Əhməd SADİQOV – OXUMAQ İNSANI PAKLAŞDIRARMI?

      Share

      Bu qoca dünyada insan oğlunun yaşadığı qısa ömür ərzində gördüyü bir çox işlər və həyata keçirdiyi fəaliyyətlər var. 

      Bu kimi fəaliyyətlərin bəzisi həqiqətən ona bir dəyər qazandırdığı halda, bəzisi hər şeydən qiymətli olan zamanını boş yerə tükətməsinə səbəb olur.

      Kitab oxumaq fəaliyyəti isə insan ömründə həyata keçirilən ən dəyərli işlərdən biridir. Oxumaq insana yeni dəyər qazandırar, önündə yeni üfüqlər açar…

      Hər yaşda oxumaq mümkündür. Oxumaq insanı həm cismən, həm də ruhən gümrah saxlayar. Buna baxmayaraq, bəlkə də, oxumaq fəaliyyətinin ən yaxşı həyata keçirildiyi dövr gənclik çağıdır. Gənclik insan ömrünün bahar fəslidir. Bir millətin gələcəyini sahib olduğu gəncliyin ürəyindəki sevda və əlindəki kitab təyin edər. Gəncləri həyatı və kitabı gözəl oxuyan ölkənin gələcəyi parlaqdır.

      Hər bir gəncin daxilində bir qəhrəman və ya cani var. Oxuduqları, ailəsindən, məktəbindən və ətrafındakılardan aldığı təhsil və tərbiyə onu cani və ya qəhrəman edər.

      Bir bukinistin mağazasının önünə - küçəyə düzdüyü kitablar üçün “oğurlamazlarmı?” sualına verdiyi cavab çox ibrətlidir: “Oxuyanlar oğurlamaz, oğrular da oxumaz!”.

      Vətənini ən çox sevən insan ən çox oxuyan və vətəni üçün ən çox çalışandır. Oxumaq bilik xəzinəsi və saray qapısını açan yeganə açardır. Onu əldə etdikdən sonra hər bir qapını açmaq asandır. İnternet, virtual aləm və populyar mədəniyyətin var gücü ilə üstümüzə gəldiyi bu çağda kitaba toxunmaq, onu hiss etmək, gündəmimizə və ürəyimizə almaq təqdirəlayiq bir davranışdır. Kitab oxumaqla bağlı gəlinən nəticəyə görə, bir ildə 20-dən artıq kitab oxuyan çox oxuyan, 6-20 arası oxuyan orta oxuyan, 1-5 arası oxuyan az oxuyan, heç oxumayansa oxumayandır.

      Oxumaq müqəddəs kitabımız Qurani-Kərimin də ilk əmridir. Kitabımızın ilk əmri “Oxu! Yaradan Rəbbinin əmri ilə…” ayəsi ilə başlayır. Təəssüflər olsun ki, ilk əmrin “oxu” mesajını gətirən Peyğəmbərimizin ən az oxuyan ümmətiyik.

      Uca Rəbbimiz “Yaradan Rəbbinin adı ilə oxu…” əmri ilə bu kainatı məktəbi-aləm etmişdir. Möhtərəm Osman Nuri Topbaş əfəndi bunu necə də gözəl ifadə edir:

      “Rəbbimiz bu əzəmətli məktəbdə Rəsulullah (s.ə.s)-in müstəsna rəhbərliyi və mükəmməl müəllimliyi ilə oxunacaq üç kitab, üç xariqə təfəkkür vəsiləsi lütf etmişdir: KAİNAT, QURAN və İNSAN...”

      Qurani-Kərim hərflərlə kəlamullah... İnsanlığın səadət rəhbəri... İki cahan bələdçisi... Kainat ilahi əzəmət axışları və qüdrət naxışları ilə bambaşqa bir kitab, kainat kitabı...

      İnsansa bu kitabların xülasəsi, mündəricatı və sirri... Əsas təhsil yalnız məktəbi-aləmdə bu xariqə kitabları oxuya bilmək, idrak ilə həzm edə bilmək və ehtivasına görə yaşaya bilməkdir...

       Oxumaq insanın özünü görməsinə deyil, özünü bilməsinə, tanımasına vəsilə olmalıdır. İnsan özünü görərsə, lovğa və özündənrazı olar. Özünü bilərsə, təvazökar olar. İnsanın özünü tanıması Rəbbini tanımasının ən mühüm və ilk addımıdır. İnsanlığın bütün sirri və həyatda xoşbəxt olmağın həqiqəti “Özünü bilən Rəbbini bilər” cümləsində gizlidir.

      Yunus Əmrə bunu necə də gözəl ifadə edir:

      “Elm elm bilməkdir,

      Elm kəndin bilməkdir.

      Sən kəndini bilməzsən,

      Ya necə oxumaqdır”.

      Oxumaq insanı və dünyanı tanımağa və anlamağa atılan ən mühüm addımdır. Oxuyan insan insanlararası münasibətdən beynəlxalq hadisələrə qədər hər cür məsələni, dünyada baş verənləri lazımi şəkildə həll edə bilər.

      Oxumaq dərd sahibi olmağı tələb edir. Oxumaq könül coğrafiyamızda axan qan və göz yaşlarının səbəbini, acı və kədərlərin səbəbini anlamamıza səbəb olar. Oxumaq bu dərdi qəlbimizdə hiss etdirər.

      Oxumaq gözəl bir fəaliyyət olmaqla bərabər, bilik və həqiqətin yeganə qaynağı deyil. Elm irfana çevrilərsə, bir məna kəsb edər. Əks təqdirdə həkim yerinə qəssab, hüquqçu yerinə cəllad da yetişdirə bilərik. Meydana “çox oxumuş biri olmalısan ki, bu qədər cahilsən” sözünü haqlı çıxaracaq insan modelləri çıxa bilər. Oxuyan insanlar işlədikləri mənfi davranışlarla toplumun qəlbində özünə yer edə bilmirsə, hətta yaşadığı topluma zərər verirsə “oxumaq cəhaləti alar, amma eşşəklik baqi qalar” sözünə tuş gələ bilər.

      Bir kəndlinin ipə-sapa yatmaz bir oğlu varmış. Tez-tez oğluna “səndən adam olmaz”, - deyirmiş. Uşaq böyümüş, oxuyub vali olmuş. Polislərə atasını yaxalayıb otağına gətirməyi əmr edən oğul: “Sən mənə adam olmazsan deyirdin, amma mən vali oldum”, - deyir. Atası bu söz üzərinə: “Vali olmusan, düzdür, amma adam ola bilməmisən. Adam olsaydın, atanı ayağına gətirtməzdin”, - cavabını verir. 

      Məktəb müdirlərindən biri hər təhsil ilinin başında müəllimlərə belə bir məktub göndərirmiş:

      “Nasistlərin əsir düşərgələrindən sağ çıxanlardan biri də mənəm. Gözlərimlə heç bir insanın görməməli olduğu şeylərə şahidlik etdim. Yaxşı oxumuş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş həkimlərin zəhərlədiyi uşaqlar, işinin ustası olan tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, ali məktəb məzunlarının vurub öldürdüyü, yandırdığı insanlar… Bu səbəblə təhsildən qorxuram. Sizdən istəyim budur: Şagirdlərinizin insan olmasına çalışın. Çalışmalarınız nəticəsində elmli canavarlar və bacarıqlı vəhşilər yetişməsin. Oxuyub-yazmaq, riyaziyyat yalnız uşaqlarınızın daha yaxşı insan olmasına yardım edəcəksə, əhəmiyyət daşıyır”.

      Oxumağın ən böyük qayəsi özümüzü tanımaq, paklaşdırmaq və nöqsanlarımızı təmizləmək olmalıdır. Ruhumuz oxuduqlarımızla çağın gündəlik təlaşlarından və kirlərindən təmizlənməli, paklaşmalıdır. Oxuduqlarımızla dərin və irfani bir anlayışa sahib ola bilmiriksə, sadəcə elmin dayaz sahilində qalmış sayılarıq. Oxumaq bir addım atmaq, “adam olmaq” isə uzun bir yoldur. Doğru yolu seçmə eşqinə düşməyənlərə kompas da doğru yolu göstərməz.

       

       

      • Hits: 56 clicks

      Tecox component by www.teglo.info