Mustafa Mayis ABBAS – BİR İSTANBUL İNCİSİ... SULTAN ƏHMƏD MƏSCİDİ

      Share

      İstanbulu sevməmək, ona aşiq olmamaq əldə deyil. O füsunkar təbiətin, maddi-mənəvi gözəlliklərin, incə, zərif, bənzərsiz sənət nümunələrinin harmoniyasından doğan parlaq Günəş kimidir... 

      Zəngin, əsrarəngiz xariqələr diyarıdır, yeddi təpə İstanbul!

      İstanbulun hər tərəfi bir-birindən qədim tarixi abidələr, nadir sənət nümunələri və zərif memarlıq əsərləri ilə zəngindir. Lakin hər zaman İstanbul deyildiyində ilk ağıla gələn abidələrdən biri Sultan Əhməd məscidi olmuşdur. Türk-İslam memarlıq tarixinin nadir incilərindən biri sayılan Sultan Əhməd məscidi  1609-1616-cı illərdə Sultan Birinci Əhmədin  əmrinə əsasən İstanbuldakı tarixi yarımadada, məşhur Ayasofya məbədinin qarşısındakı hipodrom deyilən sahədə (at meydanında)  inşa etdirilib.

      Maraqlıdır ki, 1603-cü ildə 14 yaşında ikən Osmanlı dövlət taxtına çıxan XIV Osmanlı padşahı Sultan Birinci Əhməd hakimiyyətdə 14 il qaldıqdan sonra vəfat edir. Onun hakimiyyəti dövründə şəhərin bir çox yerində əcdadının adına möhtəşəm məscid və abidələr mövcud idi. Elə buna görə də Sultan I Əhməd digərlərindən daha möhtəşəm bir məscid tikdirmək fikrinə düşür.

      Məscidin inşası Memar Sinan, Memar Davud və Memar Dalğıc Əhməd Ağa kimi dövrünün tanınmış memarlarından sədəf və memarlıq dərsləri alaraq özünü ən yüksək səviyyədə yetişdirən, dərin zəka sahibi, məharətli sənət ustası Sədəfkar Mehmed Ağaya həvalə olunur. 1605-ci ildə Xassa Baş Memarı vəzifəsinə təyin olunan Mehmed Ağanın ilk işi Peyğəmbərimizin (s.ə.s) mübarək qəbrinin təmiri olmuşdur.

      Hazırlıqlar başa çatdıqdan sonra 9 noyabr 1609-cu ildə məscidin bünövrəsi atılır. Bünövrəyə ilk külüngü padşah vurur və: “Ya Rəbbim! Əhməd qulunun xidmətidir, qəbuli-dərgah eylə!”- deyə dua edir. Bünövrə qoyma mərasimi münasibətilə fəqir-füqəraya sədəqə paylanır. Bünövrə qazma işi bir aydan çox çəkir və bu işdə mindən çox fəhlə çalışır. Məscidin inşası 7 il 5 ay 6 gün çəkir və 1617-ci ildə ibadətə açılır. Külliyənin inşası isə tam olaraq 1619-cu ildə başa çatır. Sultan I Əhmədin sevimli müəllimi Əziz Mahmud Hüdayi həzrətləri, Şeyxülislam Mehmed Əfəndi, Sədrəzəm Davud Paşa və bəzi dövlət adamları da məscidin tikintisində şəxsən gəlib işçilik edirlər.

      Sultan Əhməd Məscidi külliyə ilə birlikdə İstanbulun ən böyük tikinti komplekslərindən biridir. Külliyə: məscid, mədrəsə, hünkar qəsri, arasta (eyni növ mal və ya məhsul satan dükanların olduğu yer), dükanlar, hamam, bulaq, səbillər (içməli su paylanan yer), türbə, darüş-şəfa, sibyan məktəbi (ibtidai məktəb), imarətxana və kirayəlik otaqlardan təşkil olunmuşdur. Tikintilərin bir hissəsi günümüzə qədər gəlib çatmamışdır.

      Məscidin memarlıq və bədii baxımdan diqqətəlayiq ən önəmli məqamı onun daxili interyeridir. Memar Sədəfkar Mehmed Ağanın rəhbərliyi ilə məscidin interiyeri üzərində 50 fərqli çiçək naxışları təsvir edilən və ümumi sayı 20.000-dən çox olan mavi, yaşıl və ağ rəngli İznik çiniləri ilə bəzədilir. Bu çinilərin bəzədilməsində mavi və sarı tonlardakı ənənəvi bitki motivlərindən istifadə olunur. Yarımgünbəzlərin və ana günbəzin iç qismi mavi tonlu xətt işləmələri ilə bəzənir. Böyük bir zəhmətin bəhrəsi olaraq ortaya masmavi, könül oxşayan və ehtişamlı bir səhnə çıxır. Elə buna görə də avropalılar bu məscidi "Mavi Məscid (Blue Mosque)"- deyə adlandırır.

      Memar Mehmed Ağanın musiqi sənətinə hakimliyi də daxili məkanın akustik səs ölçüsünün düzgün və qüsursuz nizamlanmasına imkan yaradır. Xüsusilə daxili məkanın müxtəlif yerlərinə hörümçək torlamalarının qarşısını almaq məqsədilə dəvəquşu yumurtaları yerləşdirilir. Məscidin daxilindəki ən əhəmiyyətli elementlərdən biri də zərif, incə naxışlar ilə oyularaq mərmərdən hazırlanmış mehrabdır.

      Məscidin ibadətxana bölümünün uzunluğu 72 m, eni isə 64 metrdir. Mərkəzi ana günbəzin hündürlüyü 43 metr, diametri isə 23,5 metrdir. Məscidin daxili 200-dən çox müxtəlif növ rəngarəng şüşə pəncərələrlə işıqlandırılmışdır. Eyni zamanda burada xətt sənətinin ən nadir nümunələri diqqət çəkir. Yazılar Diyarbəkirli xəttat Seyid Qasım Qübari tərəfindən yazılıb.

      Məscidin ön tərəfində dəstəmazxananın da daxil olduğu ümumi həyət (avlu) mövcuddur. Həyətin çevrəsi 26 sütun üzərində inşa olunan 30 günbəzli bir tikinti ilə əhatə olunmuşdur. Bu həyətə pilləkənli üç müxtəlif qapıdan daxil olmaq mümkündür. Bu qapıların başqa bir xüsusiyyəti isə üstündə bahalı bronzdan hazırlanan darvazaların olmasıdır.

      Əhatəsindəki tikintilərlə birlikdə bir külliyə əmələ gətirən Sultan Əhməd Türkiyənin ilk altı minarəli məscididir. Bu minarələrin dördü əsas məscid binasının dörd küncündə 3 şərəfəli olaraq, digər iki minarə isə həyətin baş qismində 2 şərəfəli olaraq inşa edilmişdir.

      İstanbulun simvollarından biri olaraq bilinən məscid kompleksi 1985-ci ildə İstanbulun Tarixi Məkanları adı altında UNESCO Dünya Mirasları siyahısına daxil edilmişdir. Məscidin bünövrəsinə padşah tərəfindən vurulan ilk külüng isə hazırda Topqapı Sarayı Muzeyində nümayiş etdirilməkdədir.

       

       

       

      • Hits: 59 clicks

      Tecox component by www.teglo.info