Rufət ŞİRİNOV – BAĞIŞLANMA GECƏSİ

      Share

      Necə dua edəcəyini soruşan Hz.Aişəyə Hz.Peyğəmbər (s.ə.s) belə dua etməsini tövsiyə etmişdi: “Ey Allahım! Sən əfv edənsən, əfv etməyi sevənsən. Məni (Bizi) də əfv et!” 

      Uca Allah insanın son nəfəsinə qədər əfv qapısını açıq saxlayır. O,  can-könüldən edilən tövbələri hər zaman qəbul edir. Həmçinin tövbə etmək Allahın ən çox bəyəndiyi əməllərdəndir.

      Bəzi zamanlar da var ki, Allah o zamana özəl dəyər vermiş və digər vaxtlardan daha dəyərli qəbul etmişdir. Məhz bu zamanlarda edilən ibadət və dualar digər vaxtlarda edilən ibadətlərdən daha dəyərli və duaları da məqbuldur. İslam ədəbiyyatında “üç aylar” olaraq məşhur olan Rəcəb, Şaban və Ramazan ayları və bu aylardakı bəzi gün və gecələr bunlardan bəziləridir. Bu dəyərli günlərdən biri də ərəfəsində olduğumuz Şaban ayındakı “Bərat gecəsi”dir. “Bərat” bağışlanma mənasına gəlir. Bərat gecəsi Şaban ayının on beşinci gecəsidir. İslam ədəbiyyatında özünəməxsus dəyəri olan bu gecə ilə əlaqəli bəzi İslam alimlərinin bu fikirləri də onun dəyərinə dəyər qatmışdır. Alimlərin ifadə etdiyinə görə, məhz bu gecədə qiblə Məscidi-Əqsadan Məkkədəki Kəbəyə tərəf çevrilmişdir. Bəzi təfsir alimləri bu gecədə Qurani-Kərimin lövhi-məhfuzdan dünya səmasına endiyini, daha sonra da Qədr gecəsindən etibarən hissə-hissə endirildiyini söyləmişdir. Xülasə, bu gecə həm meydana gələn müxtəlif hadisələrə görə, həm də Allahın dəyər verməsinə görə mübarək sayılmışdır.

      Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində gecənin əhəmiyyətinə belə işarə etmişdir: “Allah-Təala rəhmətiylə Şaban ayının on beşinci gecəsi (Bərat gecəsi) dünya səmasına təcəlla edər və Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayından çox insanı bağışlayar.(Tirmizi, Sovm 39) Başqa rəvayətlərdə də bu gecəni ibadətlə keçirib gündüzünü də orucla keçirmək tövsiyə edilmişdir.

      Bərat gecəsində edilən dua və ibadətlərin nə qədər fəzilətli olduğu Hz. Peyğəmbərin (s.ə.s) bu hədisində açıq-aydın görünür: “Şaban ayının on beşinci gecəsində ibadət etmək üçün qalxın. Həmin günün gündüzündə isə oruc tutun. Çünki o gün günəş batdıqda Uca Allah dünya səmasına enərək  (rəhmət nəzəri ilə baxaraq) dan yeri sökülənə qədər "Məndən bağışlanmaq istəyən yoxdurmu, onu bağışlayım? Məndən ruzi istəyən yoxdurmu, ona ruzi verim? Bir bəlaya mübtəla olan yoxdurmu, onu bəladan xilas edim? Elə olan yoxdurmu, belə olan yoxdurmu, onlara da istəklərini verim?” – buyurar”.(İbn Macə)

      Hz. Peyğəmbər (s.ə.s) başqa bir hədisində buyurur ki: “Dua edərkən qəbul ediləcəyinə inanaraq dua edin. Agah olun ki, qəflətlə edilən dua qəbul edilməz”. Bərat gecəsində bağışlanmaq üçün ediləcək duada da bu inam və əminlik olmalıdır.

      Hindistanlı görkəmli İslam  alimi Luknovi “Arzu edən bu gecədə namaz qılar və yaxud digər ibadətlərlə məşğul ola bilər. Nə qədər və necə qılınacağı hər kəsin istəyinə həvalə edilib. Ancaq bu ibadət şəkli Peyğəmbərin (s.ə.s) qadağan edib çəkindirdiyi şəkildə olmalı deyil”, - deyərək ibadətin mahiyyət və şəklini izah etmişdir. Odur ki, bağışlanma fürsəti olan bu gecədə çoxlu Quran qiraəti, dua və zikrlərlə məşğul olmalı, salavat oxunmalı, nafilə namazlar qılınmalıdır.

      Bərat gecəsi ilə dəyərinə dəyər qatan Şaban ayında Hz. Peyğəmbər (s.ə.s) daha çox oruc tutmağa səy göstərərdi. Ona nə üçün bu ayda daha çox oruc tutduğu soruşulduqda belə cavab vermişdir: “Bu ay Rəcəb və Ramazan arasında insanların qafil olduqları bir aydır. Bu ayda əməllər aləmlərin Rəbbi olan Allaha ərz olunur. Mən də əməllərimin oruclu ikən Allaha təqdim olunmasını arzu edirəm”.(Nəsai) Odur ki, bu ayda və mübarək gecədə tövbə və ibadət fürsətini qaçırmamaq lazımdır.

      Təbii ki, ibadətlər sadəcə bu gecəyə təxsis edilməli deyil. Bu gecədə edilən ibadətləri bütün həyatımıza yaymağa səy göstərməliyik. Çünki Uca Allah inananları ilin bütün gecələrində ibadət və təfəkkürə dəvət edir. Qurani-Kərimdə: “Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir” (əl-Müzzəmmil, 7) – buyurularaq, gecənin gətirdiyi çətinliyə baxmayaraq, gecə yuxudan qalxıb ibadət və dua etməyin daha təsirli olduğu qeyd edilmişdir.

       

       

       

      • Hits: 149 clicks

      Tecox component by www.teglo.info