Alpay ƏHMƏDOV – İSTANBUL MƏNİM VİRTUAL VƏ REAL HƏYATIMDA

      Share

      İstanbul mənimçün iki müstəvidə olub: xəyali və real. Qadağalı Sovet dövrünü görmüşəm deyə, xatırlayıram ki, səksəninci illərdə İstanbula getmək hər adama qismət olmurdu. 

      Məsələn, mənim atam Nazim Hikmətin yaradıcılığı ilə bağlı dissertasiya yazmışdı və onun o zaman ən böyük arzularından biri İstanbula getmək idi. (Yaxşı ki, illər sonra bu arzusuna çata bildi.) Uzaq səksənlərdə onun dilindən səslənən “İstanbul” kəlməsi mənim üçün əfsunlayıcı, sehrli bir kəlmə kimi səslənirdi.

      İstanbulla ikinci virtual tanışlıq, səhv etmirəmsə, 1988-ci ildə baş verdi mənim həyatımda. O vaxtlar “Vətən” cəmiyyətinin sədri işləyən yazıçı Elçin Türkiyədən bir neçə filoloq alimi öz verilişinə dəvət etmişdi. Və mənimçün maraqlı olan bu alimlərin çoxunun İstanbuldan gəlməyi idi. Bu adamlar Bakıya gəlməklə hardasa İstanbulu bir az da mənə yaxınlaşdırmışdı: Bu, mənim o vaxt keçirdiyim hisslər idi.

      Nəhayət, 2001-ci ilin avqustunda İstanbulu ilk dəfə görmək mənə nəsib oldu. Bir günün içində İstanbulun birləşdirdiyi Şərq və Qərb mədəniyyəti ilə tanışlıqdan xeyli zövq aldım. Dünyanın 20-dən çox ölkəsində olmuşam. İstanbul o şəhərlərdəndir ki, adam oranı gəzib yorulmaqdan ləzzət alır.

      İstanbuldan ikinci dəfə aldığım zövq onun İslam mədəniyyəti, din ruhu ilə daha dərindən tanış olmağımla bağlı idi. Mən başqa ölkələrdə namaz qılanda, bəzən başqa cür ruh halı keçirirəm: sağ-salamat evə qayıtmaq arzusu, narahatçılığı namazlarda adamı daha məsuliyyətli edir. İstanbul məscidlərinin dini aurası bu baxımdan fərqlidir: o məscidlər mənə çox doğmadır deyə, nə yad bir ölkədə olduğumu hiss edirəm, nə də Bakıya qayıdacağımla bağlı xüsusi bir təlaş keçirirəm.

      Eləcə də cümə günləri İstanbul məscidlərində türk imamlarının həzin səslə xütbə və vəzlərini dinləməyin də ləzzəti ayrıdır: buna bir növ iman, təqva terapiyası da demək olar.

      Nəhayət, İstanbul mənim sevdiyim orta şəkərli “türk kahvesi”nin şəhəridir. O şəhər ki, ora səfər edəndə, axtarış saytında qədim tarixi olan bir kafe tapırsan, ərinmirsən, beş-on adamdan soruşa-soruşa, küçələri gəzə-gəzə, axırda o kafeni tapırsan, boş masaların birinin arxasında oturub dincini alırsan, sifariş verəndən sonra gəlib çıxan qum üstündə klassik üsulla dəmlənmiş qəhvədən içib ürəkdən “ləzzət” deyirsən.

       

      • Hits: 33 clicks

      Tecox component by www.teglo.info