Nurlan MƏMMƏDZADƏ – ŞƏHƏR MƏDƏNİYYƏTDİR

      Share

      Şəhər mədəniyyətdir. Hər mədəniyyət öz insan tipini formalaşdırar, öz şəhərini qurar. Şəhərlər küçələri, binaları, bazar və dükanları ilə mənsub olduqları mədəniyyətə güzgü tutan aynalardır.

       Hər insan mənsubu olduğu mədəniyyətin daşa-torpağa əks etmiş halını şəhərlərdə sevər. Şəhər mədəniyyətdir, dedik. Elə isə bir insanın mədəni durumuna təsir edən amillərdən biri də məhz yaşadığı, gördüyü və sevdiyi şəhərlərdir. İnsanın doğumundan ölümünə qədər inkişaf edən mədəniyyət anlayışındakı dəyişikliklər gördüyü şəhərlər nisbətində dəyərləndirilə bilər. Dünyada gənc şəhərlər var, ömrünün gənclik çağını yaşayan, hələ kamilləşməmiş, qərarsız, tərəddüdlü insanlar kimi. Dünyada qoca şəhərlər də var. Uzun illərin təcrübəsi ilə ağı qaradan ayırmağı bacaran, böyük dünya görüşünə malik ağsaqqal insanlar kimi. İnsanın mədəni səviyyəsində şəhərin böyük rolu olduğu kimi, əslində şəhərlərin də mədəniyyət adına yüksəlməsində insanların rolu var. Bir şəhərin zənginliyi gördüyü, tanıdığı insan sayına bağlıdır. Üstəlik bu insanlar fərqli mədəniyyətlərin mənsubudursa və yaşadıqları şəhər ortaq bir dəyər sayılmışsa, o şəhər bəxtəvərdir. Bakı bir mədəniyyətdir, Moskva başqa bir mədəniyyət, Paris başqa… Hər mədəniyyətin şəhəri özünə doğmadır. Hər şəhər də öz mədəniyyətinə güzgüdür.

      İslam mədəniyyətinə paytaxtlıq edə biləcək şəhərlər var. Başda Mədinə və Qüds. Sonra ardıcıl sıraya qoymadan və birincilik yarışına girmədən Bakı, İstanbul, Konya, Səmərqənd, Buxara, Qahirə, Şam, Bağdad deyə saya biləcəyimiz mədəniyyət beşiklərimiz… Hər biri bir-birindən dəyərli, bir-birindən gözəl. İslam mədəniyyəti dedikdə ağıla gələn o möhtəşəm abidəvi şəhərlərdən biri də məhz İstanbuldur.

      Bir şəhər düşünün ki, iki qitə arasında yerini alaraq iki fərqli dünyanı – Avropa və Asiyanı özündə birləşdirir. Dünya tarixində mühüm rol oynayan iki imperiyaya beşiklik etmiş, həm Bizansın, həm də Osmanlının paytaxtı olmuşdur. Qoca Şərqin və Qərbin nişanələrini özündə daşıyan bu şəhəri gəzərkən ona valeh olmamaq mümkün deyil. İstanbulun hər səmti başqa bir dünya, hər küçəsi ayrı bir aləmdir.

      İstanbul minarələr şəhəridir. Hər addımında insana Allahı xatırladır. Salatın Cameləri ilə birlik və bərabərliyin rəmzidir. Səbillərin, şadırvanların yuyub təmizlədiyi, ruha sükunət və sərinlik verən tarixi məkanlardan keçərkən əslində tarix yolçuluğunun içində hiss edərsiniz özünüzü. Bizans kilsələri ilə iç-içə girmiş məscidləri gördüyünüz an İslamın gülər üzü ilə qarşılaşar, sülh mesajını oxuyarsınız. Şəhərin böyüklüyü qarşısında heyrətə düşdüyünüz an, bir az da fəxarət hissi ilə qürrələnməyə başladığınız an bir-birinə qarışan azan səsləri ilə özünüzə gələr və Allahın hər şeydən böyük olduğunu dərk edib kiçikliyinizi görərsiniz.

      Tarixi Üsküdar küçələrini gəzərkən köpəklərin, pişiklərin içməsi üçün qapılara qoyulan su qabları, qağayıların yeməsi üçün bağçalara səpilən buğda dənələri yüzillərin bağrından qopub gələn vəqf ənənəsinə işıq tutar. Məscid divarlarında etina ilə tikilmiş quş yuvalarını gördükdə “Xaliqin xətri üçün məxluqata mərhəmət” düşüncəsinin daşa həkk olunmuş halını seyr edərsiniz. Çünki gəzdiyiniz bu torpaq başdan-ayağa vəqf mədəniyyəti ilə yoğrulmuş mübarək bir zəmindir.

      İstanbul çarşılarını gəzərkən sözün həqiqi mənasında Şərq bazarları ilə qarşılaşarsınız. Bir tərəfdə meyvə-tərəvəz, bir tərəfdə geyim-kecim, bir tərəfdə ədviyyat... Misir Çarşısına girdiyiniz an burnunuza gələn rəngarəng ədviyyat qoxusu zaman və məkan sərhədlərini yıxaraq bir daha keçmişə aparar sizi. Ədviyyatın qoxusu ilə birlikdə tarixi tənəffüs edərsiniz. Gözlərinizi yumduğunuz an Osmanlının saray süfrəsində hiss edərsiniz özünüzü. Şərq mətbəxinin zəngin təamları canlanar gözünüzün önündə. Elə bu zaman yaxınlıqdan eşitdiyiniz şərbətçinin və ya milli geyimdə sahləp satıcısının səsi ilə tarixin başqa bir səmtinə uğradığınızı hiss edərsiniz.

      Əski kitabların satıldığı Sahafçılar Çarşısından gələn kitab qoxusu bu şəhərin eyni zamanda bir elm mərkəzi olduğundan, nə böyük alimlər yetişdirdiyindən xəbər verər. Tarixi yarımadanı gəzərkən, qədim İstanbul küçələrində addımlayarkən rastınıza çıxan zərafətlə işlənmiş qədim baş daşları sanki bir nəsihətçi olub dünya həyatının gerçəyini pıçıldayar qulağınıza. Bəli, bu şəhərdə dünyanı yaşayarkən eyni zamanda axirəti də hiss edərsiniz. Sizə dünya və axirəti bir anda yaşadan şəhər sevilməzmi heç?

      Bu şehri-Sitanbul ki bi mislü bəhadır,

      Bir sənginə yekparə Əcəm mülkü fədadır.

       

      Bir gövhəri-yekparə iki bəhr arasında,

      Xurşidi-cahan-tab ilə tartılsa səzadır.

       

      (Tayı-bərabəri olmayan bu İstanbul şəhəri ki var, bir daşına bütün Əcəm mülkü fəda olsun! İki dəniz arasında bütöv bir incidir ki, günəşlə tərəziyə qoysanız, ikisi də taraz qalarlar.)

       

       

       

         

       

      • Hits: 37 clicks

      Tecox component by www.teglo.info