eyləsin.

      Haqq və həqiqət adına bir yarpağı tərpətməyin belə ağır cinayət sayıldığı çətin günlərdə Kadir Mısıroğlu həqiqəti cəsur bir şəkildə dilə gətirmiş, ümmətin oyanışı üçün bədəl ödəmişdi. Davası uğrunda necə çilələrə sinə gərmiş, müsəlmanlara həqiqət üfüqləri aça bilmək üçün saysız məşəqqətlərə tab gətirmişdi. Fədakar, igid və vüqarlı bir şəxsiyyət idi. Allah yolunda “zəhərlə qovrulmuş aşı” yeməyə könüllü talib olan həqiqi “dava adamı” idi.

      Necip Fazılın: “Divanəsi ikimiz qaldıq Allah yolunun!” dediyi kimi, həyatı boyu din-iman və müqəddəs dəyərlər yolunda dəli-divanə ola bilməyi ən şərəfli məziyyət olaraq qəbul edən könül qəhrəmanı idi.

      Vəfatından bir neçə ay əvvəl, şəxsimin adı da yer aldığı üçün, mənə iki köhnə məktub gətirmişdilər. Bunlar 1972-73-cü illərdə Necip Fazılın Kadir Mısıroğluna yazdığı məktublar idi. Necip Fazıl o dövrdə Mədrəseyi-Yusifiyyədə çilə çəkməkdə olan Kadir Mısıroğluna öz yığcam üslubu ilə bu şəkildə təsəlli verirdi:

      “10.10.1972

      Sevgili Kadir;

      Bu axşam bir səbəb məni Osmanla qarşılaşdırdı. Sənin haqqında danışdıq. Bu məşəqqətli dava yolunda hər şeydən əvvəl məlum olan bir şey var ki, o da ilahi əcrlərin ən böyüklərindən birinə nail olduğundur. Haqqın lütfü ilə, inşallah, ən yaxın zamanda qurtular və qarşıma keçərək əsl hesabı mənə verərsən! Dişini sıx! Tez-tez İnşirah surəsini oxu və qəlbini yüngülləşdir!..

      “O ki Allaha malikdir, nədən məhrumdur;

      Və o ki Allahdan məhrumdur, nəyə malikdir?..”

      Bu güvənc sənə səadətlərin ən böyüyünü bəxş etsin!..

      Biz sənin üçün dua edərkən sən də bizi yaddan çıxartma; Haqqa əmanət ol!..

      Necip Fazıl”.

      Digər məktub belə idi:

      “25.07.1973

      Sevgili Kadir;

      Sənə bu məktubu Ərənköy stansiyasının çay bağçasında, Osman ilə baş-başa, alaqaranlıqda yazıram. Ümid edirəm ki, oxunaqlı olar.

      Mən bir gün (qırx il əvvəl bir gün) ölüm və ağlını itirməkdən daha dərin acılar içində qıvranmaqda ikən birdən-birə ruhuma şimşək kimi çaxan bir ayənin mənası ilə qurtuldum:

      “Allah heç kəsə təhəmmül göstərə biləcəyi yükdən artığını yükləməz!”

      Və təhəmmül etdim, qurtuldum.

      Bildiyin bu həqiqəti bir daha xatırla ki, bu aləmdə heç kimin heç kimə pislik, yaxud yaxşılıq etməyə qüdrəti yoxdur və hər şey Ondandır.

      “Sevgilidən sevgiliyə gələn sevgilidir”.

      Sənə başqa bir şey deməyə ehtiyac yoxdur. Böyük bir əcr yolundasan. Könlün zövq və səfa ilə dolsun, Haqq dualarımızı qəbul etsin və səni qurtarsın...

      Necip Fazıl”.

      Kadir bəy təqdirə riza həqiqətində dərinləşmiş təvəkkül əhli bir möminin vüqarlı şəxsiyyətini və əsil ruhunu əks etdirərdi. Allah yolunda başına gələn müsibətlərin daim bir iman imtahanı olduğunun idrakı içində:

      Nə qəhri dəsti-adadan, nə lütfü aşinadan bil,

      Umurun Haqqa tövfiz et, Cənabı-Kibriyadan bil...

      - beytini tez-tez dilə gətirərdi.

      Hər ibadətin ölçüsü müəyyəndir, amma “Allah yolunda mal və canla cihad” (ət-Tövbə, 20) əmrinin miqdarı təyin olunmayıb. Buna görə də, Allah yolunda nə etsək azdır. Tək ölçü: “Allah heç kimə gücünün yetməyəcəyi yükü yükləməz” (əl-Bəqərə, 286) ayəsidir. Amma bu ayənin bir mənasının da: “Allah yolunda gücümüzün yetdiyi qədər səy göstərməkdən məsuluq” şəklində olduğunu deyərdi. Şübhəsiz ki, həyatı boyu çəkdiyi çilə və məşəqqətlər də bu şüur və idrakın nəticəsi idi.

      Ölkə daxilində saysız çətinliklərə, hətta həbsxana həyatına məruz qaldı. Xaricdə isə illərlə qürbətdə bir qərib kimi yaşadı. Bəzən maddi imkansızlıqlar içində qaldı. Amma daim müstəğni (könlü tox) bir həyat yaşadı; heç bir zaman dünyəvi mənfəətlərin arxasınca düşərək istiqamətindən ayrılmadı.

      Dinin ən mühüm və bəlkə də ən çətin tərəfi əqidədir. Əqidə əsla zəiflik qəbul etməz. Hər kəsin əməl tərəfi Allaha məlumdur, bunu biz bilə bilmərik. Amma bildiyimiz qədəri ilə Kadir bəyin öz əqidəsindən heç zaman qopmadığına şahid olduq.

      Özü hüquq fakültəsindən məzun olmuşdu. Xitabəti, fəsahəti, bəlağəti və nitqi olduqca təsirli idi. Amma o, bu sənəti vətən naminə, millətin və ülvi davanın vəkili olaraq həyata keçirmək yolunu seçdi.

      Gənc nəsillərə həqiqi tarix şüuru qazandırmağa səy göstərdi. Çünki tarix bir millətin yaddaşıdır. Keçmişi dəyişdirmək əlimizdə deyil, lakin bu gündən gələcəyə yön vermək mümkündür. Bunun üçün də tarixdəki hadisələrin səbəb və nəticələrini düzgün təhlil etmək son dərəcə mühümdür.

      Kadir bəy imkansız tələbələrə verdiyi təqaüdlərlə, kasıblara və kimsəsizlərə qarşı təvazö və comərdliyi ilə, iş otağında belə sərbəstcə gəzişən pişiklərə, qapısındakı köpəyə göstərdiyi mərhəmətlə Xaliqin şəfqət nəzəri ilə məxluqata baxış tərzinin feli bir nümunəsi olan “vəqf könüllü” bir insan idi.

      Müəzzəm bir elm, irfan və mədəni səviyyəyə sahib olan İstanbul bəyəfəndisi idi. Düha miqyasında hafizəsi, müdhiş mühakiməsi, əngin bədahət və yaradıcılıq qabiliyyəti, təsirli xitabət və kitabəti Allah vergisi olan müstəsna xüsusiyyətləri idi.

      Müsəlmanın fərasət, bəsirət və məharət sahibi olmasını istəyər, bunun əksini möminə yaraşdırmaz və xüsusilə şəxsiyyət zəifliyini qəbul etməzdi. Zülm və haqsızlıq qarşısında fırtınalı bir dəniz kimi coşardı. Allah üçün sevmək qədər, Allah üçün qəzəb etməyin də bir müsəlmanın təbii xarakterində yer almasının labüd olduğunu deyərdi. Çünki iman layiq olana məhəbbət, nalayiq olana da nifrəti ortaya çıxardır.

      “Haqqı söyləmək məqamında olduğu halda susan, dilsiz şeytandır!” sözünü özünə düstur etmişdi. Haqsızlıq qarşısında bir müsəlmanın səssiz-səmirsiz dayanmasına hiddətlənər, “zülmə riza göstərmək də zülmdür!” deyərdi.

      Peyğəmbərimiz (s.ə.s) Vida xütbəsində:

      “Ey möminlər! Sizə iki əmanət buraxıram ki, onlara möhkəm sarıldıqca yolunuzu azmazsınız. O iki əmanət: Allahın kitabı Qurani-Kərim və sünnəmdir...” buyurmuşdur.

      Kadir bəy bu iki əmanətə vəfa göstərdi. Onun Quran və Sünnəyə göstərdiyi vəfanın dünyadakı mükafatı cənazə namazındakı məhşəri qələbəliyin hüsn-şəhadəti idi. Müxtəlif camaatlardan minlərlə möminin müstəsna təvəccöhünə məzhər oldu. Neçə-neçə mömin tərəfindən xeyirlə yad edilərək əbədiyyətə uğurlandı.

      Əshabi-kiramdan Ənəs (r.a) belə nəql edir:

      “Peyğəmbərimiz (s.ə.s) bəzi səhabələrlə birlikdə ikən yanlarından bir cənazə keçdi. Səhabələrdən bəziləri o cənazəni xeyirlə yad etdilər. Bunu eşidən Peyğəmbərimiz (s.ə.s):

      - Vəcəbət! (Vacib oldu, dəqiqləşdi!) – buyurdu.

      Bir müddət sonra başqa bir cənazə keçdi. Oradakılar onun pis cəhətlərini yad etdilər. Rəsulullah (s.ə.s) yenə:

      - Vəcəbət! (Vacib oldu, dəqiqləşdi!) – buyurdu.

      Bu zaman Ömər ibn Xəttab (r.a):

      - Ya Rəsulallah, dəqiqləşən nədir? – deyə soruşdu.

      Peyğəmbərimiz (s.ə.s) belə buyurdu:

      - Əvvəl keçən cənazəni xeyirlə yad etdiniz, bu səbəblə onun cənnətə girməsi dəqiqləşdi. Sonrakının isə pis işlərindən bəhs etdiniz, onun da cəhənnəmə girməsi dəqiqləşdi. Çünki siz (möminlər) Allahın yer üzündəki şahidlərisiniz.(Buxari, Cənaiz, 86; Müslim, Cənaiz, 60)

      Bu mənada, Kadir bəyin cənazə mərasimində möminlərdən aldığı gözəl şahidliklərin də onun üçün Allah dərgahında bir hüsn-hal vəsiqəsi olmasını Rəbbimizdən niyaz edirik.

      Allah-Təala ayeyi kərimədə:

      “İman gətirib saleh əməl işləyənlər üçün çox mərhəmətli olan Allah (ürəklərdə) bir sevgi yaradacaq”, (Məryəm, 96) – buyurur.

      Yəni Haqq-Təala sevdiyi qullarını nəsibi olan könüllərə də sevdirir. Onun məhşəri izdihamlı bir qələbəlik tərəfindən əda edilən cənazə mərasimi də sanki bu ayənin bir növ təzahürü idi.

      Ömrünü Allaha həsr edən yüksək ruhlar fani bədənləri torpağa qarışdıqdan sonra da könüllərdə yaşamağa davam edərlər. Kadir Mısıroğlu da bir əsərində başlıq kimi istifadə etdiyi “Aşiqlər ölməz!” sirrinə məzhər olaraq əbədiyyət aləminə köçən bəxtiyar qullar karvanına Rəbbimizin lütf-kərəmi ilə daxil olmuşdur, inşallah!..

      Digər tərəfdən, Peyğəmbərimiz (s.ə.s):

      “İnsan öldüyü zaman bütün əməllərinin savabı kəsilər. Ancaq bu üç şey xaric: sədəqeyi-cariyə, istifadə olunan elm və arxasınca dua edən saleh bir övlad”, - buyurur. (Müslim, Vasiyət, 14; Tirmizi, Əhkam, 36).

      Kadir Mısıroğlu da müsəlman millətimizin hiss və fikir dünyasında bir çox qiymətli xidmətlər ortaya qoydu. Kitabları, söhbətləri və yetişdirdiyi tələbələrinin, inşallah, bir məktəb kimi nəsildən-nəslə davam edərək onun üçün bir sədəqeyi-cariyə olmasını təmənna edirik.

      Yeri gəlmişkən, şəxsən mənim yazı həyatına başlamağımda da Kadir bəyin təşviqlərinin mühüm bir yeri olduğunu, yazılarımda onun elm və irfanından çoxca istifadə etdiyimi də bir vəfa borcu olaraq qeyd etmək istəyirəm.

      Şeyx Sədi Şirazi nə gözəl deyir:

      “Elə fəzilətli bir həyat yaşa ki, vəfat etdiyin zaman insanlar: “Bir günəş batdı, bir ulduz söndü!” - deyə səni rəhmət və həsrət ilə yad etsinlər”.

      Rəbbimiz axirətə köç etmiş olan bütün alim və arif qullarının yerlərini dolduracaq xeyirli xələflər ehsan etsin. Kadir Mısıroğlu bəyin yolçuluğu mübarək, mənzili cənnət olsun. Xüsusilə Kadir bəylə bərabər qürbətin çətinliklərinə səbirlə təhəmmül göstərən fədakar ailəsinə və övladlarına Allah-Təala səbri-cəmil ehsan etsin. Bütün müsəlman millətimizin başı sağ olsun.

       

       

       

       

       

       

       

       

       

       

       

       

       

       

       

      • Hits: 38 clicks

      Tecox component by www.teglo.info