Aqil ƏLİYEV – YOL RƏHBƏRİMİZ

      Share

      Hər bir insan səfərə çıxmazdan əvvəl, adətən, gedəcəyi yeri, istiqamətini öyrənir və ya yolu tanıyan biri ilə getməyi planlaşdırır. Hədəfinə bu yolla daha tez və yolunu azmadan çatacağını düşünür.

       Günümüzdə bu vasitələrin yerini artıq naviqasiya cihazları almaqdadır. Bu cihazlar nəinki gedəcəyimiz istiqaməti, hətta bu istiqamətdə olan bir çox yol nişanlarını, sürət həddini və s. də xəbər verməkdədir. Göstərilən işarələri düzgün təqib edən şəxs gedəcəyi yerə ən qısa yoldan və istiqamətini itirmədən  çatmaqdadır.

                  Yaşadığımız  dünyada gedəcəyimiz bir səfər üçün bu kimi vasitələrə baş vururuqsa, bəs görəsən, axirət yolçuluğumuzda, əbədiyyət səfərimizdə hansı vasitələrə, hansı rəhbərlərə, işarələrə müraciət etməliyik? Uca Allah yaratmış olduğu qulunu bu fani aləmdə şeytan və nəfsi ilə təkbaşına qoyarmı? Bu iki hiyləgər düşmənə qarşı ona yol göstərən yardımçı verməzmi?!

                  Bəli, Uca Allah öz bəndələrinə qarşı o qədər mərhəmətli və əsirgəyicidir ki, bəndələrini yaratmaqla qalmamış, dünya həyatında önlərinə çıxacaq mənəvi düşmənlərə qarşı onlara yol göstərən, hədəf və istiqaməti təyin edən ilahi kitablar göndərmişdir. Bu  ilahi kitablarla  yanaşı, kitabları onlara izah edən, dünya və axirət sıxıntısından və təhlükələrindən qoruyan, batil inanc və xurafatlardan uzaqlaşdıran, cəhalətin zülmətlərindən nura və işıqlı aydınlığa çıxaran,  Quranın ifadəsi ilə desək: “siracən muniran” yəni “parlaq bir şam” kimi olan Peyğəmbərlər də seçmişdir. Bu seçilmiş insanlar onlarla birgə yaşamalı, həyatın hər bir yönünü, imanı, ibadəti, elmi, həyat tərzini, ailədaxili hüquqları, vəzifələri, gözəl əxlaqi dəyərləri, bir sözlə, ictimai həyatın bütün tələblərini onlara öyrətməli idi. Biz müsəlmanların örnək alacağı rəhbər, dünya və axirətin səadət yollarını göstərən şəxsiyyət: öz ümmətinə könüldən bağlanmış olan,  Quranın ifadəsi ilə desək, “...Onlara (möminlərə) təşnə olan, bir möminin sıxıntıya düşməsinə könlü əsla razı olmayan, onlara qarşı mülayim və mərhəmətli olan” Peyğəmbərimiz Muhamməd Mustafadır (s.ə.s).

                  Allah Rəsulu (s.ə.s) həyatı boyu insanlarla birgə yaşamış, onlara gözəl bir nümunə olmuş, dini öhdəlikləri şəxsən öz yaşayışı ilə təbliğ etmişdir. Uca Allah Qurani-Kərimdə belə  buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!” (əl-Əhzab, 21).

      İnsan hansı peşənin sahibi  olursa olsun,  Allahın Rəsulu (s.ə.s) onun üçün misilsiz bir örnəkdir. İstər dövlət başçısı olsun, istər müdir, fəhlə, komandir, əsgər; istər müəllim, tələbə olsun, istərsə də həyat yoldaşı, ata, ana, baba... bütün insanlar üçün gözəl bir nümunədir. Allah Rəsulu (s.ə.s) bir şeyi sadəcə demirdi. Onu əvvəlcə özü həyatında tətbiq edirdi. Yalnız yüksək kürsüdən insanlara səslənən biri deyildi. Həyatını gətirdiyi prinsiplərə görə quran və insanlara nümunə olan ülvi bir şəxsiyyət idi. Onun iyirmi üç il kimi qısa bir zamanda digər quruluşların əsrlərlə və eyni zamanda zorbalıqla əldə edə bilmədikləri müvəffəqiyyət və nailiyyətləri əldə etməsinin sirri elə buradadır. O, bunları həyatında yaşayaraq örnək olurdu. Sadəcə “yeməyini ac olanla bölüşün” demirdi; özü bölüşürdü. Təkcə “xanımınıza yaxşı, nəzakətlə davranın” demirdi; özü çox mülayim və nəzakətli davranırdı. Səhabələrinə “gedin döyüşün” demirdi; özü ən öndə gedirdi...     

      Başqa bir ayədə belə buyurulmaqdadır: “Rəsul sizə nə verirsə, onu götürün və  nəyi qadağan edirsə, ondan da çəkinin!” (əl-Həşr,  7).

      Biz müsəlmanlar fərdi münasibətlərdə, yaxud ailə və cəmiyyət  zəminində təkcə bu ayəyə könüldən bağlanıb yaşaya bilsəydik, əminəm ki, dünya və axirət xoşbəxtliyini mütləq əldə edərdik. Çünki onun bizə verdikləri, gətirdikləri yalnız haqq-həqiqət, ədalət, dürüstlük, mərhəmət, comərdlik, sevgi, hörmət, səxavətli olmaq və s. hər biri müsbət xüsusiyyətlər olmuşdur. İnsanlığın səadəti üçün də elə bu keyfiyyətlər  vacibdir. Bizi nədən çəkindiribsə, onlar da fərdin, ailənin və cəmiyyətin parçalanması üçün təhlükə ərz edən dinamitlər - mənfi və pis davranışlardır.

       Hər dövrdə insanlar o uca əxlaq sahibi olan Allah Rəsulunun  (s.ə.s) mərhəmətinə, öndərliyinə möhtacdır. Bu gün dünyamızda  zülm, işgəncə, haqsızlıq, əxlaqi yöndən çöküş yaşanırsa, ana-bacılar, qız-gəlinlər gözüyaşlı qalıbsa, gənc qızlar, qadınlar küçənin ortasında şiddətə və təcavüzə məruz qalırsa, demək ki, insanlıq  onun yolundan, onun mərhəmət dünyasından uzaq düşmüşdür. Bir heyvanın belə incidilməsinə könlü əsla  razı olmayan  Allah Rəsulu (s.ə.s) bu qədər vəhşiliyə, insan qətliamına, nəsillərin yox oluşuna razı olardımı?  Xeyr, əsla olmazdı! Çünki o, “aləmlərə rəhmət” olaraq göndərilən, insanlara bir-birini rəhmət və mərhəmətlə qucaqlamağı bərk-bərk tapşırıb onları qardaş edən bir elçi idi.

      Odur ki, cəmiyyətlərin xilası, rifahı, fəlahı, islahı onun müqəddəs yoluna bağlanmaqla mümkün olacaqdır.

       

       

      • Hits: 156 clicks

      Tecox component by www.teglo.info