Eldar KƏRİMOV – BİR SARAYIN SİRRİ

      Share

      “Topqapı Sarayı”

      Bir qapının arxasında gizlənir, ən dəyərli xəzinələr. Bir-birindən ehtişamlı qapılar üzünə açıldıqca dərk etməyə başlayırsan burda yaşanan həyatın sirlərini. 

       “Babus-salam” qapısından başlayır sarayın içərisində olub-bitənlər. Önəmli edam hadisələri bu qapının önündə icra edilir. Kəsilən başlar qapının sağındakı “ibrət” daşlarında sərgilənir. İrəlilədikcə, mətbəx binaları və zamanında sadəcə padşahın seçmə atlarının bəsləndiyi axurlar gözə dəyir. “Babus-səadə - xoşbəxtlik qapısı” sarayın özəl bölümlərinə açılır. Bu qapıdan sadəcə padşah at üstündə keçə bilir.  Müəyyən bir statusa sahib olan dövlət böyüklərindən başqa heç kim nəinki at belində, hətta  piyada olaraq da buradan içəri girə bilmir.

       Bir qapı açılır Ərz otağına. Hər dəfə divan toplantısından sonra divan üzvləri aldıqları qərarları sultana bu otaqda ərz edir. Xirqeyi-Səadət kimi müqəddəs əmanətlərin qorunduğu Xas otaqda isə Misirin fəth edilməsi ilə xilafətin Osmanlı padşahlarına keçməsindən sonra Misirdən gətirilmiş bir-birindən dəyərli əmanətlər yer alır. Bundan başqa necə otaqlar, köşklər və məscidlər... Bir də həm saray, həm də həbsxana xüsusiyyətinə sahib, çöldən heç kimin girə bilmədiyi və içəridən də heç kimin çıxa bilmədiyi Hərəm var. Bütün bu xüsusiyyətlərin cəm edildiyi və İstanbulun fəthindən sonra böyük Osmanlı İmperatorluğunun 400 il idarə olunduğu mərkəz: Topqapı Sarayı.

      12 yaşında Osmanlı taxtına çıxan Fateh Sultan Mehmed Osmanlı dövlətinin o zamankı paytaxtı Ədirnəyə gələr-gəlməz atası ilə saziş imzalayan avropalı xristian dövlətlərinin xaçlı səfərləri ilə qarşılaşır. Gənc yaşda olan birinin hakimiyyətə gəlişini mənimsəyə bilməyən daxili qüvvələrin ona qarşı təyziqləri başlayır. Bütün bu çətinliklərə baxmayaraq Fateh Sultan Mehmed öz şücaəti ilə 1481-ci ilə qədər hökmdarlığını davam etdirir və şəxsən 25 səfərdə iştirak edir.

               Sərhədləri Dunaydan Qızıl İrmağa qədər genişlənən dövlətinin paytaxtı olaraq İstanbulu almaq və Hz. Peyğəmbərin (s.ə.s) tərifinə nail olmaq ən böyük idealı olur Fateh Sultan Mehmedin. İstanbulu almaq üçün Boğaza hakim olmanın şərt olduğunu bilən Sultan Mehmed 1452-ci ildə Boğazkəsən Hisarı dediyi Rumelihisarını inşa etdirir. Bu zaman onun qarşısında  Yıldırımın inşa etdirdiyi Anadoluhisarı dayanır və artıq Osmanlının izni olmadan boğazı geçmək mümkün olmur.

      İstanbulu fəth edən Sultan Mehmed 1100 il hökm sürən Şərqi Roma İmperatorluğunu ortadan qaldırır və “Fateh” ünvanını alır. Fəthindən dərhal sonra Mehmed şəhərin abadlaşdırılmasına başlayır və daha sonrakı illərdə Sarayburnunda Topqapı Sarayını inşa etdirir.

      İnşası tamamlanan tarixdən etibarən, əvvəlcə  “Yeni Saray” və “Sarayı-Hümayun” kimi adları daşıyan, sonradan  “Topqapı” kimi tanınan saray Osmanlı sultanlarının iqamətgahı, dövlətin idarəçilik və təhsil mərkəzinə çevrilir. 1460-1478-ci illər arasında  inşa edilən və zamanla bəzi əlavələrin edildiyi sarayda Osmanlı padşahları və saray xalqı XIX əsrin ortalarına qədər qalır. 1850-ci illərin əvvəllərində həmin saray XIX əsrin dövlət protokolunun və mərasimlərin həyata keçirilməsinə ev sahibliyi edə bilmədiyi üçün boğazdakı Dolmabağça sarayına köçürülür. Ancaq səltənət xəzinəsi, müqəddəs əmanətlər və imperatorluğun arxivləri Topqapı sarayında qorunduğu üçün bir çox dövlət tədbirləri burada keçirilməyə davam edir. Topqapı sarayı, xanədanlıq 1922-ci ildə qaldırıldıqdan sonra 3 aprel 1924-cü ildə muzeyə çevrilir. Saray tarixi yarımadada 1985-ci ildə YUNESKO dünya mirasları siyahısına daxil edilir.

      Topqapı sarayının planının müəyyən edilməsində Osmanlı dövlət fəlsəfəsi ilə saray mənsublarının böyük rolu olur. Bundan başqa sarayın ilk inşa edildiyi zamanda Fateh Sultan Mehmedin atası Sultan İkinci Muradın Tunca çayı kənarında tikdirdiyi və bu günə sadəcə qalıqları qalan Ədirnə sarayının planından olduğu qədər ehtişamından da təsirlənildiyi deyilir.

      İmperatorluq böyüdükcə saray da böyüməyə başlayır. Sarayda yaşayan insan sayı artdıqca onlara yatacaq yer və onlar üçün yemək bişiriləcək böyük mətbəxə ehtiyac duyulur. Sarayın son zamanlarında orada davamlı qalan insanların sayının təxminən dörd-beş min nəfər olduğu anlaşılır.

      Binada əks olunan başqa bir tarixi dəyişim prosesi padşahların get-gedə etibarsızlaşması olur. İmperatorluğun zəiflədiyi və gerilədiyi dönəmlərdə padşahların nüfuzu zəiflədiyi zaman sarayın qoruyucu çöl divarları gücləndirilir. Buna paralel olaraq başqa bir prosesin də şahidi olmaq mümkündür. Belə ki, sultanlar saraydan çölə çıxmayıb təbiətdən uzaqlaşdıqca, miniatür yolu ilə təbiət içəriyə, fərqli həyətlərə, bina divarlarına daşınır və əks olunur. Bütün bunlara baxmayaraq bu tarixi miras bu günə qədər qorunur və dünyanın dörd bir tərəfindən gələn turistlərin qarşısına ağ üzlə çıxmağı bacarır.       

               Son olaraq, qapısız evin həyətinə göz atan, qapısız evin içərisinə söz atan çox olar.  Topqapı sarayı da tarix boyu bir şəhərin, bəlkə də bir məmləkətin qapısı olaraq böyük bir məsuliyyəti öz üzərinə götürüb. Bu qapını görmək, bilmək və qorumaq ümidi ilə...

       

      • Hits: 30 clicks

      Tecox component by www.teglo.info