Nurlan MƏMMƏDZADƏ – QƏLBLƏR LƏKƏLƏNMƏSİN

      Share

      Texnikanın inkişaf etdiyi bir dövrdə yəqin ki, rəqəmsal fotoaparatlardan xəbəri olmayan yoxdur. Tez-tez turistlərin, peşəkar və həvəskar fotoqrafların, yaxud da fotomüxbirlərin əlində gördüyümüz rəqəmsal kameralar, o cümlədən yüksək pikselli şəkil çəkə bilən ağıllı telefonlar artıq həyatımızın bir parçasına çevrilib.

       Get-gedə antik əşyalar siyahısına daxil olan lentli fotoaparatlardan iş prinsipinə görə bir o qədər də fərqlənməyən müasir aparatların ümumi quruluşu isə ümumiyyətlə belədir: fotoaparatın xarici hissələrindən olan obyektivdən içəri girən işıq seli diafraqma vasitəsi ilə nizamlanaraq daxili güzgüdə əks olunur və penta prizma adlanan hissəyə ötürülür. Şəkli çəkmək üçün düyməyə basdığımız an pərdə təyin olunan tezliklə açılıb-örtülür və əldə etmək istədiyimiz obyekt işığahəssas sensorda təsvirə çevrilir. Fotoaparatın içərisində yerləşən bu və digər hissələr həddən artıq həssas olduğu üçün toz, buxar və nəm kimi xarici təsirlər nəticəsində ciddi mənada zədələnə bilər.

      Deməli, bir neçə ay bundan əvvəl çəkdiyim şəkillərin birində kiçik bir ləkə gördüm. Təxminən eyni tarixdə çəkdiyim digər şəkillərə diqqətlə göz atanda onlarda da eyni yerdə, eyni ləkə ilə qarşılaşdım. Əvvəlcə obyektivin linzasından şübhələnərək təmizləmək qərarına gəldim. Lakin təkrar eyni problemlə qarşılaşdıqda ləkənin daxili sensorda olduğu anlaşıldı. Dərhal tanıdığım bir ustaya gedib dərdimi söylədim. Usta da sağ olsun, fotoaparatı açıb yarım saatın içində xüsusi maye ilə həmin ləkəni təmizlədi. Artıq çəkdiyim şəkillər əvvəlki kimi tərtəmiz idi.

      İndi isə gələk məsələnin məğzinə. Bəlkə də, tez-tez eşitdiyimiz “gözlər qəlbin aynasıdır” sözünün şüuraltımdakı təsiri ilə fotoaparatın güzgüsü və görüntünü ötürdüyü daxili sensor məni düşünməyə səslədi. Axı bizim də gözümüzlə gördüklərimiz beynimizə, oradan qəlbimizə ötürülür. Hər nə qədər görmənin baş verdiyi mexanizm beynimizin içərisində olsa da, əslində oradan qəlbə ötürülməsi də danılmaz bir faktdır. Qarşılaşdığımız gözəl mənzərələri əbəs yerə “ürəkaçan” adlandırmırıq. Yaxud da rastlaşdığımız hansısa faciəvi bir hadisəni “ürək ağrısı” ilə müşahidə etməli oluruq. Eyni gerçək digər üzvlərimizə də şamil edilə bilər. Əlimiz, dilimiz, qulağımız, ayağımız… Hər bir üzvümüzlə həyata keçirdiklərimiz qəlbimizə birbaşa mənfi və ya müsbət mənada təsir edir. Fotoaparatın daxili sensoru kimi qəlbimiz də kənar təsirlərə qarşı həddən artıq həssasdır. Təmiz insan fitrətinə zidd olan hər bir davranış və hərəkətimiz birbaşa onu ləkələyərək zərər verə bilər. Hz. Peyğəmbərin buyurduğu kimi: “Bəndə bir günah işlədiyi zaman qəlbində qara bir nöqtə əmələ gələr”. Artıq qəlbində günah ləkəsi olan bir insan nəyə nəzər salsa, əlini nəyə atsa, həmin ləkə bütün əməllərinə sirayət etmiş olar. Bir sözlə, qəlbimizi ləkələdiyimiz zaman dünya gözü ilə çəkdiyimiz bütün kadrlarımız həmin ləkədən payını alar.

      Həyatımızın sonrakı qismini, yaşadığımız günləri təmiz və şəffaf yaşamaq istəyiriksə, göz aynamızla gördüklərimizin tərtəmiz olmasını arzu ediriksə, qəlbimizə düşən ləkələri xüsusi maye ilə təmizləmək şərtdir. Həmin əsrarəngiz iksir isə, əlbəttə ki, tövbə və istiğfarla qarışmış göz yaşlarımızdır. Hər günahın çarəsi o günahı işləyən günahkarın peşmanlıqla tökdüyü göz yaşlarındadır. Zira günah və üsyana məruz qalaraq zədələnmiş qəlbləri təmir etməkdə mahir bir usta olan Bəyazid Bəstami həzrətləri xəstə ürəklərə bu məlhəmi tövsiyə edir: “Tövbə kökü ilə istiğfar yarpağını bir-birinə qarışdır. Tövhid toxmağı ilə qəlb həvəngində döy, insaf ələyindən keçir, göz yaşları ilə yoğurduqdan sonra eşq təndirində bişir. Səhər-axşam doyunca ye… O zaman xəstəliyindən heç bir əsər-əlamət qalmaz”.

      İnsanın bu dünyada maddi olaraq təmizlənməsi üçün Uca Yaradan suyu yaratdı. Rəbbimiz suyu elə bir xassəyə malik etdi ki, Hz. Adəmdən bəri bütün insanlığın işlətdiyi miqdar olduğu kimi qalmaqda, yer üzünün kirlərini yuyub aparsa da, təmizliyini qoruyub saxlamaqdadır. Tərifini mütəfəkkir şair Necip Fazılın dili ilə versək:

      “Su bir şekil üstü ruh, kalıplarda gizlenen;

      Yerde kire battı mı, bulutta temizlenen…”

      Nə hikmətdir ki, Uca Rəbbimiz insanın mənəvi kirlərdən təmizlənməsi üçün də suyu yaratdı. İlahi sirlərdən agah olan Allah Rəsulu dəstəmaz alarkən yuyunduğumuz su ilə birlikdə əzalarımızla işlədiyimiz günahların töküldüyündən xəbər verir. Həmçinin bəndənin günahlarına peşman olaraq göz yaşı axıtmasının günahlarının bağışlanmasına vəsilə olduğunu deyir. Hz. Adəmdən bəri dünyada dövr edən suyun tərkibində əslində elə ilk insanın göz yaşları da var. Bu pəncərədən baxarsaq, Hz. Adəmin istiğfar edərək tökdüyü göz yaşları ilə bizim günahımıza ağlayaraq gözümüzdən süzdüyümüz yaşlar da eyni mənbədəndir. Gözdən axan hər bir nədamət yaşında əslində babamız Adəmin peşmançılığı da gizlidir. İnsanı maddi kirlərdən təmizləyən suyun eyni zamanda onu mənəvi kirlərdən də təmizlədiyini Ustad Necip Fazıl belə dilə gətirir:

      “Su duadır, yakarış, ayna, berraklık, saffet;

      Onu madeni gökte altınlar gibi sarfet!”.       

       

      ***

      Qarşıdan ilahi rəhmət və bərəkətin yaz yağışı kimi yağdığı mübarək üç aylar gəlir. Hələ dünyada ikən tövbə və istiğfarla günahlardan təmizlənmək üçün Rəbbimizin lütf etdiyi bu fürsəti gözəl dəyərləndirməli, özümüzü yeniləmək üçün əlimizdən gələni əsrigəməməliyik. Rəcəb ayı içərisində feyz və bərəkətlə dolacağımız Rəğaib və Merac gecələri, günahların əfvinə vəsilə olacaq Şaban ayının on beşinci gecəsi və Qurani-Kərimin nazil olduğu Qədr gecəsi Allah-Təalanın hər bir müsəlmana bəxş etdiyi ilahi ərməğandır. Ömrümüzə bərəkət qatan bu kimi zamanları düzgün dəyərləndirərək günahlardan təmizlənməmizə vəsilə etmək dünya və axirət səadətimizin təminatçısıdır. Bütün insanların ən seçilmişi olan Hz. Peyğəmbərin bu aylara girərkən “Allahım, Rəcəb və Şabanı bizə bərəkətli qıl və bizi Ramazana qovuşdur”, - deyərək dua etməsi özlüyündə bu ayların nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Elə isə həyat sürdüyümüz bu dünyada bizə bəxş edilən bu günlərin qədrini bilərək tövbə və istiğfarla günahlardan təmizlənməli, dua və ibadətlərlə Rəbbimizə yaxınlaşmağın yollarını axtarmalıyıq.    

       

      • Hits: 84 clicks

      Tecox component by www.teglo.info