Yusif HÜSEYN – İKİ ŞAMIN SÖHBƏTİ

      Share

      Ucqar bir dağ kəndi. Gecə vaxtı. Köhnə bir kənd evi. Hər kəs nəşəli, hər şey yolunda. Amma qəfildən işıqlar söndü. Bütün kənd, eləcə də ev tamamilə zülmətə qərq oldu.

       Evdəki bütün əşyalar təlaşa düşdü. Görəsən, necə olacaq? Hava soyuq, ətraf qaranlıq... işıqlar da söndü... hər kəs düşüncəli... Dərin bir sükut hökmran oldu evə. Ümidsizlik doldu evdəki əşyaların qəlbinə. Otaqdakı şamlardan biri sükutu pozdu. Pıçıltı ilə yanındakı digər şama səsləndi:

      • Gəl yanaq, dostum. Hər tərəf qaranlıq və soyuqdur.
      • Düzünü bilmək istəyirsənsə, mənim heç də yanmaq fikrim yoxdur.
      • Axı biz yanmasaq, bu zülmət necə aradan qalxar?! Bir ətrafa bax. Başqa çarə varmı? Yanaraq ətrafı işıqlandıracaq biri varmı, bizdən başqa?
      • Niyə mən yanmalıyam? Niyə elə mən özümü fəda etməliyəm?
      • Ehhh dostum! Bu nə sualdır verirsən? Heç fədakar birinə bu sözlər yaraşırmı?! Baxsana Rəsulullaha (s.ə.s)! Aləmlərin Rəbbi Ona: “Sən özünü fəda edəcəksən, özünü ümmətinə, hətta bütün insanlığa həsr edəcəksən, sən onlar üçün yanacaqsan”, - dediyində O heç: “Niyə mən” - dedimi? Şəms Mövlanaya: “Dünyada bir dənə də olsun mömin üşüyürsə, sənin qızınmağa haqqın yoxdur”, - dediyində cavabında: “Axı niyə mən?” - deyə etiraz etdimi? Üşüyən birilərinin mütləq olacağını bildiyi üçün ömrü boyu qızına bilmədi. Gəl düşünək, görək əgər onlar etiraz etsəydilər, bu yükü qəbul etməsəyədilər, onlar yanmasaydılar, indi bizim halımız nə olardı? İnsanlığın halı necə olardı? Zülməti aradan kim qaldırardı?
      • Səni başa düşdüm, amma axı mən yansam, sonunda yanıb bitərəm, ölərəm. Amma digərləri yaşayacaq.
      • Əziz dostum! Sən heç yananların, özünü fəda edənlərin öldüyünü gördünmü? Məgər sən onların torpağa deyil, insanların könlünə basdırıldığını bilmirsənmi? Onlar torpağa basdırılanlar kimi çürüyüb getməzlər. Gözəl əməlləri, fədakarlıqları səbəbilə insanların qəlbində özlərinə yer qazanarlar. Və beləliklə, ölüm onları məhv edə, unutdura bilməz. İnsanlıq yaşadıqca onlar da yaşayar, xatırlanarlar. Öz ziyaları və istilikləri ilə aləmi nurlandırmağa və isitməyə davam edərlər. Onlar bu fani aləmdə əsla ölməz, bitib-tükənməzlər. Sən də qorxma! Əgər sən də onlar kimi yansan, yanaraq həm nurunla nurlandırsan, həm də hərarətinlə ətrafı isitsən, ölümsüzlüyə qovuşacaqsan. Yanıb əriyəcəksən, amma məhv olmayacaqsan. Ərimiş mumundan yenə şam düzəldib səni yenidən yandıracaqlar və sən nur saçmağa, isitməyə davam edəcəksən. Gör heç Günəş öz halından şikayət edirmi? Dayanmadan yanıb-yaxılaraq həm işıq saçır, həm də hərarət verir. Heç yorulmur, bezib usanmır. Bu fədakarlığı səbəbilə Aləmlərin Rəbbi onu bu fani aləmdə ölüm qorxusundan azad etmişdir. Dünya durduqca da, o, yaşamağa davam edəcəkdir.
      • Yaxşı. Amma evdə bizdən başqa bu dərdə düşən, bir iş görmək istəyən, fədakarlıq etmək istəyən başqa birisi yoxdur. Onlar üçün dəyərmi?
      • Sevgili dostum! Sən onlara bir bax. Səndən başqa fitrətində yanmaq olan biri varmı? Allah məhz səni bunun üçün seçmişdir. Məhz sən yanacaqsan, sən özünü fəda edəcəksən, sən önə atılacaqsan, sən, sən, sən...! Və əsla “niyə mən” deməyəcəksən. Dəyərmi, dəyməzmi deyə düşünməyəcəksən. Bu sənin qədərindir, sənin barəndə verilmiş ilahi fərmandır. Əsla etiraz etmək barədə düşünmə. Rəbbinin sənə verdiyi bu lütfdən üz çevirmə. Baxsana, Allah ən sevdikləri üçün belə bu yazını yazdı, bu qədəri seçdi. Bu yol nəbilərin, vəlilərin, sadiqlərin, salehlərin yoludur. Onlar heç zaman şikayət etməz, yorulmaz, təşəkkür gözləməz, qınaqdan qorxmaz və bu minvalla yollarına davam edərlər. Məxluqdan əlini üzmüş, xaliqə tam mənası ilə təslim olmuşlar. Bununla da ölümsüzlüyə qovuşarlar. İnsanlıq bu fani aləmdən köçdükdən sonra belə onların ziyasından faydalanar, onlardan gözəl örnəklər götürər, sanki canlı insanlar kimi. Bu mübarək yoldan sən də get. Tərəddüd etmədən bu yolda irəlilə. Unutma, böyük nemətlər böyük külfətlər nəticəsində əldə edilər. Bu sənə nəsib olmuşdursa, sevə-sevə qəbul et və bunu sənə nəsib edən Rəbbinə şükür et.
      • Haqlısan. İndi anladım. Haydı, artıq dayanmaq vaxtı deyil, yanmaq vaxtıdır. Zülmətə qərq olanlar bizi gözləyir. Gözlər bizdə, ümidlər bizdədir. Yanaq artıq. Yox olsun zülmət. Nura boyansın aləm. İsinsin soyuq əllər. Sevinsin incə könüllər. Aydınlansın yolumuz. Sevinc dolsun çöhrələrə. Ümid dolsun qəlblərə.

       

      • Hits: 16 clicks

      Tecox component by www.teglo.info